“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin mart sayı çapdan çıxdı
Bizi izləyin

Sosial

“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin mart sayı çapdan çıxdı

Mart ayı mədəni irs və milli ruhumuzun bayramı olan Novruzun – baharın gəlişi, təbiətin yenilənməsi, mövsümün dəyişməsi ilə yanaşı, həm də söz-sənət bayramları ilə zəngindir. 10 mart (1873) – Azərbaycan milli peşəkar teatrının yarandığı gün, 21 mart Dünya poeziya günü, 27 mart Dünya teatr günüdür. Buraya 8 martı – xanımların bayramını da əlavə etsək, bu ayın mədəniyyət tədbirləri, incəsənət layihələri, tamaşa və film nümayişləri, musiqi axşamları və sərgilər üçün nə qədər əlamətdar olduğunu görərik...

“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin yeni çapdan çıxan mart ayı buraxılışı da bu baxımdan xüsusilə zəngindir. Paytaxtın teatr və konsert müəssisləri, kino zalı və sərgi salonları, qarşıdakı Novruz bayramı günlərini də nəzərə alaraq, şəhər sakinləri və qonaqların mədəni və mənalı istirahəti üçün geniş repertuar, rəngarəng tədbirlər hazırlayıb.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq nəşr olunan və pulsuz yayılan “Afişa” əlavəsinin mart sayında Akademik Milli Dram, Akademik Opera və Balet, Musiqili, Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarında göstəriləcək tamaşalar, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Beynəlxalq Muğam Mərkəzi və Dövlət Mahnı Teatrında təqdim olunacaq konsertlər, Bakı Dövlət Sirkinin yeni proqramı, eləcə də böyük ekrana çıxan yeni filmlər, qalereya və sənət mərkəzlərindəki sərgilər barədə ətraflı məlumat almaq mümkündür. Nəşrdə teatrlardakı tamaşaların nümayiş günü və saatı ilə bərabər, ayrı-ayrı səhnə əsərlərinin mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, sərgilər, konsertlər, filmlər barədə anons-informasiyalar da verilib.

Mart ayı qan yaddaşımıza xalqımızın 1918-ci ildə yaşadığı acı tarixlə də həkk olunub. Teatrların repertuarında 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı təqdim ediləcək tamaşalar da “Afişa”da ayrıca qeyd olunub.

Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs öz zövqünə, maraq dairəsinə uyğun mədəni istirahət məkanı, istədiyi günə, saata uyğun tamaşa, konsert, film, sərgi seçərək vaxtını səmərəli dəyərləndirə bilər.

“Mədəniyyət+Afişa” nəşri Mədəniyyət Nazirliyinin və “ASAN Xidmət”in dəstəyi ilə paytaxtın müxtəlif məkanlarında yayılır. Mart buraxılışı fevralın 27-dən etibarən Bakıdakı “ASAN Xidmət” mərkəzlərində sakinlərə təqdim olunur. “ASAN Xidmət”in əməkdaşları vətəndaşlara nəşr haqqında məlumat verirlər.

1 saylı “ASAN Xidmət” mərkəzinə gəlmiş Leyla Quliyeva deyir ki, belə bir nəşrin hazırlanması olduqca maraqlıdır: “Paytaxtdakı mədəniyyət müəssisələrində təşkil olunan tədbirlər haqqında aylıq afişanın çap olunmasını çox təqdir edirik. Burada dərc olunan məlumatlar, xüsusilə teatrların aylıq repertuarı insanlara mədəni istirahət seçimində çox gərəkli olar”.

Mərkəzə gələn vətəndaşlardan biri də Sevda Vəliyevadır. O, “Afişa”nın yeni buraxılışı ilə tanış olduqdan sonra bildirir ki, mart ayında Novruz bayramı ilə əlaqədar təxminən bir həftə istirahət imkanı olacaq: “Biz də ailə üzvlərimizlə burada qeyd olunan tamaşalara, konsertlərə getməyə çalışacağıq”.

Vasif Ağayev də Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən layihənin əhəmiyyətli olduğunu deyir. Bildirir ki, belə layihələr hər zaman insanlarda diqqət oyadır: “Yaxşı haldır ki, “Afişa” da şəhərimizin mədəni həyatı geniş əksini tapıb. İnsanlar hər zaman bu nəşrdən faydalana biləcəklər”.

Qeyd edək ki, “Afişa”nın mart sayını həmçinin paytaxtın teatrlarında, digər mədəniyyət ocaqlarında pulsuz əldə etmək olar. Nəşrin məqsədi Bakı sakinlərini, eləcə də şəhərə gələn qonaqları mədəniyyət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin daha dolğun təşkili üçün bu müəssisələrin fəaliyyətinə informasiya dəstəyi verməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm