DGK-nın Akademiyasında seminar keçirildi - FOTO
Bizi izləyin

Sosial

DGK-nın Akademiyasında seminar keçirildi - FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi, “İnvest-AZ İnvestisiya Şirkəti” QSC və Akademiyanın birgə təşkil etdiyi “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov Dövlət Gömrük Komitəsinin Akademiyasının qeyri-hökumət təşkilatları ilə, ictimai təşkilatlarda maarifləndirmə, bu və ya digər sahədə peşəkarlığın artırılması ilə bağlı fəaliyyət göstərən bütün qurumlarla əməkdaşlığa açıq olduğunu bildirib. Qulu Novruzov sözügedən qurumlarla qarşılıqlı fayda doğura biləcək sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın bazar iqtisadiyyatı şəraitində inkişaf edən, qeyri-neft sektorunun inkişafını xüsusi prioritet seçən, gələcək perspektivlər üçün çox fərqli biznes sektorlarının inkişafında maraqlı ölkə olduğunu diqqətə çatdırıb.

Akademiya rəisi təhsil alan hər bir Azərbaycan gəncinin ölkəmizin iqtisadi həyatına töhfə vermək, Azərbaycanda əhalinin rifah halının yaxşılaşması üçün xidmət göstərmək üçün müasir rəqabət dünyasında bacarıq və biliklərə sahib olmasının vacibliyini qeyd edib. Akademiyada tələbələr üçün yaradılan fürsətlərdən yararlanmağı tövsiyə edərək, seminarın işinə uğurlar arzulayıb və hər iki qurumla əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.

“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin baş mütəxəssisi Əli Hüseynli və İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris üzrə meneceri Rövşən Məmmədov seminarın keçirilməsi ilə bağlı müraciətə müsbət münasibət göstərdiyinə görə Akademiya rəhbərliyinə təşəkkür ediblər.

Əli Hüseynli “Azərbaycan Maliyyə bazarları haqqında”, Rövşən Məmmədov “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda təqdimatla çıxış ediblər.

Seminarda tələbələrə ümumilikdə maliyyə bazarları, o cümlədən birjanın növləri, iştirakçıları, birjada ticarətin motivləri haqqında məlumat verilib. Bununla yanaşı, maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanı, marjinal ticarət, kredit çiyni, metatrader 4 proqram təminatı, analitik təhlil üsulları barədə danışılıb.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi və müzakirə aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm