Prezident sərt tənqid etdi, "Azəriqaz" HƏRƏKƏTƏ KEÇDİ
Bizi izləyin

Sosial

Prezident sərt tənqid etdi, "Azəriqaz" HƏRƏKƏTƏ KEÇDİ

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində bir sıra məqamlara toxundu. Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı oldu. Belə ki, İlham Əliyev “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə son qoyulması çağırışını etdi.

“Mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev Publika.az-a açıqlamasında müvafiq tapşırığa əsasən, qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı addımlar atılacağını deyib:

“Ölkə başçısının tapşırıqlarına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçılara göstərilən xidmət keyfiyyətinin, vətəndaş məmnunluğunun artırılması istiqamətində tədbirlər planı hazırlanır. İldən-ilə bu tədbirlərin istiqaməti genişləndirilir, yeniliklər tətbiq edilir.

Vətəndaşların təbii qazla təminatı ilə bağlı müraciətlərinin araşdırılması və operativ həll edilməsi üçün Energetika Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyi, Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Bununla bağlı ötən ayın sonunda İşçi qrupu yaradılıb. Müvafiq müraciətlər üzrə təhlillərin aparılması üçün tədbirlər görülür. Daxil olan müraciətlər araşdırılır, təhlil edilir və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu proses daha da təkmilləşdiriləcək. Müraciətlər həm 104 Çağrı Mərkəzinə edilir, həm də elektron poçt ünvanına göndərilir, mövzular isə müxtəlifdir. Təhlillər hazırda da davam etdirilir, lakin müraciətlərin sayı respublika üzrə çox deyil”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm