BAXCP sədrindən bayram təbriki
Bizi izləyin

Sosial

BAXCP sədrindən bayram təbriki

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlərim,
Sizi Novruz bayramı münasibətilə təbrik edirəm.

Milli adət-ənənələrimizin, millətimizin folklor və etnoqrafiya elementlərinin böyük bir hissəsini özündə cəmləşdirən, xalqımızın fəlsəfi dünyagörüşünün, Tanrıya, kainata, təbiətə, isanlara bütöv münasibətinin göstəricisi olan Novruz təkcə türk etnosunun, eləcə də bir sıra Şərq xalqlarının deyil, bütövlükdə insanlığın ən mükkəmməl və ən qədim bayramıdır. Dünya xalqlarında Novruz qədər təbiətlə həmahəng olan ikinci bir bayram yoxdur. Bütün bunlar xalqımızın nə qədər böyük tarixə və mədəniyyətə sahib olmasının bariz nümunəsidir. Azərbaycan xalqı qədim olduğu qədər də gəncdir, daima yeniləşməyi bacarandır, yenilikçidir. Bu amil özünü tarixin bütün dövrlərində, milli adət-ənənələrimizdə, inanclarımızda, təfəkkürümüzdə, məişətimizdə büruzə verib.

Əziz həmvətənlərim,

Təəssüf ki, bu Novruz bayramını ənənələrimizə uyğun bir şəkildə, ocaq ətrafında, əl-ələ verərək qeyd edə bilmirik. Yeni növ koronavirus (COVİD-19) infeksiyası bütün bəşəriyyəti ciddi çağırışlar qarşısında qoyub və təbii ki, belə bir şəraitdə bayramı öz evimizdə, öz ocağımızın başında qeyd etmək məcburiyyətindədik. Amma birlik, həmrəylik özünü əl-ələ verməklə ifadə etmir. Birlik və həmrəylik ilk növbədə düşüncədə, əməldə olmalıdır. Bu baxımdan, milli birliyimizi, həmrəyliyimizi davranışlarımızda ifadə etməklə bu təhlükəli virusla mübarizədən qalib çıxmalıyıq və çıxacağıq da!

Dəyərli soydaşlarım,

Novruz-yeni gün, yeni başlanğıc deməkdir. Əminəm ki, təbiətə, milli-mənəvi dəyərlərimizə və Tanrının bizə bəxş etdiyi maddi-mənəvi üstünlüklərə söykənərək, qarşımızda dayanan bütün çətinlikləri yenəcək, Azərbaycanı bütöv və qüdrətli dövlətə çevirəcəyik. Sizi bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı və uğur gətirən günlər arzulayıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm