Dünyanın ən gözəl ölüsü... - Ustaddan nələr yazılır?
Bizi izləyin

Sosial

Dünyanın ən gözəl ölüsü... - Ustaddan nələr yazılır?

Canlı əfsanə, unudulmaz ustad Şirməmməd Hüseynovun vəfatı ilə bağlı sosial şəbəkələrdə tanınmış imzaların çoxsaylı paylaşımları müşahidə edilir.

Kult.az onlardan bəzilərini təqdim edir:

Yusif Rzayev: Az qala, 20 ildir, “525-ci qəzet”də hər həftə yazıları gedirdi. Hər həftə yazıları vaxtında göndərirdi, yenə ürəyi rahat olmurdu, zəng edib soruşudu: “Oğlum, yazı gəldimi?”

Həvəsi olanda, göndərdiyi yazılarla bağlı informasiya da verirdi, əzbər cümlələr deyirdi yazılardan. Hər dəfə bu zəkaya, bu şövqə heyran qalırdım və həm də mənə dərs dediyinə görə qürur quyurdum.

2 həftə əvvəl zəng elədi: “Yusif, oğlum, bu yazı bu ay sonuncu yazıdı, yazını hazırlayıb göndərməkdə mənə kömək eləyən adamlar tətilə çıxır. Bir də sentyabrda görüşərik”.

Və indi bu ağır xəbər eşitdim.

Qışqırıb bağırmaq, hönkürmək istəyirəm, gücüm çatmır...

Mən bir zamanda, bir ölkədə yaşadığıma, müəllimim olduğuna görə fəxr elədiyim tək, yeganə kişini itirdim.

Azərbaycan isə böyük Şirməmməd Hüseynovu itirdi!

Ruhunuz şad olsun, böyük kişi!

Qənirə Paşayeva: İndicə xəbər aldım ki, gözəl ziyalı və alim Şirməmməd Hüseynov vəfat edib. Çox üzüldüm. Dəyərli bir ziyalımız idi. Televiziyada çalışdığım illərdə Cümhuriyyətimizlə bağlı hazırladığım filmdə mənə çox dəstək olmuşdu.

Söhbətlərindən doymaq olmurdu. Böyük bir alim, ziyalı və müəllimi itirdik. Allah rəhmət etsin! Nur içində yatsın. Onu hər zaman rəhmət və sayğı ilə anacağıq. Ailəsinə və bütün millətimizə başsağlığı verirəm.

Elçin Mirzəbəyli: Şirməmməd müəllim bu dünyadan rahat köçdü - arzularına qovuşaraq. Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasını, dövlətimizin milli təməllər üzərindən yüksəlişini, üçrəngli bayrağın Vətən göylərində titrəyişini, Azərbaycan Xalq Cümhuriyyətinin, Qafqaz İslam Ordusunun Bakı zəfərinin 100-cü ildönümünü, Azərbaycan və Türkiyə hərbçilərinin birgə yürüşünü gördü... Özündən sonra tarix boyu dəyərini itirməyəcək əsərlər qoydu, yolunu davam etdirəcək yüzlərlə mürid yetişdirdi. Şirməmməd Hüseynov dünyanın ən xoşbəxt ölüsüdü. Mən hər kəsə belə ölüm arzulayıram.

Ruhu şad olsun...

Qulu Məhərəmli: Azərbaycan jurnalistikasının əfsanəsi, millət yaddaşının keşikçisi, böyük maarifçi, mənəvi irsimizin, o cümlədən Cümhuriyyət tarixi və İstiqlal mübarizəmizin, Rəsulzadə fenomeninin və mətbu irsimizin yorulmaz araşdırıcısı, görkəmli tədqiqatçısı-alim, professor Şirməmməd Hüseynov vəfat edib...
Bu acı xəbəri xarici ölkədə almaq ikiqat ağırdır. İki gün əvvəl özü xəstəxanadan mənə zəng etmişdi. Bir qəzet məqaləsinin adını dəqiqləşdirməyi tapşırdı. Bir saat sonra yenə zəngləşdik, ordan-burdan danışdıq və qorxa-qorxa səhhətini soruşdum. “Yaxşıyam, nigaran qalma” dedi. Amma çox nigaran qalmışdım. Dünən axşam bir də zəng etdim, telefonu qızı Fərəh xanım götürdü, ustadı soruşdum, “atam yaxşıdır” dedi. Amma onun qayğılı səsindəki kədər min kilometr uzaqdan belə duyulurdu...

Onun tarixi bir missiyası var idi və bu missiyanı şərəflə yerinə yetirdi. Tamamlaya bilmədiyi işləri qalsa da, özündən sonrakılar üçün zəngin irs və mənalı yaşamaq örnəyi qoyub getdi. Həyatı və yaradıcılığı həqiqət, ləyaqət və vicdan üzərində qurulmuş Şirməmməd Hüseynovun vəfatı ilə mətbuat tariximizdə, jurnalistikamızda böyük bir epoxa sona yetir.

Əziz müəllimim, böyük ustad, Allah sənə rəhmət eləsin! Bu millət üçün etdiyiniz təmənnasız xidmətlər heç vaxt unudulmayacaq, yeriniz hər zaman görünəcək! Ruhun böyük Zərdabinin, Rəsulzadənin, Ağaoğlunun, Üzeyir bəyin müqəddəs ruhuna qovuşur. O gözəl ruhun şad olsun!

Ləman Ələşrəfqızı: Sonuncu dəfə 28 mayda zəng elədim ona. Səsimi eşidib elə sevindi ki... Dedim, Şirməmməd müəllim, bu gün sizin bayramınızdır ilk növbədə. Borc bildim özümə sizi təbrik etməyi. “Necəsiz, nə edirsiz” sualıma “Hər həftə “525-ci qəzet”də bir səhifə yazım gedir, qızım, - dedi. - Neynəyəcəm, işləyirəm”.

Az əvvəl Şirməmməd müəllimin nömrəsindən zəng gəldi. Gördüm, Ülkər xanımdı - həyat yoldaşı. Ağlaya-ağlaya, “Ləman, Şirməmməd getdi" - dedi.

Allah Sizə rəhmət eləsin, Cümhuriyyət yaşlı, Cümhuriyyət başlı Kişi! Əminəm ki, cənnətə də “Cümhuriyyət" deyib qədəm basacaqsız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm