Gömrük laboratoriyalarının potensialı ilə bağlı seminar keçirilir - FOTO
Bizi izləyin

Sosial

Gömrük laboratoriyalarının potensialı ilə bağlı seminar keçirilir - FOTO

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün “Azərbaycanda gömrük laboratoriyalarının potensialının artırılması” mövzusunda seminar başlayıb.

DGK-dən Publika.az-a verilən məlumata görə, tədbirdə əsas məqsəd Yaponiya və Azərbaycan gömrük laboratoriyaları arasında nəzəri biliklər və təcrübə mübadiləsi platformasının yaradılması, xüsusi analizlərin keçirilməsində müasir biliklərə yiyələnməkdir.

Seminarın açılışında çıxış edən Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, Azərbaycanla Yaponiya arasında bütün sahələrdə səmərəli və işqüzar əlaqələr mövcuddur, xüsusilə də gömrük işinin təşkili istiqamətində əməkdaşlıq günü-gündən genişlənir. Komitə sədrinin müavini Azərbaycan gömrük orqanları tərəfindən son illər ərzində gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində görülən işlər, gömrük laboratoriyalarında müasir texnologiya və qabaqcıl təcrübələrin tətbiqi barədə də məlumat verib.

Bildirilib ki, dünyanın aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlarla təchiz edilən DGK-nin Mərkəzi Gömrük Ekspertizası İdarəsi öz işini müasir standartlara uyğun şəkildə qurub.

Burada dərman vasitələrinin, psixotrop, ozondağıdıcı, naməlum maddələrin, narkotik vasitələrin, texnoloji avadanlıqların ekspertizası və digər əməliyyatlar həyata keçirilir. Seminarın gömrük laboratoriyalarının potensialının gücləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edən C.Qasımov qeyd edib ki, seminarda aparılan müzakirələr hər iki tərəf üçün faydalı olacaq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin, təcrübə mübadiləsinin gücləndirilməsinə imkan yaradacaq.

Yaponiya Gömrük Xidmətinin ekspertləri - Takahiro Takahaşi, Yasinori Tanaka tədbirin təşkilində göstərdiyi dəstəyə görə Dövlət Gömrük Komitəsinə təşəkkürlərini ifadə edərək seminar zamanı müzakirə ediləcək məsələlər və nümayiş olunacaq təqdimatlar barədə məlumat veriblər.

Qeyd edilib ki, seminar iştirakçılarının əldə edəcəyi bilik və bacarıqlar gələcəkdə Azərbaycan gömrük laboratoriyasının işinin keyfiyyətini daha da yüksəldəcək.

Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Təyyar İbrahimov isə Mərkəzi Gömrük Labaratoriyası barədə məlumat verib, seminarın uğurla və məhsuldar keçiriləcəyinə əminliyini bildirib.

Daha sonra seminar başlayıb.

Seminarda “Yaponiya Gömrük Laboratoriyasının fəaliyyəti və infrastrukturu”, “Yaponiya Gömrük Laboratoriyasının HS təsnifat təhlili ehtiyaclarına töhfəsi” və digər mövzulara toxunulub, iştirakçıların sualları ətrafında fikir mübadiləsi aparılıb.

Seminar martın 28-də başa çatacaq.

Sabah seminarda “Konkret hallar üzrə nümunənin təhlili”, “Konkret hallar üzrə nümunələrin araşdırılması və inkişafı: Yaponiya Gömrük Laboratoriyasının üzləşdiyi çətinliklər daxil olmaqla kimyəvi materialların təhlili” adlı təqdimatlar keçiriləcək.

Seminar çərçivəsində Mərkəzi Gömrük Ekspertiza İdarəsinə tanışlıq səfəri də nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm