“Mədəniyyət.az” jurnalı oxucularla görüşə gəldi
Bizi izləyin

Sosial

“Mədəniyyət.az” jurnalı oxucularla görüşə gəldi

Dəyərli oxucular ilk səhifələrdən xalqımıza qarşı törədilən işğal və soyqırımı faktları, eləcə də dövlət rəhbərliyinin apardığı siyasət nəticəsində bunların bütün dünyada tanıdılması barədə yazı ilə tanış ola bilərlər.

“Azərbaycan Cümhuriyyəti-100” rubrikasında isə böyük azadlıq mücahidi, vətənpərvər və publisist Ceyhun Hacıbəylinin həyat-fəaliyyətinə dair maraqlı faktlar ilk dəfə açıqlanır.

Eyni zamanda cənab prezidentin bütün Azərbaycan xalqını, xüsusən də söz, fikir xiridarlarını sevindirən sərəncamlarından biri - 2019-cu ilin Nəsimi ili elan olunması və ölkə ziyalılarının əlamətdar hadisə ilə bağlı fikirləri təqdim edilir.

Daha sonra dahi Mirzə Cəlilin yenə də dövlətimizin başçısının sərəncamı ilə qeyd olunacaq yubileyi ilə bağlı yazçının ölməz irsi araşdırılır, “Sizi deyib gəlmişəm” müraciətinin mahiyyəti araşdırılır.

Ədəbi-mədəni əlaqələr kontekstində qardaş özbək xalqının böyük oğlu, 100 illik yubileyi qeyd olunan Maqsud Şeyxzadə ehtiramla anılır, haqqında Nəim Kərimovun qələmə aldığı romandan söhbət açılır.

Kitabxanalarımızı zənginləşdirən Mir Cəlal yaradıcılığı bir daha nəzərdən keçirilir, əsərlərinin son nəşrlərindən xəbərdar oluruq.

“Ədəbiyyat” bölümündə həm də “Molla Nəsrəddin” məktəbinin tanınmış nümayəndəsi Əli Nəzmi və XX əsrin 50-60-cı illərində Amerikada Azərbaycan ədəbiyyatı üzrə elmi ad alan ilk tədqiqatçımız Səkinə Birincianın əziz xatirəsinə həsr olunmuş məqalələr yer alıb.

Görkəmli alim, nəcib insan Arif Quliyev barədə ədəbiyyatçı həmkarı professor Asif Rüstəmlinin sevə-sevə qələmə aldığı qeydləri “Portret” rubrikasında oxumaq mümkündür.

Bu sayda kamanşa ustası, Əməkdar incəsənət xadimi Arif Əsədullayevin musiqidən əlavə, elmi-pedaqoji fəaliyyəti incələnir, hazırladığı dərs vəsaitlərinin əhəmiyyətindən danışılır.

Teatr bu dəfə bir tərcümə materialı ilə dil açır – məşhur fransız aktyoru və rejissoru Jan-Lui Barronun “Teatr haqqında düşüncələr” kitabından fraqmentlərin oxucularda maraq doğuracağı şübhəsizdir.

“Rəngkarlıq” rubrikasında Naxçıvan rəssamlıq məktəbinin yetirməsi olan gənc istedad Fizzə Quliyevanın rəng dünyasından bəhs olunur.

Folklorumuz Qusarda yaşayan dəyərli oxucumuz Həsən Xasıyevin qələmi ilə danışır, Qarayev konsertlərinin əks-sədasını eşidirik, bizdən yazılan yazıların, vətəndən uzadqa olsalar da ürəkləri bizimlə döyünən soydaşlarımızın uğur sorağı gəlir jurnalın son səhifələrindən...

Ənənəvi “Elm” rubrikası isə yenə də gənc və müqtədir alimlərimizin, tədqiqatçılarımızın məqalələri ilə zəngindir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm