Qaçırılan 17 yaşlı qızla bağlı daha bir AÇIQLAMA - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Qaçırılan 17 yaşlı qızla bağlı daha bir AÇIQLAMA - (YENİLƏNDİ)

Avqustun 28-də kütləvi informasiya vasitələrində Bərdə rayonunda 17 yaşlı qızın iki dəfə ailə həyatı qurmuş şəxs tərəfindən qaçırıldığı ilə bağlı məlumatlar öz əksini tapıb. Dərhal məsələ ilə əlaqədar müvafiq məlumat yayılmasına baxmayaraq, öz növbəsində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məsələnin araşdırılması üçün Bərdə Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət edilib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Monitorinq qrupunun sədri Fəqət Şadlinskaya ailəyə səfər edərək azyaşlı qızla görüşüb. Söhbət əsnasında, həqiqətən də, qızın öz istəyi ilə ailə qurduğu məlum olub və yaxın vaxtlarda münasibətlərinin rəsmləşdirilməsi üçün aidiyyəti dövlət orqanına müraciət edəcəkləri bildirilib.

"Göstərilən məqamlar söhbətin videoyazısında da bir daha öz təsdiqini tapır. Bir daha xatırladırıq ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşı oğlanlar və qızlar üçün 18 yaş müəyyən edilib. Yalnız yerli icra hakimiyyəti orqanının razılığı əsasında nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər. Nazirlər Kabineti tərəfindən 23 iyun 2020-ci il tarixli Qərarla “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda əksini tapdığı kimi erkən nikah hallarının qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, o cümlədən sosial həyatına bir sıra ciddi problemlər yaratdığını vurğulayır və gənclərimizi düşünülməmiş addımlardan çəkinməyə çağırırıq", - açıqlamada vurğulanıb.

***

18:00

Bərdə rayonunda 17 yaşlı qızın qaçırılması ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

"Avqustun 28-də kütləvi informasiya vasitələrində Bərdə rayonunda 17 yaşlı qızın 2 dəfə ailə həyatı qurmuş şəxs tərəfindən qaçırıldığı ilə bağlı məlumatlar öz əksini tapıb. Məsələ operativ olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. Məsələnin araşdırılması üçün Bərdə Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət edilib. Monitorinqin nəticəsinə uyğun olaraq, aidiyyəti üzrə müvafiq tədbirlər görüləcək", - məlumatda bildirilib.

***

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bərdədə 17 yaşlı qızın qaçırılması ilə bağlı yayılan məlumatla bağlı açıqlama verib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı cari il mart ayının 29-da qızın atası E.H. Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) gedərək qızının qaçırılması barədə ərizə ilə müraciət edib:

“Müraciətlə əlaqədar olaraq Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədi ilə getdiyini bildirib”.

Qeyd edək ki, sosial şəbəkələrdə 17 yaşlı qızın 2 dəfə evlənib-boşanmış şəxs tərəfindən qaçırıldığı barədə məlumat yayılıb. Bildirilib ki, ailəsi qızın evə qayıtmasını istəyir, lakin onunla danışmağa belə imkan verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm