Sağlam istirahət şəraiti, yaxud vətəndaşın seçdiyi çətin yol... – Çimərliklərdən REPORTAJ
Bizi izləyin

Sosial

Sağlam istirahət şəraiti, yaxud vətəndaşın seçdiyi çətin yol... – Çimərliklərdən REPORTAJ

“DİQQƏT! 2 metr ara məsafəsi saxlayın (ailə üzvləri istisna olmaqla)”.

Bu lövhələr İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış (Şıxov) ödənişsiz ictimai çimərliyində müxtəlif məsafələrdə yerləşdirilib.

Çimərlikdə sosial məsafənin qorunması üçün xüsusi iplərlə zonalar yaradılıb və istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə lazımi tədbirlər görülüb.

İstirahət edən paytaxt sakini Ülvi Tarıverdiyev belə zonaların yaradılmasının həm sağlamlıq, həm də rahatlıq baxımından çox yaxşı olduğunu deyir.

“Əvvəlki illərdə belə zonalar yox idi və hər kəs qumun üzərində çox yaxın məsafədə əyləşirdi. Bu, istər-istəməz daha rahat istirahət etməyə mane olurdu. İndi belə bir addımın atılması həm rahatlıq, həm də sağlamlıq baxımından olduqca yaxşıdır. Gələn mövsümdə də bu zonaların saxlanılması yaxşı olar”, - paytaxt sakini bildirir.

Çimərlik ərazisində sıxlıq giriş qapısından müşahidə olunur. Asayişi qoruyan polis əməkdaşları sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinə maneələrin yaranmaması üçün lazımi addımlar atırlar. Xüsusilə sıxlığın yaranmaması üçün ərazini 10 avtomobil tərk etmədən yeniləri buraxılmır. Çimərlikdə olan vətəndaşların sayı həm də ASAN könüllülərin elektron qaydada apardığı hesablamara uyğun müəyyən edilir.

Eyni qaydalar çimərliyin daxilində də tətbiq olunub. Polis əməkdaşları həm avtomobillərin park edilməsi, həm də vətəndaşların giriş qapısına yönləndirilməsi işini həyata keçirir.

Lakin vətəndaşlar arasında qaydaları pozmağa çalışanlar da var. Belə hallarda həm polis əməkdaşları, həm də ASAN könüllülər müdaxilə edir, hər kəs qaydalara riayət etməyə dəvət olunur.

ASAN könüllülər çimərlik ərazisinə daxil olmaq üçün istifadə olunan girişdə vətəndaşları qəbul edir. Onlar həm vətəndaşların dezinfeksiya vasitələrindən istifadə etməsini, həm də çimərliyə gələnlərin sayının hesablanması işini həyata keçirir.

Bu hesablama elektron qaydada “cimerlik.az” saytında canlı olaraq yenilənir, həm də əraziyə müvafiq saydan artıq şəxsin girişinin qarşısı alınır.

İDEA ictimai çimərliyinin ümumi tutumu 900 nəfərdir. ASAN könüllüsü Nəzmin Həbibzadə hesablama apararkən, ərazidə 892 nəfər var idi və giriş qapısında boş olan 8 yer üçün insanların buraxılması həyata keçirilirdi.

N.Həbibzadə qeyd edir ki, ərazidə 900 nəfərdən artıq şəxsin olmasına icazə verilmir.

“Bu hesablama ərazidə istirahət edənlərin sayını müəyyənləşdirməyə kömək edir və giriş qapısında buraxılış bu saya görə həyata keçirilir. Bununla yanaşı, davamlı olaraq “cimerlik.az” portalında yenilənir. Bu da insanlara evdən çıxmazdan öncə hansı çimərliyin dolu olduğunu, hansında yerin olduğunu öyrənməyə imkan verir. Bu, ilk növbədə vətəndaşların rahatlığı üçün yaxşı imkandır, lakin gün ərzində gələnlərin sayının çox olması insanların portalda yenilənən statistikaya baxmadığını göstərir. Əks təqdirdə dolu çimərliyə daxil ola bilməyəcəyini bilə-bilə gəlməzlər. Halbuki, evdən çıxmazdan öncə portala baxsalar, əlavə vaxt itkisi ilə üzləşməz, əziyyət çəkməzlər”, - könüllü bildirir.

Bu vaxt bir neçə vətəndaş giriş qapısından çıxmağa çalışır, lakin könüllülər bunun qayda pozuntusu olduğunu, xüsusilə hesablamaların aparılmasına mane törətdiyini deyərək, onları çıxış qapısına yönəldirlər.

ASAN könüllüsü Anar Əkbərov deyir ki, onlar çimərliklərdə giriş-çıxışa nəzarət edir və burada istirahətə gələnlərin sayını kvotaya uyğun tənzimləməyə çalışırlar: “Limit dolduqdan sonra giriş bağlanır və vətəndaşların daxil olmasına icazə verilmir. Bundan sonra çimərliyi tərk edənlərin sayı qədər vətəndaşların daxil olmasına şərait yaradılır. Könüllülərin fəaliyyəti bununla yekunlaşmır. Könüllülər çimərlik ərazilərində səsgücləndiricilər vasitəsilə əhalini qaydalara riayət etməyə səsləyir, onları məlumatlandırırlar”.

O, həftəsonları çimərliyə üz tutanların sayının digər günlərlə müqayisədə 2-3 dəfə çox olduğunu da diqqətə çatdırıb.

İstirahət edən paytaxt sakini Vidadi Qurbanov bəzi vətəndaşların qaydalara əməl etmək istəməməsindən şikayətlənir. O, çimərliyə gəlməzdən əvvəl “cimerlik.az” portalına baxdığını və buna uyğun hərəkət etdiyini eyir: “Amma gördüyünüz kimi, çoxları buna əməl etmir, nəticədə sıxlıq və narahatlıq yaranır”.

V.Qurbanov ərazidə həm sağlamlıq, həm də təhlükəsizlik baxımından tətbiq olunan qaydalardan razı olduqlarını deyir.

Paytaxt sakini Bəhram Abdullayev isə çimərliklərin istifadəsinə icazə veriləndən sonra ailə üzvləri ilə birgə ilk dəfədir istirahətə gəldiklərini deyir.

Bildirir ki, çimərlikdə infrastrukturun, ictimai nəzarətin, xilasedicilərin fəaliyyəti qənaətbəxşdir və təşkilatçılıq yüksək səviyyədədir. “Çimərlikdə təmizlik yüksək səviyyəddir, tullantılar tez-tez daşınır. Vətəndaşlar da çimərlik ərazisini çirkləndirmirlər. Çimərliyin fəaliyyəti xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil olunub. Sosial məsafə gözlənilməklə istirahət üçün yerlər ayrılıb. Vətəndaşların əksəriyyəti qaydalara əməl edir”.

Ərazidə kişilər üçün açıq, xanımlar üçünsə qapalı duş kabinələri də quraşdırılıb.

Çimərlikdə sosial məsafənin saxlanılması və sıxlığın qarşısının alınması üçün atılan addımlarla yanaşı, vətəndaşların təhlükəsizliyinin qorunması qaydalarına da əməl olunur.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları daim təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edir, mütəmadi olaraq, vətəndaşlar qaydalara əməl etməyə dəvət olunur. Bununla yanaşı, çimərlik ərazisində Təcili Tibbi Yardım Xidməti də işləyir.

Müşahidələr çimərliklərdə vətəndaşın sağlamlığı, təhlükəsizliyi və rahat istirahəti üçün lazımi şəraitin yaradıldığını göstərir. Lakin o da müşahidə olunur ki, vətəndaşların hamısı qoyulan qaydalara əməl etmir.

Hərçənd, “cimerlik.az” portalı hazırda vətəndaşlar üçün əvəzolunmaz imkanlar yaradır. Portalda çimərliklərdəki vəziyyətlə bağlı daim yenilənən məlumata baxmaq imkan verir ki:

- Vətəndaş hansı çimərlikdə yer olub-olmadığını evdən çıxmazdan öncə öyrənir;

- Bu məlumat vətəndaşı əlavə əziyyət və vaxt itkisindən xilas edir;

Son iki günün mənzərəsi isə vətəndaşların ən asan və rahat yoldan istifadə etmədiyini deməyə əsas verir. Halbuki, bu laqeydlik ilk növbədə koronavirusa yoluxma riskini artırır.

Müvafiq qurumlar bu riskin qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Elmin İmanov bildirir ki, qurum rayon icra hakimiyyətləri ilə birgə paytaxtdakı bütün çimərliklərə yerində baxış keçirib.

“Çimərliklərdəki vəziyyət təhlil edilib, həmin ərazilərdə infrastrukturun yaxşılaşdırılması, mövcud vəziyyətin daha da ürəkaçan olması istiqamətində addımlar atılıb. Hər bir çimərlikdə ən ümdə məsələ mövcud epidemioloji vəziyyətə uyğun olaraq sosial məsafənin gözlənilməsi, həmin ərazinin dezinfeksiyaedici məhlullarla təmin edilməsidir. Bununla yanaşı, çimərlik ərazisində xüsusi maafirləndirici lövhələr qoyulub. Lövhələrdə çimərlik ərazilərində əməl edilməsi vacib olan qaydalar öz əksini tapıb. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlanlarla ayrılıb. Eyni zamanda, tələb olunan qaydalara əməl edilməsi səsgücləndiricilər vasitəsilə istirahətə gələn vətəndaşların diqqətinə mütəmadi olaraq çatdırılır”, - şöbə müdiri qeyd edir.

Onun sözlərinə görə, ən həssas məsələlərdən biri buradakı təmizlik vəziyyətidir: “İcra hakimiyyətinin tabeliyindəki qurumlar bununla bağlı gücləndirilmiş iş rejimində işləyirlər. Burada təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əməkdaşlar çox ciddi fəaliyyət göstərirlər. Çimərliklər təmizlik baxımından çox yüksək səviyyədədir, bununla bağlı hər hansı bir problem yoxdur”.

Meriya rəsmisi vurğulayıb ki, çimərliklərə üz tutanların sayının tənzimlənməsi məqsədilə “cimerlik.az” portalı fəaliyyət göstərir.

“Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunur. Vətəndaşların çimərliyə gəlməzdən əvvəl portala daxil olub sıxlıqla bağlı vəziyyəti öyrənmələri və sıxlığın az olduğu çimərlikləri seçmələri tövsiyə olunur. Məqsəd odur ki, vətəndaşlar çimərliklərdə sıxlıqla qarşılaşmasın və yoluxma riskləri minimuma endirilsin. İki gündür ki, çimərliklərdə sıxlıq müşahidə edilir, bu da haqlı narahatlığa səbəb olur. Vətəndaşlardan xahiş olunur ki, mövcud vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atmaqdan çəkinsin və gəlməzdən əvvəl portala daxil olaraq sıxlığın az olduğu çimərliklərə üz tutsunlar. İcra hakimiyyətinin əməkdaşları monitorinq apararaq çimərlikdə kvotanı artırmaq üçün mövcud şəraiti təhlil edirlər. Monitorinqin nəticələrinə uyğun rəqəmlər dəyişə bilər. Çimərliklərin kvotaya uyğun fəaliyyətini təmin etmək məqsədilə hər bir çimərliyin giriş və çıxışında “ASAN xidmət” könüllüləri fəaliyyət göstərir. Onlar çimərliklərə daxil olanların qeydiyyatını aparırlar. Nəticədə, çimərliklərə istirahətə gələnlərin və boş yerlərin sayı avtomatik olaraq portala yerləşdirilir. Könüllülər, həmçinin əhalinin məlumatlandırılmasını həyata keçirir, qaydalara əməl olunmasının zəruriliyini onların diqqətinə çatdırırlar. Çimərlikdə təhlükəsizliyə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları nəzarət edirlər. Onlar burada istirahətə gələnlərin sayının tənzimlənməsində də yaxından iştirak edirlər. Yəni, ASAN könüllüləri ilə DİN əməkdaşları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Əgər boşluq yoxdursa, yer dolubsa, onlar vətəndaşları digər çimərliklərə yönləndirirlər”, - E.İmanov deyir.

İndi əsas iş vətəndaşın üzərinə düşür: son statistikalar ölkədə koronavirusa qarşı mübarizənin müsbət nəticə verdiyini göstərir, məhz bu mənzərə fonunda çimərliklərin açılması vətəndaşların istirahət etməsinə hesablanıb.

Bütün çimərliklərdə sağlamlığın qorunması və təhlükəsizliyin təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Yeganə məsələ vətəndaşın daha məsuliyyətli olması, özünün və yaxınlarının sağlamlığı, təhlükəsizliyi üçün qaydalara riayət etməsidir. Xüsusilə koronavirusun yoluxma hallarının azaldığı bir vaxtda statistikanın mənfiyə doğru dəyişməməsi, yumşalmanın yenidən sərtləşdirilmə ilə əvəzlənməməsi, ən əsas da özünün sağlamlığı üçün hər bir vətəndaş daha məsuliyyətli olmalıdır.

Hər-halda istirahətə getməzdən öncə “cimerlik.az” portalına baxmaq, buna uyğun addım atmaq, qaydalara riayət etmək o qədər də çətin deyil.



Asif Nərimanlı

Foto/Video: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm