Prezident bu rayonda möhtəşəm "ASAN xidmət" mərkəzinin açılışını etdi - FOTOLAR (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Prezident bu rayonda möhtəşəm "ASAN xidmət" mərkəzinin açılışını etdi - FOTOLAR (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” Mərkəzinin açılışında iştirak edib.

Publika.az xəbər verir ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdilər.

Bildirildi ki, Kürdəmir “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb. 2020-ci ilin fevral ayında tikinti başa çatıb. “ASAN Həyat” kompleksi üçün ayrılan 2,055 hektar ərazidə inzibati bina, uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, 124 yerlik çay evi, 80 və 108 yerlik yay kafeləri, 64 yerlik yığılıb-sökülən yay kafesi, 12 yerlik kinoteatr, 191 yerlik restoran və “ABAD Food Hall” yaradılıb.

Fasadların tərtibatında ən müasir alman texnologiyasından istifadə edilib.

Kürdəmir “ASAN Həyat” kompleksində videomüşahidə, elektron növbə sistemləri, 4 eskalator, inzibati və kinoteatr binalarının hər birində 1 lift, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma sistemləri, generator, UPS quraşdırılıb.

“ASAN Həyat” kompleksi Kürdəmir rayonunun Atakişili kəndinin cənub-şərq hissəsində inşa edilib. Kompleksin ərazisində 100 avtomobil üçün parklama yeri yaradılıb. Vətəndaşların istirahəti üçün geniş park, uşaq əyləncə meydançası, həmçinin qapalı istirahət zonaları, o cümlədən kinoteatr və kafe istifadəyə verilib.

Diqqətə çatdırıldı ki, mərkəzdə əməkdaşların sayı 259 , könüllülərin sayı isə 45 nəfər nəzərdə tutulur Kompleksdəki regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320 xidmət həyata keçiriləcək. Bu mərkəzdə Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 min 400-dən çox sakinlə yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstəriləcək.

“ASAN Həyat” kompleksinin tərkibində sayca 4-cü “ABAD Food Hall”un fəaliyyətə başlaması nəzərdə tutulur. Burada ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların satış-sərgisi təşkil ediləcək.

Dövlətimizin başçısı mərkəzin açılışını etdi.

Bildirildi ki, fəaliyyətə başladığı vaxtdan “ASAN xidmət” mərkəzlərinə müraciətlər çoxalıb və onun vətəndaşlar tərəfindən bəyənilmə əmsalı daha da yüksəlir. Bu, 2019-cu ildə 99.3 faiz təşkil edib. Həmçinin qeyd edildi ki, indiyədək xarici ölkə vətəndaşlarına elektron qaydada 1 milyon 964 min viza verilib. Təhlillər göstərir ki, Azərbaycana gələn turistlər əvvəlki dövrlərlə müqayisədə ölkəmizdə daha çox qalırlar.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış oldu.

Məlumat verildi ki, Ağıllı sürücülük imtahanı sistemi sürücülük vəsiqəsi almaq üçün müraciət etmiş şəxslərin sürücülük qabiliyyətlərinin qiymətləndirilməsinə dair praktiki test imtahanının avtomatlaşdırılmış şəkildə həyata keçirilməsinə imkan verir. Sürücülük vəsiqəsinin alınması üzrə nəzəri test imtahanında uğur qazanmış şəxslər bu sistemdə qeydiyyatdan keçməklə praktiki test imtahanına yazılır, xüsusi qurğu və avadanlıqlarla təchiz edilmiş avtomobildə əvvəlcədən müəyyən olunmuş marşrut üzrə hərəkət edir. Avtomobil və yol infrastrukturu xüsusi sensor və peyk-müşahidə cihazları ilə təchiz edildiyi üçün imtahan verən şəxs tərəfindən törədilən bütün qayda pozuntuları avtomatik olaraq qeydə alınır və mərkəzi imtahan sisteminə ötürülür. Avtomatlaşdırılmış imtahan sistemi şəxsin praktiki imtahandan uğurla keçib-keçmədiyinə dair real vaxt rejimində arayış hazırlayır.

Diqqətə çatdırıldı ki, “ASAN xidmət” mərkəzlərində vətəndaş müraciətlərinin səmərəliliyinin artırılması və hər bir vətəndaşa fərdi yanaşmanın təmin edilməsi məqsədilə “ASAN rəqəmsal sinir sistemi” platforması hazırlanıb. Platforma hər bir vətəndaşın fiziki və ya elektron dövlət xidmətlərindən istifadəsinə, şikayət və təkliflərinə dair məlumatları vahid bazada toplayır və vətəndaşın dövlət xidmətlərindən istifadə vərdişləri barədə ətraflı məlumatları real vaxt rejimində əks etdirir. Eyni zamanda, bu platforma “ASAN xidmət” əməkdaşları barədə də bütün məlumatları bir yerə cəmləməklə, onların performanslarını qiymətləndirməyə, analitik təhlillər aparmağa və vətəndaş - dövlət xidməti – dövlət qulluqçusu münasibətlərini vizuallaşdırmağa imkan verir.

Prezident İlham Əliyevə dövlət satınalmalarının vahid internet portalı barədə də məlumat verildi. Qeyd edildi ki, bu portal dövlət satınalmalarının vahid platforma üzərindən elektron mühitdə həyata keçirilməsinə imkan verən platformadır. Portalın əsas məqsədi satınalma prosesinin təkmilləşdirilməsi və operativliyin artırılması, eyni zamanda, prosesin təşkili zamanı dövlət – özəl sektoru əməkdaşlığının təmin edilməsidir. Satınalma prosesinin bütün mərhələləri - tenderin elan edilməsi, təkliflərin qəbulu və qiymətləndirilməsi, müqavilələr və hesab-fakturaların formalaşması tamamilə elektron mühitdə həyata keçirilir. Həmçinin satınalma prosesinin sürətlə aparılması üçün müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya həyata keçirilib. Platformanın yaradılması satınalan və podratçı tərəfindən xərclərin azalması ilə bərabər, beynəlxalq reytinqlərdə də ölkəmizin mövqeyinin yaxşılaşmasına təsir edəcəkdir.

Tanışlıq zamanı dövlətimizin başçısına “ASAN Tranzit” Sistemi barədə də ətraflı məlumat verildi. Bildirildi ki, bu sistem ölkəyə daxil olan tranzit yük avtomobillərinin qanunvericilikdə mövcud olan ödənişləri (vergi, rüsum və s.) əvvəlcədən ödəməsinə imkan verən və məlumatları real vaxtda müvafiq informasiya sistemlərinə ötürən platformadır. Dövlət sərhədinə yaxınlaşmadan öncə avtomobilin sürücüsü və ya avtomobilin qeydiyyatda olduğu şirkət sürücü və avtomobil barədə məlumatları sistemə daxil etməklə müvafiq ödənişləri həyata keçirir və ödəmənin təsdiqinə dair elektron sənəd əldə edir. Bu sistem yük avtomobillərinin ölkəyə daxil olduğu zaman əlavə dayanmaların qarşısını almaqla, ödənişlərin bir nöqtədə toplanmasına imkan verir. Sistemin imkanları, həmçinin ölkəmizin beynəlxalq tranzit yükdaşımaları zamanı üstünlük verilən marşruta çevrilməsinə və proseslərin səmərəliliyinin artmasına şərait yaradır.

Sonra ASAN könüllüləri reallaşdırdıqları layihələr barədə məlumat verilər.

ASAN könüllüsü Emiliya Bayramova dedi:

-Möhtərəm cənab Prezident, Kürdəmir regional “ASAN xidmət” mərkəzinə xoş gəlmisiniz. Mən artıq 3 ildən çoxdur ki, “ASAN könüllüləri” Təşkilatında fəaliyyət göstərirəm. Cənab Prezident, əvvəlcə 2020-ci ili bizim ilimiz elan etdiyiniz üçün bütün ASAN könüllüləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Bu gün biz Sizə ASAN könüllülərinin fəaliyyəti haqqında məlumat verəcəyik. Cənab Prezident, Sizin dəstəyiniz və xeyir-duanızla 15 nəfərlə fəaliyyətə başlayan ASAN könüllülər hərəkatının artıq 22 mindən çox məzun könüllüsü var. “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti iki mərhələdən ibarətdir. Birinci mərhələdə könüllülər müxtəlif sənədləşmə prosedurlarında, dövri rəy sorğularında, xidmətyönümlü təlimlərdə və mərkəzlərin ümumi fəaliyyətində yaxından iştirak edirlər. Növbəti mərhələdə isə onlar artıq öz ixtisaslarına uyğun olaraq müxtəlif təcrübələrə cəlb olunurlar.

Cənab Prezident, təbii ki, fəaliyyətimiz bununla yekunlaşmır. ASAN könüllülərinin işlə təmin olunmasına dəstək məqsədilə “ASAN kadr” karyera mərkəzini yaratmışıq. Karyera mərkəzi daxilində asankadr.az veb-portalı mövcuddur ki, könüllülər və işəgötürənlər arasında körpü rolunu oynayır. Bu günədək portal vasitəsilə 1400 ASAN könüllüsü işlə təmin olunub, onlardan 446-sı isə “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarıdır.

Cənab Prezident, xüsusilə qeyd edim ki, asankadr.az veb-portalı artıq BMT-nin Könüllülər Proqramına uğurlu layihə kimi daxil edilib.

Sonda mən vurğulamaq istərdim ki, Sizin bizə daimi dəstəyinizə cavab olaraq dövlətimizin dayanıqlı inkişafı üçün daha səylə çalışacağımıza söz veririk. Diqqətiniz üçün təşəkkür edirəm, könüllülərin könlü daim Sizinlədir.

Prezident İlham Əliyev: Çox sağ ol, təşəkkür edirəm.

ASAN könüllüsü Rza Əliyev dedi:

-Möhtərəm cənab Prezident, Ali Baş Komandan, əvvəla Sizi salamlayıram. Mən “ASAN Könüllüləri” Təşkilatının əməkdaşıyam. “ASAN Könüllüləri” Təşkilatı fəaliyyətə başladığı ilk dövrdən vətənpərvərlik mövzusunda layihələrin həyata keçirilməsinə xüsusi önəm vermişdir. Sizin bizimlə görüşlərinizdə daim vurğuladığınız kimi, Azərbaycan gəncliyi milli, vətənpərvər ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə olunmalıdır. Biz də Sizin bu fikirlərinizi rəhbər tutaraq, dövlətimizin bu sahədə gördüyü işlərə dəstək olmaq məqsədilə 92 layihə, 5 hərbi vətənpərvərlik düşərgəsi həyata keçirmişik. Bu layihələrdə, ümumilikdə, 9 minə qədər gənc iştirak edib. Genişmiqyaslı layihələrdən “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi və “Əsgərə məktub” layihələrini misal göstərmək olar. “Hərbiyyə” düşərgəsi, ümumilikdə, 5 dəfə keçirilib və 500-ə qədər gənc bu layihələrdə iştirak edib. Marağın həddən artıq çox olması 2019-cu ildə bu layihəni 3 dəfə keçirməyimizə səbəb oldu. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu düşərgədə gənclər ilkin hərbi təcrübəyə cəlb olunur, hərbi hazırlıqlar keçirlər.

Şanlı Aprel zəfəri zamanı bizim təşəbbüsümüzlə yaranan “Əsgərə məktub” layihəsi isə dövlətimiz tərəfindən hər bir maddi, hərbi resursla təmin olunan əsgərlərimizə mənəvi dəstək göstərmək məqsədilə yaranıb və hazırda da davam etməkdədir. Cəbhə bölgəsində xidmət edən əsgərlərimizə vətəndaşlarımız tərəfindən yazılmış 80 minə qədər məktub çatdırılıb.

Cənab Prezident, Sizin tapşırığınızla 2018-ci ildən “ASAN xidmət” mərkəzləri yerləşən regionlardakı Heydər Əliyev mərkəzlərində ASAN könüllüləri öz fəallığı ilə seçilirlər. Belə ki, 8 mindən çox ASAN könüllüsü 5 mindən çox layihədə iştirak edib. O layihələrin əsas məqsədi Azərbaycançılıq ideologiyasının, Ulu Öndərin siyasi kursunun öyrədilməsi və öyrənilməsidir. Bundan başqa, mərkəzlərdə könüllülərimiz vaxtlarını səmərəli keçirmək üçün digər təlimlərdə iştirak edirlər. Bizə göstərdiyiniz diqqət və qayğı üçün Sizə xüsusi təşəkkürümüzü bildiririk.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

ASAN könüllüsü Nicat Rəşidov dedi:

-Möhtərəm cənab Prezident. Mən “ASAN Könüllüləri” Təşkilatının əməkdaşıyam. Diqqətinizə çatdırmaq istəyirəm ki, ASAN könüllüləri mərkəzlərdəki fəaliyyətlərini bitirdikdən sonra təşkilat tərəfindən icra olunan layihələrdə fəal iştirak edirlər. İlk olaraq qeyd edim ki, şəxsi inkişaf haqqında 220-dən artıq layihə icra edilib. Bu layihələrdə 45 mindən çox gənc əhatə olunub. Misal üçün, təhsil sahəsində olan bacarıqların artırılması məqsədilə “ASAN akademiya” layihəsi, regionlarda könüllülüyün geniş təşviqi üçün “Könüllülər Yurdu - Azərbaycan”, gənclərin siyasi biliklərinin artırılması məqsədilə “Könüllülər Parlamenti - Azərbaycan”, həmçinin onların dünyagörüşünün və natiqlik bacarıqlarının inkişafı üçün “SMM Business Breakfast”, “TÜRKSOY-un I Beynəlxalq simulyasiyası”, “AVO MUN”, “Natiqlik çempionatı” layihələri həyata keçirilib. Bildiyiniz kimi, 2019-cu ildə Azərbaycan BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi edib. Məhz bu tədbirdə də biz ASAN könüllüləri olaraq təşkilatçılıqda yaxından iştirak etmişik.

Cənab Prezident, diqqətinizə çatdırmaq istəyirəm ki, ekoloji məsuliyyət sahəsində də ASAN könüllüləri IDEA İctimai Birliyi ilə birlikdə 400-dən çox ekoloji tədbir və maarifləndirmə aksiyası həyata keçirib. Bu aksiyalarda minlərlə gənc iştirak edərək, cəmiyyətimizə töhfələrini əsirgəməyiblər. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, “Yaşıl ASAN” proqramı çərçivəsində 1500 ton kağız təkrar emala verilib və 17 mindən çox ağacın kəsilməsinin qarşısı alınıb. Həmçinin bizim təşəbbüsümüzlə reallaşdırılan “Əcnəbi könüllülər” layihəsi çərçivəsində Niderland, Böyük Britaniya, Çin və Hindistan kimi 17 fərqli ölkədən onlarla gənc Azərbaycanda ASAN könüllüsü adını qazanıb. Diqqətiniz üçün təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Çox sağ olun.

ASAN könüllüsü Roza Qocayeva dedi:

-Möhtərəm cənab Prezident, Sizi salamlayıram. Mən “ASAN Könüllüləri” Təşkilatının əməkdaşıyam. Sizə “ASAN Məktub” sosial proqramı haqqında məlumat vermək istərdim. Bu proqram 2015-ci ildən bu günədək sosial qayğıya ehtiyacı olan uşaqların arzularını gerçəkləşdirmək üçün nəzərdə tutulub. Dördillik fəaliyyətimiz dövründə 30-dan çox bölgədə olmuş və 4 minədək uşağın arzusunu reallaşdırmışıq. Onu da qeyd etmək istərdim ki, “ASAN Məktub” uğurlu layihə kimi, BMT-nin Könüllülük Proqramına daxil edilib. Bununla yanaşı, ASAN könüllüləri sosial işlərlə yanaşı, mədəniyyət sahəsində də öz bacarıqlarını nümayiş etdirirlər. Bu sahədə bizim “Mədəniyyət carçısı” proqramını xüsusi vurğulamaq istərdim. İkiillik fəaliyyəti dövründə 50-dən çox teatr tamaşası səhnələşdirilib. Bu tamaşalarımız beş mindən artıq gənci əhatə edib.

Çox təşəkkür edirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Daha sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- “ASAN xidmət” mərkəzinin əziz əməkdaşları, əziz könüllülər. Mən sizi ürəkdən salamlayıram, sizi Kürdəmir “ASAN xidmət” mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Bildiyiniz kimi, mənim sərəncamımla bu il Azərbaycanda “Könüllülər ili” elan olunmuşdur. Bu onu göstərir ki, Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir. İndicə mənə stendlər üzrə edilən təqdimat bir daha onu göstərir ki, Azərbaycan könüllülərinin fəaliyyəti çoxşaxəlidir.

Könüllülər hərəkatı, əslində, ölkəmizdə “ASAN xidmət” mərkəzlərində başlamışdır. Əsas vəzifə ondan ibarət idi ki, ölkəmizin gənc istedadlı sakinləri bu işlərə qoşularaq vətəndaşlara kömək göstərsinlər, Azərbaycanda Könüllülər hərəkatı başlasın və bu sahədə ciddi irəliləyiş olsun. Çünki “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir. Ancaq ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynamışlar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstərmişlər. Mən görürəm ki, indi Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır. Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT və digər təşkilatlar həm “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirir, həm də Azərbaycanda yaranmış və inkişaf edən Könüllülər hərəkatına yüksək qiymət verirlər.

Bir çox ölkələrdə gəncləri birləşdirən təşkilatlar, qurumlar, ictimai birliklər var, o cümlədən Azərbaycanda da. Amma hesab edirəm ki, Könüllülər hərəkatı bu ictimai təşkilatlar arasında xüsusi yer tutur. Çünki Azərbaycan könüllüləri həm vətənpərvərdirlər, həm biliklidirlər, həm istedadlıdırlar, həm də Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirirlər. Çünki könüllü olmaq, əslində, bizim milli xarakterimizə uyğundur. Mərhəmət, xeyirxahlıq, bir-birinə kömək göstərmək, mədəni davranış – bütün bunlar bizim genetik kodumuzda yazılmış sarsılmaz dəyərlərdir. Sadəcə olaraq, könüllülər xalqımıza xas olan bütün bu müsbət amilləri, əlamətləri özündə cəmləşdirərək, bu gün bir hərəkat kimi fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, könüllülər Azərbaycan cəmiyyətində çox böyük rəğbətlə qarşılanırlar, o cümlədən “ASAN xidmət” mərkəzlərində. Siz - könüllülər və “ASAN xidmət” mərkəzlərinin əməkdaşları bunu görürsünüz, bilirsiniz. Əslində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük həm Azərbaycan cəmiyyətində böyük yenilik və ictimai xidmətlər sahəsində bir inqilab idi, eyni zamanda, bu, mərkəzlərə müraciət edən vətəndaşlar üçün də gözlənilməz bir hal idi. Çünki ictimai xidmətlər əfsuslar olsun ki, ölkəmizdə həmişə problemli bir sahə idi. İnsanlar məcbur olub günləri, həftələri itirərkən, bu və ya digər dövlət qurumuna müraciət edərkən öz haqlı tələbini təmin etmək üçün əziyyət çəkirdilər. Süründürməçilik, rüşvətxorluq, korrupsiya, mədəniyyətsizlik əfsuslar ki, ictimai xidmətlər sektoruna xas olan əlamətlər idi. İndi isə “ASAN xidmət” mərkəzlərində bunların biri də yoxdur. Eyni zamanda, “ASAN xidmət” mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir. Ona görə mən həm Könüllülər hərəkatının, həm də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusilə qiymətləndirirəm. Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır. Bu, müasir dövlətin növbəti uğurudur.

Bir daha demək istəyirəm ki, xalqımıza xas olan bütün müsbət əlamətlər, eyni zamanda, müasirlik, texnologiyalar, innovasiyalar “ASAN xidmət”də özünü büruzə verir. Bax, bu istiqamətdə inkişaf edən ölkəmiz uğur qazana bilər. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, xüsusilə gənclərə müraciətim odur ki, biz bundan sonra da həm dövlət quruculuğu işində, həm ictimai proseslərdə, həm də islahatların aparılmasında əsas dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Müstəqil Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub və eyni zamanda, bizim dövlətimiz müasirdir, dünyəvidir, gələcəyə uğurla getmək üçün hazırdır və beynəlxalq əməkdaşlığa açıqdır. Bax, bütün bu amillərin sintezi bizim uğurlarımızı şərtləndirir. Xüsusilə gənclər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alanda onlar gələcəkdə də ölkə maraqlarını ləyaqətlə müdafiə edə biləcəklər.

Ölkə maraqlarını müdafiə etmək üçün bir neçə önəmli amil lazımdır. İlk növbədə, Vətən sevgisi, Vətənə və milli köklərə bağlılıq olmalıdır. Bu gün bu, cəmiyyətimizdə var və siz gənclərdən asılıdır ki, bu, həmişə olsun. Çünki ölkəmizin gələcək taleyi sizin kimi müasir, bilikli, istedadlı gənclərin əlində olacaq. Əlli ildən, yüz ildən sonra Azərbaycanın necə inkişaf edəcəyi sizin kimi gənclərin və sizdən sonra gələn nəsillərin fəaliyyətindən və dünya görüşündən asılı olacaq. Ona görə biz xalqımıza xas olan dəyərləri nəsildən-nəslə ötürməliyik, onları itirməməliyik, qorumalıyıq. İndiki şəraitdə bunu etmək o qədər də asan deyil. Çünki indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır, - bu da müsbət haldır, - amma bununla bərabər dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir və bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır. Onlar da bundan əziyyət çəkirlər. Media bir tərəfdən artıq bütün sərhədləri aşaraq hər bir ölkəyə qədəm qoyur və bu, müsbət haldır. Bildiyiniz kimi, Azərbaycanda da media azadlığı var, internet azaddır, heç bir senzura yoxdur. Digər tərəfdən, informasiya təxribatları, yalan məlumat, şər-böhtanla dolu məlumat da sərhədləri aşır. Biz buna hazır olmalıyıq, xüsusilə gənclər. Ona görə bilməliyik ki, bizim uğurlu inkişafımızı bizdən çox istəyən yoxdur və taleyimiz öz əlimizdədir. Artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və müstəqillik hər şeydən dəyərlidir. Ona görə milli dəyərlər, müstəqillik və müasirlik gələcək inkişafımız üçün çox önəmli amillərdir. Çünki biz doqmatizmdən uzaq olmalıyıq. Doqmatizm hər bir cəmiyyətin inkişafına əsas əngəldir.

Bizim strateji inkişaf yolumuz var - milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaq və uğurlu iqtisadi-sosial inkişaf, təhlükəsizlik, sabitlik, dünyaya açıq olmaq və milli maraqlarımızın qorunması. Bu, bizim strateji xəttimizdir. Bu, dəyişməz olaraq qalır, qalacaq və qalmalıdır.

Ancaq bununla bərabər, biz qapalı şəraitdə yaşaya bilmərik. Dünyada, regionumuzda gedən proseslər əlbəttə ki, bizə də təsir göstərir. Əfsuslar olsun ki, bu gün regionumuzda proseslər mənfi istiqamətdə gedir, biz bunu görürük. Yeni münaqişə, yeni qarşıdurma ocaqları, müharibələr, vətəndaş müharibələri – bütün bu mənfi meyillər, o cümlədən iqtisadi sahədə dünyada yaşanan böhran bizə də təsir göstərə bilər və göstərir. Ona görə biz dünyada gedən prosesləri yaxından izləyərək öz addımlarımızı, o cümlədən taktiki addımlarımızı buna uyğun atmalıyıq. Nəzərə alsaq ki, ölkə daxilində risklər yoxdur, - nə siyasi risklər, nə sosial, nə iqtisadi, nə fiziki risklər, - bütün mümkün olan problemlər kənardan gələ bilər. Həm ideoloji təxribat, - bu barədə mən artıq öz sözümü dedim, - həm də ki, başqa təxribatlar. Ona görə biz ölkəmizi, sərhədlərimizi qorumalıyıq, informasiya sərhədlərimizi, mənəvi sərhədlərimizi elə möhkəm inşa etməliyik ki, heç bir kənar qüvvə bizim nə milli-mənəvi dəyərlərimizə, nə müstəqilliyimizə, nə də gələcək uğurlu inkişafımıza mane ola bilməsin. Nə qədər ki, mən bu vəzifədəyəm Azərbaycan müstəqillik, azadlıq və inkişaf yolu ilə gedəcək. Elə etməliyik ki, bizdən sonra gələn nəsillər, gənclər öz fəaliyyətlərini bu istiqamətdə qursunlar və təxribatlara uymasınlar, bəzi beynəlxalq təşkilatların yalan məruzələrinə inanmasınlar. Onların arxasında çox ciddi siyasi maraqlar dayanır. Nə üçün Azərbaycan bəzi hallarda beynəlxalq müstəvidə təzyiqlərlə üzləşir? Çünki heç kimin qarşısında baş əymir və əyməyəcək. Heç kimin sözü ilə oturub-durmur və düz də edirik. Ona görə ölkəmizdə sabitlik, inkişaf, əmin-amanlıq var.

Baxın, başqa ölkələrə, onlar böyük dövlətlərin təsiri altına düşmüşlər. Onların gününə baxın, orada vətəndaş müharibələri, kütləvi itaətsizlik baş alıb gedir, siyasi və iqtisadi böhran davam edir. O ölkələr faktiki olaraq xarici idarəetmə altındadırlar və öz müstəqilliyini kiminsə sərəncamına vermişlər. Amma biz ləyaqətli siyasət aparırıq. Mən həmişə demişəm ki, Azərbaycan dövlətinin taleyi xalqımızın əlindədir. Biz, nəhayət ki, müstəqil dövlət kimi yaşayırıq və heç kimdən asılı deyilik. Amma tariximizi də yaxşı bilirik. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin tarixi də birmənalı deyildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi hadisə idi və bizim qürur mənbəyimizdir. Çünki müsəlman aləmində ilk dəfə məhz Azərbaycan xalqı demokratik respublika yaratmışdır, qəbul edilmiş qanunlar və planlar, onların niyyəti ölkəmizin uğurlu inkişafını şərtləndirə bilərdi. Ancaq o da həqiqətdir ki, iki il ərzində Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. O da həqiqətdir ki, o vaxt xarici ekspedisiya korpusu Bakıda hökmranlıq edirdi, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini tanımırdı. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri məcbur olub o ekspedisiya korpusunun generalları ilə müzakirələr aparıblar ki, müstəqil siyasət yürüdə bilsinlər. Bu proses də böyük çətinliklərlə baş verirdi.

Ona görə indiki müstəqil Azərbaycanı heç bir dövrlə müqayisə etmək olmaz, heç bir dövrlə. Bu gün bu qədər müstəqil, bu qədər azad dövlət Azərbaycan tarixində olmamışdır. Tarixçilər bunu yaxşı bilirlər. Biz də bunu qiymətləndirməliyik.

Tale 1991-ci ildə bizə yeni bir şans verdi. Biz bu şansı itirə bilərdik və əslində, itirirdik. Çünki 1990-cı illərin əvvəllərində gedən proseslər ölkəmizi məhvə aparırdı. Ancaq 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan bütün o bəlalardan canını qurtardı və inkişaf yoluna qədəm qoydu, müstəqillik yoluna qədəm qoydu. Bu gün biz bu yolla gedirik və gedəcəyik.

Bu gün “ASAN xidmət” mərkəzinin açılışında sizinlə görüş əsnasında, sadəcə olaraq, bu fikirlərimi bölüşmək istədim. Çünki istəyirəm ki, siz də biləsiniz mənim fikirlərimi, Azərbaycan xalqı da bir daha eşitsin bizim niyyətimiz nədir, siyasətimiz nədir və yolumuz nədir. Bir daha demək istəyirəm ki, “ASAN xidmət” mərkəzləri ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdı. Bu, bizim niyyətimizin, siyasətimizin təzahürü idi. Amma birinci mərkəzlər açılan zaman insanlara elə gəlirdi ki, bu, vətəndaşların rahatlığı üçün sadəcə, bir layihədir, xidmət layihəsidir. O vaxt bir çoxları bəlkə də dərk etmirdilər ki, bu, bir layihə deyil, bu, siyasətdir, hərəkatdır, bu, niyyətdir. Baxın, bu gün Azərbaycanın hər bir sahəsində islahatlar aparılır - siyasi sahədə, iqtisadi sahədə, struktur islahatları, kadr islahatları. Nazirlər Kabineti yenidən formalaşdı, Prezident Administrasiyası da həmçinin. Parlament yenidən formalaşır. Bir neçə gün bundan əvvəl parlament seçkiləri keçirildi. İqtisadi sahədə şəffaflıq təmin edilir. Bu şəffaflıq hesabına təkcə keçən il bir milyard manatdan çox vəsait dövlət xəzinəsinə daxil edildi və bu vəsait son qəpiyinə qədər vətəndaşların pensiyalarının, maaşlarının artırılmasına getmişdir. Bu ilin yanvar ayında xəzinəyə proqnozdan əlavə 160 milyon manat daxil edildi. Biz bunu da sosial layihələrə xərcləyəcəyik. Bir ayda 160 milyon manat o deməkdir ki, təqribən indi bunu 12 aya vursaq, - düzdür, burada çox da sadə yanaşmaq olmaz, - amma hər halda bu, bir meyildir.

Bütün bu işlər ölkəmizi gücləndirir. Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində müsbət meyilləri qəbul etməyə məcbur olmuşlar. Pozuntulara gəldikdə, qeyd etmişlər ki, bu prosedur xarakterli pozuntular idi. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq, nə ciddi pozuntular olub, nə də ki, seçkilərin legitimliyini, yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntu.

Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, - hansı ki, bizə həmişə qərəzli yanaşır, - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi. Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.

Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu, onu göstərir ki, seçkilər rəqabət şəraitində keçib. Əgər bir dairədən orta hesabla on nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Ona görə o yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdilər. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Nəyə görə həmişə bizə qarşı “sərbəst toplaşmaq azadlığı təmin olunmayıb” ifadəsini işlədirlər, yalandır, olunub. Çünki indi hər kəs sərbəst toplaşmaq haqqını müvafiq yerlərdə icra edə bilər, amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə.

Ona görə seçki prosesi bütün demokratik meyarlara cavab vermişdir. Heç kim deyə bilməz ki, seçki prosesində hər hansı pozuntular olub. Hesab edirəm ki, səsvermə günü də seçkilər çox müsbət şəkildə keçirildi və əgər pozuntular olubsa, bir daha demək istəyirəm ki, bu pozuntular araşdırılacaq. Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur. Çünki bu gün, tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın və bu seçkilər onu bir daha göstərdi. Bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır. Ona görə bütün bu sahələrdə aparılan islahatlar səmərə verir. İslahatların növbəti mərhələsi 2018-ci ildə başlamışdır. Prezident seçkilərindən sonra mənim tərəfimdən elan edilmişdi ki, biz yeni dövrə qədəm qoyuruq. Bu istiqamətdə ardıcıl olaraq fəaliyyətimiz davam etdirildi və qeyd etdiyim məsələlər də bunun sübutudur.

Mənim gənclərlə görüşlərim müntəzəm olaraq keçirilir. Hər dəfə gənclərlə görüşəndə çox sevinirəm ki, Azərbaycan gəncləri həm vətənpərvərdirlər, həm biliklidirlər, savadlıdırlar, zahirən gözəldirlər. Sizə uğurlar arzulayıram. Sizin fəaliyyətiniz “ASAN xidmət”də başlayır və davam edir. Bu, çox gözəl məktəbdir. Əminəm ki, burada topladığınız biliklər gələcəkdə sizə kömək göstərəcək və siz ölkəmizin gələcək inkişafında öz sözünüzü deyəcəksiniz. Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.

Könüllü Ülkər Şirinova: Cənab Prezident, Sizin dəstəyiniz və təşəbbüsünüzlə Azərbaycanda könüllülük fəaliyyəti geniş şəkildə yayılıb. Biz region gəncləri də ASAN könüllülərinin sosial, ictimai, mədəni, ekoloji tədbirlərini, layihələrini hər zaman yaxından izləmişik. Biz region gənclərinin də arzusu olub ki, könüllülük fəaliyyətinə qoşulaq və bir könüllü kimi xalqımıza, millətimizə heç bir maddi maraq güdmədən xidmət edə və xeyirxah əməllərimizi vətəndaşlarımıza çatdıra bilək.

Siz bu gün rayonumuzda “ASAN xidmət” mərkəzini açaraq mən və mənimlə yanaşı, neçə gəncimizi arzumuza çatdırmış oldunuz. Biz bu gün Sizin qarşınızda könüllü kimi çıxış edirik, könüllü kimi dayanmışıq. Cənab Prezident, biz buna görə bütün könüllülərimiz adından Sizə təşəkkürümüzü bildiririk. Həmçinin 2020-ci il “Könüllülər ili”dir. “Könüllülər ili”ndə Sizin qarşınızda könüllü kimi çıxış etmək biz könüllülərə ayrı bir stimul verir və bizim üçün ikiqat bayramdır.

Cənab Prezident, bütün könüllülərimiz adından Sizi əmin edirəm ki, biz üzərimizə düşən vəzifənin, məsuliyyətin fərqindəyik və regionumuzun sosial, ictimai, mədəni, ekoloji tədbirlərində daha yaxından iştirak edəcəyik, region gənclərinin fərdi inkişafında böyük rol oynayacağıq və Sizin görəcəyiniz bütün işlərin fəal iştirakçısı olacağıq. Bunun üçün biz bütün könüllülər adından Sizə söz veririk.

Prezident İlham Əliyev: Çox sağ ol, təşəkkür edirəm.

Mərkəzin əməkdaşı Xəyalə Babayeva: Möhtərəm cənab Prezident, Sizi bütün Kürdəmir gəncləri adından salamlayıram. Rayonumuza xoş gəlmisiniz. Mən Kürdəmir rayonunda anadan olmuşam. Bakıda təhsil alarkən “ASAN xidmət” mərkəzində könüllü olmuşam. Könüllü olduğum müddətdə orada yaratdığınız şəraiti, imkanları, vətəndaşlara münasibəti və xidməti fəaliyyətin bu qədər yüksək olduğunu görüb həmişə arzu etmişəm ki, rayonumuzda da “ASAN xidmət” mərkəzi açılsın. Nə xoş haldır ki, bu gün rayonumuzda Sizin təşəbbüsünüzlə “ASAN xidmət” mərkəzi açılıb və biz də gənclər olaraq burada iştirak edirik.

Cənab Prezident, 2020-ci ili “Könüllülər ili” elan etmisiniz. Mən də hesab edirəm ki, bu il mənim ilimdir. Çünki həm könüllü olmuşam, həm də Sizin sayənizdə işçi kimi qarşınızda çıxış edirəm. Bu, mənim üçün çox qürurverici haldır.

Mərkəzimizdə 259 əməkdaş fəaliyyət göstərir. Xidmət fəaliyyətimiz təkcə Kürdəmiri deyil, Ağsu, Ucar, Zərdab, Göyçay və Hacıqabul rayonlarını da əhatə edir.

Cənab Prezident, hər zaman qeyd etdiyiniz kimi, dövlət qulluqçuları vətəndaşlara xidmətdə daim onların qulluğunda olmalıdırlar. Bizim mərkəzimizdə yaratdığınız bu imkanlardan, bu şəraitdən yararlanaraq demək istəyirik ki, biz də öz fəaliyyətimizi layiqincə yerinə yetirəcəyimizə söz veririk. Rayonumuzda belə gözəl şərait yaratdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Sağ olun.

“ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova: Möhtərəm cənab Prezident, bu gün burada bir Azərbaycan gənci kimi, eləcə də ASAN könüllüləri adından çıxış etmək mənim üçün qürurvericidir. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə qüdrətli, öz gücünə güvənən, müstəqil siyasət yürüdən bir ölkədir. Bu gün dünyanın müxtəlif yerlərində, müxtəlif ölkələrdə insanlar cinayətlərin, bomba səslərinin qorxusu ilə yaşadığı bir vaxtda Azərbaycan gənci xurafatdan, radikalizmdən, cəhalətdən uzaq, Vətənə, təhsilə bağlı şəkildə, dünyagörüşlü, savadlı, müasir gənc olaraq yetişdirilir. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan gənci küçələrdə deyil, Azərbaycan gənci təhsil müəssisələrindədir, Azərbaycan gənci startap biznesindədir və eləcə də könüllü kimi fəaliyyət göstərir. 2012-ci ildə ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başladığı gündən etibarən biz daim Sizin dəstəyinizi öz üzərimizdə hiss etmişik. Biz gənc könüllülər “Əsgərə məktub” layihəsi ilə cəbhədə əsgərimizin yanında, “ASAN məktub”la uşaqların qəlbində, dərin mədəni irsə malik Vətənimizdə mədəniyyət carçıları olaraq vətəndaşların önündə, “Yaşıl ASAN”la təbiətin keşiyindəyik. Həmçinin onu qeyd edim ki, bu gün ölkəmizdə “Könüllülüyün yaşı yoxdur” şüarı da heç kəsi təəccübləndirmir. Bu gün artıq ASAN könüllülərinin sırasına pensiya yaşına çatmış şəxslər də qoşulur və bununla da yaşından, sosial statusundan asılı olmayaraq, hər bir vətəndaş xalqımıza ən uğurlu şəkildə xidmət etməyi, cəmiyyətimizin inkişafı üçün könüllü olmağı özünə borc bilir.

Möhtərəm cənab Prezident, çox şadıq ki, bizim fəaliyyətimiz dövlətimiz tərəfindən də çox yüksək qiymətləndirilir. Həm Siz, həm də hörmətli Mehriban xanım sosial fəal gənclərə nəinki dəstək olursunuz, həmçinin müxtəlif tədbirlərdə birbaşa olaraq özünüz də iştirak edirsiniz. Bunun biz gənclərə verdiyi yüksək motivasiyanı heç nə ilə əvəz etmək mümkün deyil. Bu ilin də məhz könüllülərə həsr edilməsi Sizin və Mehriban xanımın biz gənclərə ayırdığı diqqət və qayğının bariz nümunəsidir. Könüllülərə verdiyiniz dəyər gənclərin və ümumilikdə, cəmiyyətimizin, dövlətimizin inkişafında böyük rol oynayır. Bildirmək istərdik ki, bundan sonra da fəaliyyətimiz boyunca apardığınız gənclər siyasətinin bir parçası olaraq hər zaman etimadınızı doğruldacaq, cəmiyyətimizin, gənclərimizin fərdi inkişafına təkan verəcək, gənclərin potensiallarından ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə edəcək, öyrəndikcə öyrədəcək, inkişaf etdikcə digərlərinin də inkişafı üçün çalışacaq, Vətənə və vətəndaşlara olan sevgimizi yüksək tutacaq, azərbaycanlı adını layiqincə daşımağa çalışacağıq, Vətənə olan sevgimizi hər zaman yüksək intellekt, sülhsevərlik, bilik, eləcə də birlik və bərabərliyimizlə ifadə edəcəyik. Diqqətinizə görə minnətdaram.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bildirməliyəm ki, bu, sayca 17-ci “ASAN xidmət” mərkəzidir. Şadam ki, bu mərkəz Kürdəmirdə açılır və kürdəmirli gənclər burada fəaliyyət göstərirlər. “ASAN xidmət” mərkəzlərinin açılışı, eyni zamanda, yüzlərlə iş yerinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda bütün mərkəzlərdə 4 mindən çox əməkdaş var. Bu mərkəzdə 250-dən çox əməkdaş və 45 könüllü fəaliyyət göstərir. Növbəti mərkəzin məhz Kürdəmirdə fəaliyyətə başlaması da təsadüfi deyil. Kürdəmir çox önəmli və böyük potensiala malik olan rayondur, əhalisi də çoxdur, ölkəmizin demək olar ki, mərkəzində yerləşir. Ona görə regional mərkəz kimi məhz Kürdəmirin seçilməsi hesab edirəm ki, düzgün qərar idi. Bu mərkəz 6 rayonun vətəndaşlarına xidmət göstərəcək. Ancaq Siz də yaxşı bilirsiniz ki, indi istənilən rayon sakini istənilən mərkəzdə istənilən xidməti ala bilər.

Kürdəmir rayonunun inkişafına bundan sonra da diqqət göstəriləcək. Bu gün rayonda bir neçə obyektin açılışında iştirak edirəm, o cümlədən yolun açılışı olub. Kənd yollarının vəziyyəti çox acınacaqlı idi. Son vaxtlar bu sahəyə böyük diqqət göstərildi və yolların 50 faizi yenidən quruldu. Mənə bu gün göstərilən təqdimatdan da məlum oldu ki, yolların əvvəlki vəziyyəti dözülməz idi. Orada heç asfalt da, çınqıl da yox idi, torpaq idi. Yağış yağanda o yollar keçilməz olurdu. İndi biz yolların 50 faizinin təmirinə nail olmuşuq. Ancaq hesab edirəm ki, dördüncü regional inkişaf proqramının 2023-cü ildə başa çatması nəticəsində Kürdəmir rayonunda bir dənə də təmirsiz yol qalmayacaq.

Mən Prezident kimi 15 il bundan əvvəl birinci dəfə Kürdəmirə gələndə rayonda qazlaşdırma demək olar ki, yox idi. Gənclər yəqin ki, bunu xatırlamır. Ancaq bu gün Kürdəmir rayonunda qazlaşdırma 98 faizə çatıb. Yəni, bir neçə kənd qalıb ki, orada hələ qaz xətləri çəkilməyib, biz onu da edəcəyik. Elektrik enerjisi ilə bağlı çox böyük problemlər var idi, həm fasilələr olurdu, həm də enerji çatmırdı. İndi isə bu problem yoxdur. 2013-cü ildə mənim iştirakımla Kürdəmir şəhərində içməli su layihəsinin açılışı oldu və Kürdəmir şəhəri təmiz, dünya standartlarına cavab verən su ilə təmin edildi. Bununla bərabər, 43 modul tipli təmizləyici qurğu inşa edilmişdi ki, çay boyunca yerləşən kəndlərin camaatı da təmiz içməli su ilə təmin edilsin. Hazırda Kürdəmir şəhərində kanalizasiya layihəsi icra edilir. Mənə verilən məlumata görə, icra 20 faizdir və yəqin ki, yaxın 1-2 il ərzində bu problem də öz həllini tapacaq.

“Azərxalça”nın fabriki bu gün açılır. Bir neçə aqropark fəaliyyət göstərir. Əsaslı təmirdən çıxmış Mərkəzi Rayon Xəstəxanasının da mənim iştirakımla açılışını etmişik. Olimpiya idman mərkəzi, Gənclər evi inşa edilib. Yəni, belə obyektlərin sayı çoxdur. Otuzdan çox məktəb əsaslı təmir edilib. Amma görüləsi işlər də çoxdur. Ona görə dördüncü regional inkişaf proqramının uğurlu icrası nəticəsində hesab edirəm ki, bir dənə də olsun infrastruktur problemi qalmamalıdır.

İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülməlidir və görüləcək, xüsusilə özəl sektorda və dövlət sektorunda. Hələ ki, dövlət sektorunda da yeni iş yerlərinin yaradılması zəruridir. Çünki istəmirəm ki, işsiz adam olsun. İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir, çünki əhalimiz artır. Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, əhali artır və müstəqillik dövründə 3 milyon artıb. Təsəvvür edin, bizim əsas infrastruktur layihələrimiz sovet dövründə icra edilmişdir və onlar təqribən 6-7 milyon əhaliyə hesablanmışdır. Əgər biz son illərdə böyük infrastruktur layihələrini icra etməsəydik, bu gün işıqsız, susuz, qazsız qalacaqdıq. Çünki biz artan əhalini həm işlə, həm ərzaqla, həm də məktəblərlə təmin etməliyik. Hər il əhali 100 min artır. İqtisadi inkişaf buna uyğun olmalıdır. Ona görə bölgələrdə və böyük şəhərlərdə iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir. Amma mən tam əminəm ki, biz bütün çağırışlarla bağlı öz siyasətimizi bundan sonra da uğurla aparacağıq. Artan əhali bizim gücümüzdür və eyni zamanda, elə bir amildir ki, bizi daim daha fəal olmağa sövq etməlidir. Artan əhali artan tələbat deməkdir.

Əminəm ki, bundan sonra da Kürdəmir rayonunun inkişafında önəmli addımlar atılacaq və burada proseslər uğurla gedəcək, vətəndaşlar işlə təmin olunacaqlar, həm onların sosial rifahı yaxşılaşacaq və belə gözəl mərkəzlər yaradılacaq. Sizi bir daha təbrik edirəm, sizə xoşbəxtlik, cansağlığı arzulayıram. Həmişə belə gözəl, enerjili, fəal olasınız. Sağ olun.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev “ASAN Həyat” kompleksinin tərkibindəki “ABAD Food Hall”ın fəaliyyəti ilə tanış oldu, burada mümayiş etdirilən məhsulların nümunələrinə baxdı.

***

16:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı mərkəzin açılışını bildirən düyməni basıb.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.

Sonra Prezident İlham Əliyev “ASAN könüllüləri” ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm