• USD 1,7000 0,00% EUR 1,8352 0,00%
    • GBP 2,1921 0,00% RUB 0,0265 0,00%

Tarixin dərinliklərindən süzülüb gəlmiş sənət - Azərbaycan xalçaçılığının müasir inkişafı

  • Sosial
  • 25 Sentyabr 2019 10:25
Tarixin dərinliklərindən süzülüb gəlmiş sənət - Azərbaycan xalçaçılığının müasir inkişafı

Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqın milli mədəniyyəti tarixində özünəməxsus yeri var.

Xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutub və xalqın rəmzinə çevrilib. Xalçada bizim tariximiz, milli dəyərlərimiz, mədəniyyətimiz yaşadılır. Daşına bilər bu məişət əşyasını dünyanın istənilən yerinə aparmaq mümkündür. Deməli, milli naxışlarımızla bəzədilən xalçamızı alan xarici ölkə vətəndaşlarının evlərində bir Azərbaycan möhürü olur. Bu mənada xalçaçılığın genişləndirilməsi, Azərbaycan xalçalarının dünya bazarına çıxarılması üçün mühüm tədbirlər həyata keçirilir. Xalçaçılıqla bağlı indiyədək görülən işlərin zirvəsində isə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması dayanır. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə yaratdığı bu qurum Azərbaycan xalça sənətinə yeni həyat verib.
Son illərin ən uğurlu iqtisadi və milli layihələrindən biri olan “Azərxalça”nın respublikamızın bölgələrində 21 filialı fəaliyyət göstərir. Redaksiyadan xalça istehsalı emalatxanalarından biri haqqında yazı hazırlamaq tapşırığını alanda internet resurslarında bir az axtarış apardıq. “Azərxalça”nın Goranboy filialı barədə çox az məlumata rast gəldik. Və qərar verdik ki, yazını Goranboydan hazırlayaq.

Beləcə, Goranboya yola düşürük. Filialın bir günlük iş prosesi ilə daha yaxşı tanış olmaq üçün Bakıdan bir az tez çıxırıq ki, səhər iş başlayanda Goranboya çata bilək. Oraya gedərkən bilirdik ki, Goranboy şəhərindəki xalça istehsalı emalatxanası “Azərxalça”nın Gəncəbasar zonasında yaratdığı növbəti filialdır. Bundan əvvəl, 2017-ci ilin avqust ayında Səhmdar Cəmiyyətin Şəmkir filialı fəaliyyətə başlayıb. Həmin filialın açılış mərasimində ölkə başçısı iştirak edib.

Goranboy şəhərinə çatanda qarşımıza çıxan ilk sakindən xalça fabrikinin ünvanını soruşuruq. O, əli ilə qarşıdakı avtobusu göstərib deyir: “Fabrikin avtobusudur. Toxucuları işə aparır”. Üzərində “Azərxalça” yazılmış həmin avtobusun arxasınca gedib ünvana çatırıq. Qarşıda “Azərxalça”nın Goranboy filialının əzəmətli və möhtəşəm binası görünür. İlk baxışdan tarixi abidə təəssüratı yaradan bu bina milli və müasir memarlıq elementlərini özündə birləşdirib.

Goranboya gedəcəyimiz barədə “Azərxalça”nın mətbuat xidmətinə xəbər vermişdik və filialda bizi gözləyirdilər. Ancaq buraya tez gəlişimiz, deyəsən, onları bir az təəccübləndirmişdi. Avtobusdan düşən toxucular binaya daxil olurdu. Bayaqdan binanın həyətində gəzişən, sanki nəyəsə nəzarət edən gənc bir oğlan bizə yaxınlaşır və içəri dəvət edir. Emalatxana binasına daxil olana qədər öyrənirik ki, bu, filialda nəzarətçi-hesabdar vəzifəsində çalışan Xəyal Rüstəmovdur. O, filial direktorunun emalatxanada olduğunu, səhər-səhər dəzgahlara nəzarət etdiyini bildirir. Çox keçmədən otağa gülərüz bir qadın daxil olur. “Filial direktorumuz Ziyafət xanımdır”, - deyə nəzarətçi-hesabdar bildirir.

Qısa tanışlıqdan sonra onunla bu filial barədə söhbət edirik. Ziyafət Orucəliyeva deyir ki, "Azərxalça"nın Goranboy filialının binası Prezident İlham Əliyevin 22 may 2018-ci il tarixli sərəncamı ilə inşa olunub. Burada çalışan toxucular "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bilik və bacarıqlarını təkmilləşdiriblər. Goranboy filialında, əsasən, Gəncə qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Gəncəbasar Azərbaycanın tarixi xalçaçılıq bölgələrindən biridir. Gəncə qrupuna Gədəbəy, Şəmkir, Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy kimi ərazilərdə toxunan xalça və xalça məmulatları daxildir. Bu filial 2018-ci ilin sonlarında fəaliyyətə başlayıb. İndiyədək emalatxanada 150 kvadratmetrdən çox xalça toxunub.
Filial direktoru onlara göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirir: “Tarixən Goranboy ərazisində gözəl xalçalar toxunub. Ancaq nə sovet dövründə, nə də ondan əvvəlki dövrlərdə Goranboyda kütləvi xalça istehsalı ilə məşğul olunan müəssisə fəaliyyət göstərib. Toxucular öz evlərində xalça toxuyublar və əlbəttə ki, onun satışı da müşkül məsələyə çevrilib. Bu xalça emalatxanası Prezidentimizin Goranboylu toxuculara böyük hədiyyəsidir. Toxucular indi müasir binada xalça toxuyur və vaxtlı-vaxtında əməkhaqlarını alırlar. Filialın kadr potensialı tam formalaşdırıldıqdan sonra burada 150 toxucu çalışacaq”.

Ziyafət xanımla söhbətimizi yekunlaşdırıb emalatxanaya keçirik. Bir-birindən gözəl xalçaların toxunduğu emalatxanada orta yaşlı toxucularla yanaşı, gənclər də çalışırlar. Bu da o deməkdir ki, varislik təmin olunub. Gənclərin xalçaçılıq sənətinə yönləndirilməsi bu sənətin gələcək perspektivlərindən xəbər verir.

Emalatxanada sürətlə xalça toxuyan orta yaşlı bir qadın diqqətimi cəlb edir. Filial direktoru ilə söhbət edə-edə bir neçə dəqiqə onun xalça toxumağına baxıram. Ziyafət xanım toxucuya maraqla baxdığımı görüb deyir: "Qətibə Nəcəfova filialımızın təcrübəli toxucularından biridir. Uzun illərdir ki, xalçaçılıq sənəti ilə məşğul olur".

Emalatxanadakı 1 nömrəli dəzgahda xalça toxuyan bu xanıma yaxınlaşıram. Həmin hanada onunla birlikdə daha iki toxucu çalışır. Onlar ölçüsü 12 kvadratmetr olan Qarabağ xalçası toxuyurlar. Qətibə xanım toxuduğu xalçanın sehrinə elə düşmüşdü ki, ona yaxınlaşdığımızı hiss etmir. Beləcə daha bir neçə dəqiqə onu seyr edirəm. Düşünürəm ki, Ulu Tanrı bu millətdən heç nəyi əsirgəməyib. Allah-Taala Azərbaycan xalqına gözəl Vətən, tükənməz sərvətlərlə yanaşı, istedad da verib. Bu xalqın istedadlı hər övladı nə yaradırsa, mükəmməl yaradır. Bax elə bu toxucu qadın kimi.

Filialın direktoru onu işindən ayırır: "Qətibə xanım, mətbutdan qonağımız gəlib".

"Xoş gəlib, səfa gətirib" deyən toxucu qadın mənə oturmaq üçün yer göstərir.

- İşinizdən razısınızmı? Söhbətimizə belə körpü salıram.

- Əlbəttə. İşimizdən razıyıq, dövlətimizdən də. Sağ olsun Prezidentimizi. Bizim qədim sənətimizi özümə qaytarıb. Mən 40 ildən çoxdur, xalçaçılıq sənəti ilə məşğul oluram. Azərbaycan xalçaçılarına heç vaxt belə diqqət və qayğı göstərilməyib. Bizim heç vaxt belə gözəl emalatxana binalarımız olmayıb. Mən uzun illər evimdə xalça toxumuşam. Ancaq bu zaman xeyli problemlərlə qarşılaşırdım. Xalça toxumaq üçün xammal əldə etmək də, sonra hazır məhsulu satmaq da ciddi problemlər idi. İndi bizi nə xalça ipi problemi, nə də toxuduğumuz xalçanın necə satılması düşündürür. Bizi bütün bu qayğılardan Prezidentimiz azad edib. Sentyabr ayının birindən toxuduğumuz bir kvadratmetr xalçaya görə 250 manat əməkhaqqı alırıq. Əgər ay ərzində 2 kvadratmetr xalça toxusaq, 500 manat əməkhaqqı alacağıq. Bu da çox yüksək göstəricidir. Prezidentimizlə bərabər, Mehriban xanım Əliyeva da xalçaçılara böyük diqqət və qayğı ilə yanaşır. Dövlət başçımız İlham Əliyevin və Mehriban xanımın xalçaçılıq sənətimizin inkişafı, dünyada tanıdılması sahəsində gördüyü işlər hər zaman minnətdarlıq xatırlanacaq.

Hiss olunurdu ki, Qətibə Nəcəfova bu sözləri ürəklə və böyük minnətdarlıq duyğuları ilə deyir. Onu işindən çox ayırmamaq üçün sağollaşırıq.

Əvvəldə qeyd etdiyimiz kimi, burada gənc toxucular da çalışırlar. Onlar “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Gənc toxucu Saray Əşrəfova deyir ki, Goranboyda xalça istehsalı emalatxanasının yaradılması onun kimi xalçaçı olmaq istəyən neçə-neçə gəncin arzusunun reallaşmasına imkan verib: “Fabrikdə toxucular üçün hərətərəfli iş şəraiti yaradılıb. Biz işıqlı emaltxana binasında xalçalar toxuyur, xalçaçılıq sənətinin yaşadılmasında əməyimiz olduğuna görə qürur duyuruq. Bizə bu şəraiti yaradan möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildiririk”.

Filial binasını gəzirik. Dəhlizlər, bütün otaqlar yüksək zövqlə tərtib olunub, burda hər şey xalça naxışları kimi gözəldir. Binanın inşası zamanı toxucuların rahatlığı üçün hər şey nəzərə alınıb. Burada yeməkxana, tibb otağı, konfrans zalı işçilərin ixtiyarına verilib.

Gün ərzində burada iş prosesini müşahidə edirik. Filialda keyfiyyətli xalçalar toxunur, yüksək nizam-intizam hökm sürür. Bu da onu deməyə əsas verir ki, “Azərxalça”nın Goranboy filialı uğurlu fəaliyyət göstərir. Onlara daha böyük uğurlar arzusu ilə ordan ayrılırıq.

Publika.az

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR