Nazir sosial yardımların detallarını açıqlayır - CANLI YAYIM
Bizi izləyin

Sosial

Nazir sosial yardımların detallarını açıqlayır - CANLI YAYIM

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev koronavirus pandemiyasının vurduğu iqtisadi zərbələrin minimallaşdırılması ilə bağlı Tədbirlər Planını izah edir.

Axar.az xəbər verir ki, nazir Azərbaycanın öz üzərinə sosial dövlət missiyasını götürdüyünü və cənab Prezident siyasətinin sosial yönlü olduğunu dəfələrlə sübut etdiyini qeyd edib.

"Ona görə də işsiz şəxslər üçün 50 min yeni iş yeri yaradılır. Ötən il İşsizin Dostu layihəsində 38 min iş yeri açılmışdı. Hazırda bu rəqəm 50 min artırılır. Bunun artıq Bakı və rayonlar üzrə bölgüsü də aparılıb. Gələn həftədən icrasına başlanacaq", - S.babayev bildirib.

Nazir qeyd edib ki, ikinci istiqamət işsizlərə 190 manat miqdarında iki aylıq ödəmənin həyata keçirilməsidir:

"Bu iki istiqamətə 100 milyon manat vəsait ayrılıb.

Üçüncü tədbir özünəməşğulluq proqramının genişləndirilməsidir. Ötən il 10.200 insan özünüməşğulluq proqramına cəlb edilmişdi. Bu il pandemiyanın bu prosesi ləngitməsinə baxmayaraq, özünəməşğulluq proqramına daha 11 min şəxs cəlb ediləcək. Bu istiqamətə isə 70 milyon vəsait ayrılıb".

Nazir bildirib ki, işsizlikdən sığorta mexanizminin daha da sadələşdirilməsi nəzərdə tutulur:

“Əgər əvvəl vətəndaş öz ərizəsi ilə işdən çıxırdısa, onda həmin şəxsə işsizlik sığortası ödənilmirdi. Ancaq hazırda proqram hazırlanır. Bu mexanizmə əsasən, əmək müqaviləsi bitən şəxslər də işsizlik sığortasına cəlb ediləcək. Bu mexanizm 20 min nəfəri əhatə edəcək”.

Hazir vurğulayıb ki, dördüncü kateqoriya xüsusi həssas qrupların müdafiəsinə yönəlib:

“2019-cu ilin yekunlarına əsasən, Dövlət Sosial Müdafiə Fondunun 200 milyonluq ehtiyatı yaranıb. Bu vəsait hazırkı azalmaların kompensasiyasına sərf olunacaq və vətəndaşlara ödənişlərdə heç bir problem olmayacaq.

2 milyon 300 min insanın təqaüdü, sosial yardımı və s. mart ayında heç bir problem olmadan ödənilmişdir və apreldə də qəti problem yaranmayacaqdır.

Müavinət və təqaüdlər adətən ayın sonunda ödənilirdi. Ancaq hazırda onları qabağa çəkmişik və 20-21 apreldə ödəniş olacaqdır. 2 milyon 300 min insanın 700 mini 65 yaşdan yuxarı olan insanlardır. Mən onlardan xahiş edirəm ki, karantin rejimini pozmasınlar və pensiyaların nağdlaşdıırmasını doğmaları vasitəsilə həyata keçirsinlər.

Tənha ahıllarımız isə 102 xidmətinə müraciət etsinlər və onlara könüllülər yardım edəcəkdir.

Həmçinin təqaüdçülərə bildiririk ki, heç bir bank heç bir sosial ödənişlərdə faiz tutmayacaqdır. Ona görə də ən yaxın bankomatdan vəsaiti nağdlaşdırmaq lazımdır.

Ünvanlı sosial yardım alan şəxslərin müavinətləri karantin rejiminin sonuna qədər uzadılmışdır. Əlavə olaraq 7 min ailə də ünvanlı sosial yardım alanlar sırasına daxil edilib. Hazırda 78 min ailə, yəni 330 min insan ünvanlı sosial yardımla əhatə olunur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm