Sağlam nəsil güclü dövlətin sütunudur - ARAŞDIRMA
Bizi izləyin

Sosial

Sağlam nəsil güclü dövlətin sütunudur - ARAŞDIRMA

2015-ci ilin 1 iyun tarixindən etibarən Azərbaycanda nikaha daxil olan cütlüklərin tibbi müayinəsi həyata keçirilir. Son 4 ildə ölkə üzrə onminlərlə insan bu müayinələrdən keçib ki, qohum evliliklərinin çox olduğu ölkəmizdə bu həyati əhəmiyyətlidir. Səhiyyə nazirliyinin və dövlət xəstəxanalarının vaxtaşırı olaraq nikaha daxil olmaq üçün arayış alan şəxslərin müayinəsi zamanı üzə çıxan xəstəliklərlə bağlı açıqladığı statistika və təhlükəli virus daşıyıcısı olan insanların müəyyənləşməsi də bu müayinələrin nə qədər vacib olduğunu göstərir.

Evlənmək istəyən minlərlə insanda təhlükəli virus aşkarlandı

Artıq Bakıda və ölkəmizin bütün rayonlarında nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçirilməsi prosesi həyata keçirilir və dövlət xəstəxanasından tələb olunan arayışı təqdim etməyən şəxslər nikaha daxil ola bilmirlər. Məsələn 2018-ci ildə Beyləqan rayonunda 1412 nəfər müayinə olunub. Həmin şəxslər rayon mərkəzi xəstəxanasında talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçirilib və ötən il aparılan müayinələr zamanı 17 nəfərdə talassemiya xəstəliyi aşkarlanıb. Nikaha daxil olmaq istəyən gənclər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılıblar. Bununla yanaşı, onlar xəstəxananın həkimləri tərəfindən tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər də alıblar.

Bu ilin may ayı ərzində isə ümumi ölkə üzrə nikaha daxil olmaq üçün 13062 nəfər müayinədən keçib.

Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, onlardan 382 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 4 şəxsdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4 olub".

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 555100 nəfərdə qan müayinəsi aparılıb: “19635 cütlükdən birində talassemiya daşıyıcılığı, 1789 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1789 nəfərdə sifilis, 500 nəfərdə HİV(QİÇS) qeydə alınıb".

Analizin nəticəsi həkim sirridir

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva deyir ki, nikahdan əvvəl icbari tibbi müayinə sağlam ailənin qarantı olan bir addımdır. Sağlam nəsil və sağlam gələcək yetişdirmək bu gün aktual məsələlərdəndir. G.Əliyevanın sözlərinə görə, icbari tibbi müayinə, əsasən də qanqohumluğu olan şəxslər üçün vacibdir. Çünki bəzi xəstəliklər var ki, genetik yolla, ana və ya atadan yoluxmaqla bir nəsildən digər nəslə ötürülür: “Valideynlər, evliliyə hazırlaşanlar unutmamalıdır ki, icbari tibbi müayinə onları gözlənilən təhlükədən qorumaq üçün aparılır. Öz övladının sağlamlığına və taleyinə laqeyd yanaşan insanı təsəvvür etmək çətindir. Övladlara qayğı onlar dünyaya gəldikdən sonra deyil, ailə planlaşdırılması mərhələsində başlamalıdır. Valideynlərin sağlamlığı onların gələcək övladlarının sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Sağlam və möhkəm ailənin yaradılması üçün nikaha daxil olan şəxslər bir-birinin sağlamlığı haqqında məlumatlı olmalıdırlar, əks halda, arzu¬olunmaz problemlər meydana çıxa bilər”.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə, xüsusən diyar xəstəliyi olan talassemiya və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən, Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı”, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” və “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması” təsdiq edilib. Qaydaya uyğun olaraq tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçirilir. Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər.

Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Ona görə də tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir. G.Poladov qeyd edib ki, qaydalara əsasən, nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yalnız yazılı razılıqlarına əsasən cütlüyə birlikdə həkim məsləhəti verilə bilər. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir. Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarət tibb müəssisəsinin bilavasitə rəhbəri tərəfindən həyata keçirilməlidir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır. Nikaha daxil olmaq istəyən şəxslərəƏdliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur.

Milli Məclisdə hepatit analizlərinin də siyahıya salınması təklif edilir

Hazırda Azərbaycanda nikahdan əvvəl həyata keçirilən tibbi müayinələrin sayının artırılması da gündəmdədir. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev bildirib ki, irsi, infeksion xəstəliklərin bir şəxsdən digərinə və ya valideyndən övlada ötürülməsinin qarşısını almaq üçün nikahdan öncə tibb müayinələrin keçirilməsi çox mühüm bir addım idi. M.Quliyev bildirib ki, komitənin sədr müavini Musa Quliyev deyib ki, hepatit B və hepatit C-nin də xəstəliklərin müayinəsi paketinə salınması üçün Ailə Məcələsinə dəyişiklik etmək lazımdır və müayinə olunan xəstəliklərin sayının artırılması məsələsi də gündəmdədir: "Ancaq ən aktual xəstəliklər önə çəkilməklə 5-ə qədər xəstəliyin müayinəsi qərara alındı. Müayinələr çox olanda həm insanların vaxtı çox gedir, həm də çox xərc tələb olunur. Müayinələrin çoxluğu insanları qorxuya da sala bilərdi. Amma tədricən siyahını artırmaq olar. İlk növbədə C qrup hepatitlərini və daha çox sosial xarakter daşıyan genetik xəstəlikləri üzə çıxarıb bu siyahıya daxil etmək olar. Ancaq mən düşünürəm ki, bunun əvəzinə daha çox maarifləndirmə işləri aparılmalıdır və aparılır da. Uşaqlar ilk doğulan dövrdə onların müayinələri aparılır, artıq elektron səhiyyə yaranıb, hər bir uşağın çip kartında xəstəliklərinin olub-olmadığı əks olunur. Bu imkan verəcək ki, nikahdan öncəyə qədər kimin hansı xəstəlik daşıyıcısı olub-olmaması aşkarlansın. Hesab edirəm ki, tibbi müayinələrin tətbiqinin iki ilinin tamamında bu işin monitorinqi aparılar və ən çox aktuallıq tələb edən daha bir neçə xəstəliyi bu siyahıya əlavə etmək olar. Ancaq siyahının həddən artıq genişləndirilməsi praktiki cəhətdən mümkün deyil və özünü doğrultmayacaq".

2015-ci ilin iyun ayından tətbiq edilən yeniliklər bu qərarın müsbət istiqamətdə dəyişikliklərə səbəb olduğunu göstərir. İndi isə nikahdan öncə gənclərin genetik analizinin aparılması, həmçinni psixoloji vəziyyətinin uyğunluğunun yoxlanılması məsələsi də gündəmə gəlib.

Cütlüklərin psixoloji vəziyyətlərinin yoxlanılması gələcək üçün nə vəd edir? İki insan bir-birini sevirsə, bu nüansa nə dərəcədə önəm veriləcək? 5-10 il sonra onların bir-birini zərər vurmayacağına hansı meyarlarla zəmanət vermək olar?

Psixoloji və genetik testlərin faydası

Psixoloq Nuriyyə Quliyeva bildirib ki, əgər cütlüklər özləri maraqlı olsa, nikahdan əvvəl onların psixoloji durumlarının yoxlanılması müsbət addımdır: “Əslində, mən bu prosesin tətbiqinin lehinəyəm. Psixoloq müayinəsi zamanı testlərin köməyilə cütlüklərin şəxsi xüsusiyyətləri, şüuraltı fikirləri müəyyən edilir. Bu zaman hər iki cütlüyün nə dərəcədə inadkar, hansı səviyyədə aqressiv olması, ciddi problemlə qarşılaşan zaman nə kimi addımlar atmağa meyilli olması yoxlanılır.

Bu üsul cütlüklərin gələcəkdə qarşılıqlı münasibətləri, xarakterlərinin uyğun olub-olmaması haqqında ilkin fikir söyləməyə imkan verir. Təbii ki, cütlüklər bir-birini dərin sevgi ilə sevirlərsə, testin nəticələri zəif olsa da, evlənəcəklər. Amma yenə də nəticə cütlüklərdən asılıdır”.

Psixoloq deyib ki, gələcəkdə problem yaşamaq istəməyən cütlüklər psixoloji seansları seçir, digərləri isə yox: “Cütlüklərin xarakterlərində zidd məqamlar ola bilər. Psixoloq həmin cütlüklərə seans təyin edərək, onlara xarakterlərinin üst-üstə düşmədiyi məqamlarda orta məxrəc tapmağa kömək edə bilər. Amma bu məqamı gözardı edən cütlüklərin quracağı ailə möhkəm olmur. Bu təklif gerçəkləşsə belə, cütlüklər buna maraq göstərmədiyi təqdirdə heç bir nəticə əldə olunmayacaq. Ümumiyyətlə, cinayət xarakterli xəbərlərin KİV-lərdə bu qədər təfərrüatlı verilməsinin əleyhinəyəm. Əksər hallarda cinayət törədən insanların kiçik yaşlarda fiziki şiddətə məruz qaldığı, gərgin ailə mühitində böyüdüyü və ya ətrafında qeyri-normal insanların çox olduğu aşkara çıxır. O baxımdan, ölüm və cinayət hadisələrinin bu qədər təfərrüatla yazılması insanların cinayəti adi hal kimi qəbul etməsinə gətirib çıxarır. Bu isə öz növbəsində aqressiya hallarını artırır, ani bir problemdə insanları cinayətə əl atmağa sövq edir”.

Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cütlüklərin nikah öncəsi tibbi müayinə ilə yanaşı, müvafiq psixoloji uyğunluqlarının yoxlanılmasının olduqca vacib olduğunu, bu istiqamətdə “Ailə psixoloqu” İnstitutunun yaradılması və əhalinin bu xidmətdən geniş istifadəsi üçün zəruri tədbirlərin görülməsinə ehtiyac olduğunu deyib.

Nizam Rzayev

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm