Regional mədəniyyət idarələrinin məsul şəxsləri üçün təlim keçirildi
Bizi izləyin

Sosial

Regional mədəniyyət idarələrinin məsul şəxsləri üçün təlim keçirildi

Fevralın 28-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin informasiya məsələləri üzrə məsul şəxsləri üçün ictimaiyyətlə əlaqələr sahəsində peşəkarlığın artırılması və mətbuatla işin təkmilləşdirilməsi məqsədilə təlim-kurs keçirilib.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova tədbirin Nazirlik və regional mədəniyyət idarələri arasında mətbuatla iş sahəsində məlumat mübadiləsinin sürətləndirilməsi, operativliyin və səmərəliliyin artırılması məqsədilə təşkil olunduğunu qeyd etdi. Bildirdi ki, təlim regional idarələrin ictimaiyyətlə əlaqələrinin, mətbuatla işinin müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədi daşıyır. Həmçinin tədbirlərin KİV-də operativ şəkildə işıqlandırılmasının vacibliyini diqqətə çatdırdı.

Təlimdə çıxış edən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev ölkəmizdə mədəniyyət sahəsinin idarə olunması istiqamətində Mədəniyyət Nazirliyinin həyata keçirdiyi tədbirləri qeyd etdi. Bildirdi ki, nazirlik tərəfindən regionlarda çalışan əməkdaşların müxtəlif səhələrdə bilik və bacarıqlarının artırılması üçün daima öz səylərini gücləndirir, treninqlər, kurslar, seminarlar təşkil edilir.

A.Usubəliyev regional idarələrin saytlarının və sosial şəbəkələrdəki səhifələrinin idarə olunmasına həsr olunmuş tədbirin əhəmiyyətini vurğuladı: “Keçirilən tədbirlərin, təşkil olunan konsertlərin KİV, eləcə də sosial şəbəkələr vasitəsilə daha çox insana çatdırılması olduqca vacibdir. Bunun üçün mədəniyyət sahəsində çalışan əməkdaşlar, xüsusilə bu sahəyə məsul olan şəxslər daha ciddi səylə çalışmalıdırlar”.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Məhəmməd Həmzəyev regional mədəniyyət idarələrinin ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsi, idarələrin fəaliyyətinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, təşkil olunan tədbirlər barədə press-relizlər və məlumat bülletenlərinin daha peşəkar səviyyədə hazırlanmasını təmin etmək məqsədilə bu kimi təlim-kursların təşkil olunmasının əhəmiyyətini vurğuladı. M.Həmzəyev hazırlanan xəbərin təşkil olunan tədbirin mövzusunu əhatə etməsi, yazı üslubu, faktlara diqqətlə yanaşılması, məlumatın konkretliyi, fotoların seçilməsi və digər bu kimi məsələlərə toxundu.

İlk olaraq Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə “Mədəniyyətin təbliğində müasir texnologiyalar” mövzusunda çıxış etdi. Daha sonra Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları Ceyhun Əhmədov “Məlumatların yayılması effektivliyinin təmin olunması məqsədilə sosial şəbəkələrin monitorinqinin aparılması”, Pərvanə Hüseynova “Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələrin idarə edilməsi” və Nurəddin Babazadə “Sosial şəbəkələrdə məlumatların paylaşılma siyasəti” mövzularında çıxışlar edərək bu sahədə işin daha effektiv aparılması üçün diqqət edilməli olan məqamları qeyd etdilər.

Daha sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırıldı, mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, regional mədəniyyət idarələrin KİV-lə münasibətlərinin, ictimaiyyətlə əlaqələrinin, onların saytları və sosial şəbəkələrdəki səhifələrinin idarə olunmasını da əhatə edəcək kurs iki gün davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm