Ailəsi Rəşad Atakişiyevi məzarı başında yad etdi - "Hər addımı qəhrəmanlıq nümunəsi idi" - FOTO
Bizi izləyin

Sosial

Ailəsi Rəşad Atakişiyevi məzarı başında yad etdi - "Hər addımı qəhrəmanlıq nümunəsi idi" - FOTO

Bu gün Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin anım günüdür. Ailə üzvləri, yaxınları İkinci Fəxri Xiyabanda pilotun məzarını ziyarət edib.

Publika.az xəbər verir ki, Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva bildirib ki, bir il onlar üçün çox ağır, acılı keçib: "Biz qəhrəmanımızı, həyat yoldaşımı, uşaqlarım onları dəlicəsinə sevən valideynini itirdi. Yaramız ilk gündəki kimidir. Deyirlər il yaranı azaldır, amma qətiyyən belə olmadı. Onun qəhrəmanlığı ilə fəxr duyuruq. Çünki doğrudan da onun hər uçuşu qəhrəmanlıq mücəssiməsi idi. Onun hər addımı qəhrəmanlıq nümunəsi idi və nə etdisə, xalqı üçün elədi. Məhz gecə təlim uçuşlarında, o cür mürəkkəb şəraitdə hava sərhədlərimizi qoruyarkən, bizim evdə rahat yatmağımızı təmin edərkən həyatını itirdi".

Pilotun atası Səlahəddin Atakişiyev oğlunun ölümünün onlar üçün çox ağır olduğunu deyib: "Nə qədər ki, bizim şəhidlərimiz var, deməli Vətən yaşayır. Vətən uğrunda ölən varsa, vətəndir. Bizim övladlarımız da elə övladlardan olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli qeyd edib ki, Rəşad Atakişiyevin yoxluğu təkcəsi ailə üçün yox, həm də millətimiz üçün də çox böyük itkidir: "Rəşad sənətini sevən, yüksək vətənpərvərlik duyğuları ilə yaşayan, çoxumuza nümunə olan bir insan idi. Təəssüflər olsun ki, sirli bir şəkildə aramızdan getdi. Amma keçən bir il ərzində onun yerinin boşluğu daha aydın nəzərə çarpır. Mən bir ildə üç qardaşımı itirmişəm, amma o zaman belə kədər hiss etməmişdim. Bir nəfərin gedişi ailəmizdə çox böyük boşluq yaratdı. Sanki bir neçə ailənin düzəni pozuldu. Çox sağ olsunlar dövlətimiz, qulluq etdiyi hərbi hissənin rəhbərliyi, Hərbi Hava Qüvvələrinin komandanı yas mərasimindən tutmuş, sonrakı vaxtlara qədər ailənin yanında oldular. Ailənin yükünün, dərd-qəminin azaldılmasında böyük rol oynadılar. Nahaq yerə demirəm ki, Rəşadın ölümü ailə üçün böyük itkidir. Mən onu yaxından tanıyırdım. Böyük əxlaq, mənəviyyyət sahibi idi. Ən başlıcası isə öz sənətini çox yüksək səviyyədə mənimsəmişdi və bilirdi. Mən onun çox böyük perspektivini gözləyirdim, amma əcəl aman vermədi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm