Düşmənçiliyin başqa adı olmur ki? - Millət vəkili SƏRT DANIŞDI
Bizi izləyin

Sosial

Düşmənçiliyin başqa adı olmur ki? - Millət vəkili SƏRT DANIŞDI

Bu günlərdə respublikada məktəblərin bəzilərində 23 fevral Sovet ordusunun yaranma günü qeyd edilib. Sosial şəbəkələrdə yayılan məlumatlardan aydın olur ki, hazırlıq qruplarından yuxarı sinif şagirdlərinə qədər bir çox siniflərdə qızlar oğlanları Sovet ordusunun yaranma günü münasibətilə təbrik edib, hədiyyələr alıblar.

Müstəqil Azərbaycanın öz Ordu günü olduğu halda, məktəblərdə 23 fevralın bayram kimi qeyd olunması hansı ehtiyacdan yarana bilər? Üstəlik, bu günü qeyd edən məktəblilər müstəqillikdən sonra dünyaya gəliblər. Sovet dövründə yaranmış ənənənəni necə yaşada bilərlər?

Təbii ki, bu məsələdə onların valideynləri, müəllimlərinin rolu danılmazdır.

23 fevralın qeyd edildiyi bildirilən məktəblərdən biri 260 saylı məktəbin direktoru Qiyas Quliyev bu barədə məlumatsız olduğunu dedi:

“Ola bilər qeyd edilsin, ola bilər edilməsin. Biz bu gün qəbul etmirik. Amma hər hansı sinifdə bu günün qeyd edilməsi barədə məndə heç bir məlumat yoxdur. Mən direktoram, hər sinifdəki hadisəni bilə bilmərəm ki. Əgər belə bir hal yaşanıbsa, qarşısı alınacaq”.

Artıq bayram qeyd edilib, hədiyyələr veriləndən sonra direktor nəyin qarşısını almaq istəyir, görəsən?

Millət vəkili Fazil Mustafa Publika.az-a açıqlamasında bildirib ki, məktəblərdə bu bayramın qeyd edilməsi təxribatda iştirak kimi qiymətləndirilməlidir.

“Əgər Rusiya ordusunun yaranma günü qeyd edirlərsə, o zaman Ermənistan, İranın da ordu günü qeyd edilsin. Çünki bizim üçün nə fərqi var Ermənistan, Rusiya, İran və ya başqa bir ölkənin ordu günüdür. Bu, birbaşa dövlətə qarşı mənəvi təxribatdır və bu təxribatda kim cahillikdən, nadanlıqdan iştirak edirsə, onların adı açıqlanmalıdır. Bu adamlar Azərbaycan dövlətinin varlığına münasibətdə laqeyddirlər. Onlara qarşı ən azı ictimai qınaq olmalıdır. Çünki biz həmin tarixdən bir ay əvvəl Sovet ordusunun 20 Yanvarda, 3 gün sonra isə ermənilərin 366-cı alayın köməyi ilə Xocalıda soyqırımı törətməsini qeyd edirik. Bu iki hadisənin fonunda biz 23 fevralı bayram kimi qeyd edib hədiyyə veririk ki, yaxşı ki bu ordu yaranıb və bizi məhv edib. Düşmənçiliyin başqa adı olmur ki? Ona görə də məsələyə ciddi yanaşılmalıdır. Təhsil Nazirliyi əvvəldən xəbərdarlıq yaymalı, valideynlərə müraciət etməlidirlər ki, bu səviyyəsiz, absurd bayramın keçirilməsində iştirakçı olmasınlar. Azərbaycan ordusunun yaranma gününün dəyəri yoxdursa, gedin Ermənistan ordusunun yaranma günün qeyd edin. Sizin qürurunuz, şərəfiniz hardadır? Azərbaycandakı repressiyalarda, faciələrdə, müstəqil Cümhuriyyətin devrilməsində bu ordunun əli olub”.

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, azyaşlılar arasında bu günün təbliğatı ciddi fəsadlara səbəb ola bilər:

“Hər tədris ili başlamamışdan əvvəl məktəblərdə qeyd ediləcək bayramların siyahısı təqdim edilir. Təəssüf ki, bəzi məktəblərdə bir zamanlar ölkəmizdə qeyd edilmiş, ya da Avropadan götürülən bəzi bayramlar məktəblərdə təbliğ edilir. Yaranma tarixi qeyd edilən Sovet ordusunun tərkibində bizim babalarımız da iştirak edib. Lakin indi Azərbaycan müstəqildir, bizim öz ordu günümüz var. Bununla yanaşı Milli Qəhrəmanlarımızın doğum günlərini də qeyd edə bilərik. Üstəlik, qanunun tələblərinə görə milli, etnik, dini zəmində, tariximizə ləkə salan günlər orta ümumtəhsil məktəblərində qeyd edilməməlidir. Orta ümumtəhsil müəssisələrində 23 fevral tarixinin qeyd edilməsi yolverilməzdir. Azyaşlılar arasında bu günün təbliğatı ciddi fəsadlara səbəb olar. Təhsil proqramına görə ibtidai siniflərdə milli, etnik, tarixi bayramların qeyd edilməsi yolverilməzdir. Təhsil Nazirliyi həmin məktəb rəhbərliyinə ciddi xəbərdarlıq etməlidir. Bizim kifayət qədər tarixi günlərimiz var. Orta ümumtəhsil məktəblərində 23 fevralda, 8 martda hədiyyə alınması və ya verilməsi yolverilməzdir. 70 il bu bayramı qeyd etmişik, lakin SSRİ-nin tabeliyindən çıxandan sonra Azərbaycanın özünün Milli ordu günü olub. Tarixi gündür deyə bu bayram qeyd edilməməlidir. Çünki Mannadan bu vaxta qədər Azərbaycan tarixində bir çox əlamətdar hadisələr olub. Onların hamısı qeyd edilməlidir? Bu gün məktəblərdə qeyd edilirsə, bu direktorların düzgün rəhbərlik etmədiiyindən xəbər verir”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm