Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub - VİDEO
Bizi izləyin

Sosial

Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub - VİDEO

Mədəniyyət naziri Əbülfəs Qarayev martın 17-də “Xəzər” Televiziyasında “Gündəm” proqramının qonağı olub. Proqramda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşü, eləcə də son illərdə mədəniyyət sahəsində aparılan islahatlar müzakirə olunub.

Nazir bildirib ki, Azərbaycan mədəniyyətinin bir sıra problemlərinin qaldırıldığı həmin görüş cəmiyyət tərəfindən xüsusi maraqla qarşılanıb geniş ictimai müzakirələrə səbəb olub. Görüşdə Azərbaycan mədəniyyətinin müxtəlif sahələri ilə bağlı fikirlər səsləndirilib, təkliflər irəli sürülüb. Qaldırılan bütün məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlər operativ həlli məqsədilə işlərə başlanılıb.

Qeyd olunub ki, mədəniyyət və incəsənət xadimləri ilə görüşdən sonra Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” və “Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamlar dövlət başçısının mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Teatr və konsert müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, bu müəssisələrdə çalışan işçilərin əməkhaqqının artırılması istiqamətində atılan addımlar dövlətin mədəniyyətin inkişafında maraqlı olmasının sübutudur.

Nazir dövlət başçısı ilə görüşdə səsləndirilən məsələlərdən - Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə heykəllərinin ucaldılması istiqamətində müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.

Bildirib ki, ötən illər ərzində birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunmasına, tanıdılması istiqamətində böyük işlər görülüb. Məhz Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə dünyanın aparıcı təşkilatları, o cümlədən UNESCO ilə sıx əməkdaşlıq əlaqələri qurulub. Bu da öz növbəsində çoxəsrlik mədəni mirasımızın bir sıra nümunələri bu mötəbər təşkilatın müxtəlif siyahılarına salınaraq bəşəri status qazanıb.

Əbülfəs Qarayev teleproqramda ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən islahatlar, qarşıda duran vəzifələrdən də söz açıb. Qeyd edib ki, ölkə başçısının mədəniyyət sahəsinin inkişafını xüsusi diqqətdə saxlayır və bu sahədə həyata keçirilən işlərin sistemli şəkildə aparılması qarşıya məqsəd qoyulub. Bir neçə ildir mədəniyyət sahəsində həyata keçirilən sistemli islahatlar bunu bir daha sübut edir. Mədəniyyət Nazirliyində islahatların davam etdirildiyini vurğulayan nazir bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il martın 29-da imzaladığı sərəncama uyğun olaraq Bakı şəhəri üzrə baş idarəsi və 15 regional mədəniyyət idarəsi yaradılıb. Ölkə başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli fərmanına uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin bu il yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanın əhəmiyyətinə də toxunub. Bildirib ki, bu fərman ölkəmizdə mədəniyyət sahəsinin müasir tələblərə uyğun inkişafının təmin edilməsi baxımından müstəsna önəm kəsb edir. Bu sənəd mədəniyyət sahəsində müasir sistemin qurulmasına, qabaqcıl dünya təcrübəsindən yararlanmağa, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsinə, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir çağırışlara cavab verəcək səviyyədə təşkilinə şərait yaradacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm