Elə məscidlərimiz var ki, cümə günləri oraya 7000 insan toplaşır - Ceyhun Məmmədov
Bizi izləyin

Sosial

Elə məscidlərimiz var ki, cümə günləri oraya 7000 insan toplaşır - Ceyhun Məmmədov

“Hazırda ölkəmizdə karantin rejimi tətbiq olunur. Bir sıra yumşaldılmalara gedilsə və müəyyən sahələrin fəaliyyətinə icazə verilsə də, insanların kütləvi şəkildə toplaşdığı yerlərin fəaliyyətinə hələ ki, icazə verilmir. Eyni zamanda, məscidlərin yaxın günlərdə açılması gözlənilmir. Buna səbəb orada insanların sıx toplaşmasıdır. Bilirik ki, virus ən çox insanların sıx toplaşdığı yerlərdə sürətlə yayılır”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. O bildirib ki, insanların kütləvi toplaşdığı yerlərdə virusa yoluxma hallarına daha çox rast gəlinir:

“Odur ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərin bir müddət bağlı qalmasına qərar verib. Müvəqqəti çətinlikdir, insanlar bunu anlayışla qarşılamalıdır. Elə məscidlərimiz var ki, cümə günləri oraya 7000 insan toplaşır. Bu rəqəm kifayət qədər yüksəkdir. Pandemiyanın bitmədiyini nəzərə alsaq, bu qədər insanın oraya toplaşması virusa yoluxma imkanlarını artırır. Bir müddətdən sonra vəziyyət sakitləşərsə, onların yenidən fəaliyyətinə şərait yaradılacaq”.

Millət vəkili qeyd edib ki, insanın öz sağlamlığını bilərəkdən təhlükəyə atması dini baxımdan da yolverilməzdir:

“İnsanların sağlamlığı bir çox məsələlərdən öndə dayanır. Hətta bir çox ibadətlərin yerinə yetirilməsində ilk şərtlərdən biri həmin insanların sağlam olmasıdır. Dinimiz də təsdiq edir ki, insanlar birinci növbədə sağlamlığını qorumalıdır. İnsanlar sağlam olmazsa, ibadətlərini yerinə yetirə bilməzlər. Nəticə etibarı ilə sağlamlıq məsələsi ön planda gəlməlidir.

Ölkəmizdə Məhərrəmlik ayinlərinin keçirilməsi ilə bağlı müzakirələr aparılır. Lakin hazırkı dövrdə məscidlərin fəaliyyəti məqsədəuyğun sayılmır. İnanıram ki, dindar insanlar bu məsələyə anlayışla yanaşacaq. Müxtəlif konfranslar, insanların kütləvi toplaşdığı seminarlar və digər tədbirlərin də keçirilməsinə hələ ki, razılıq verilmir. Məqsəd əhalinin sağlamlığının qorunması və yoluxma sayını minimuma endirməkdir. Pandemiya səngidikdən sonra əlbəttə ki, dini ayin və mərasimlərin kütləvi şəkildə icrasına, məscidlərin fəaliyyətinə icazə veriləcək”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm