Mədəniyyət Nazirliyi Gəncədə müşavirə keçirdi - FOTO
Bizi izləyin

Sosial

Mədəniyyət Nazirliyi Gəncədə müşavirə keçirdi - FOTO

Gəncədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 15 yanvar tarixli Fərmanından irəli gələn vəzifələrin izah olunması, beynəlxalq təcrübə əsasında müəssisələrin idarə olunmasında müasir üsulların formaları və innovativ idarəçilik metodlarının bölgələrdə tətbiqi məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Məhsəti Gəncəvi Mərkəzində keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, nazirliyin rəsmiləri, regional mədəniyyət idarələrinin rəisləri, kitabxanaların, incəsənət və musiqi məktəblərinin direktorları, həmçinin ayrı-ayrı mədəniyyət müəssisələrinin, bədii və özfəaliyyət kollektivlərinin rəhbərləri iştirak ediblər.

Tədbiri açan mədəniyyət nazirinin müavini Rafiq Bayramov Fərmandan irəli gələn vəzifələr, eyni zamanda, qarşıya qoyulmuş tapşırıqların icrası üçün görüləcək işlərlə bağlı müşavirə iştirakçılarına məlumat verib.

Bildirilib ki, müşavirənin keçirilməsində məqsəd regionlarda mədəniyyət sahəsində çalışan mütəxəssislərin inkişaf perspektivləri ilə bağlı fikirlərini öyrənmək, mədəniyyət nümayəndələri tərəfindən səsləndirilən təklifləri qeydə almaq və sonda ümumi təkliflər paketi hazırlamaqdır.

Aparat rəhbərinin müavini, Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov gələcək illərdə dövlətin mədəniyyət siyasətinin formalaşdırılması üçün müvafiq fərmanın icrasından irəli gələn vəzifələrin zəruriliyindən danışıb.

Qeyd olunub ki, qarşıdakı illərdə Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi, bir çox mədəniyyət müəssisələrinin optimallaşdırılması, həmin müəssisələrdə fəaliyyətin daha səmərəli və müasir metodlarla qurulması üçün bir çox ölkələrin, xüsusən MDB, Baltikyanı və Avropa ölkələrinin bu sahədəki təcrübələri öyrənilib. İlk olaraq normativ-hüquqi bazanın formalaşdırılması, mədəniyyət müəssisələrinin strukturunun təşkili, idarəetmə və nəzarət mexanizminin qurulması, büdcə və qeyri-büdcə müəssisələrinin maliyyələşdirilməsi imkanları araşdırılıb.

Bölgələrin mövcud etnik, mədəni müxtəlifliyinin nümayişi və dünyada tanıdılması üçün ayrı-ayrı festivalların, sərgilərin, təqdimatların və konsertlərin vacib olduğunu deyən Namiq Qulamov bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsindən danışıb.

Aparat rəhbərinin müavini folklor və özfəaliyyət kollektivlərinin yaradılmasında, festivalların, sərgilərin, təqdimatların konsertlərin təşkilində, eləcə də müəssisələr tərəfindən ödənişli mədəni xidmətlərin göstərilməsində, sifarişlərin qəbulunda dünya təcrübəsindən söz açıb, menecment işinin və marketinq siyasətinin düzgün qurulmasının vacibliyini qeyd edib.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev “Sınanılmış təcrübə və qaçılmaz yeniliklər” mövzusunda təqdimatla çıxış edib.

Müşavirədə bölgələrdə mədəniyyət sahəsində fəaliyyət göstərən bir çox kadrlar arasında yeni peşə təfəkkürünün formalaşdırılması, qazanılmış təcrübənin yeni istiqamətdə təqdimatı üçün görüləcək işlər qeyd olunub.

Bildirilib ki, bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən 70-dən çox müxtəlif sahəni və mövzuları əhatə edən metodik vəsait hazırlanıb. Mədəniyyət müəssisələrində işləyən kadrların peşə bilik və səriştələrinin artırılması üçün ixtisasartırma təlimlərinin keçirilməsi nəzərdə tutulub. Həmçinin gənc mədəniyyət işçiləri ilə iş - kreativ layihələrin hazırlanması, təqdimatı və reallaşdırılması, könüllülərlə iş, mədəniyyət müəssisələrinin yaradıcı sənaye potensialının təşviqi gələcəkdə görüləcək işlərdəndir.

Asif Usubəliyev mədəniyyət müəssisələrinin sosial statusunun formalaşdırılması üçün peşəkarlığın, müasir xidmətlərin və həmin müəssisələrin imicinin yaradılmasının zəruriliyindən də danışıb.

Regional siyasət şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunun müdiri Lalə Kərimova çıxışında peşəyönümlü incəsənət təhsili və böyüməkdə olan nəslin kütləvi surətdə incəsənətin müxtəlif sahələri üzrə yaradıcılığa cəlb edilməsinin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edilib ki, Mədəniyyət Nazirliyi sistemində 211 bədii təhsil müəssisəsi, o cümlədən Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzi, Gədəbəy Aşıq Məktəbi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, 158 uşaq musiqi məktəbi, 47 uşaq incəsənət və 2 uşaq rəssamlıq məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə 36 ixtisas üzrə 59100 şagird təhsil alır.

Sonra Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədovun məruzəsi dinlənilib.

Sonda mövzular ətrafında müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm