Televiziyalarımızda biabırçı mənzərə - İstintaqdakı işlərlə bağlı qərar verilir
Bizi izləyin

Sosial

Televiziyalarımızda biabırçı mənzərə - İstintaqdakı işlərlə bağlı qərar verilir

Ölkədə fəaliyyət göstərən televiziya kanallarının bir çoxunda ailə-məişət mövzularının yer aldığı verilişlərin yayımlanmasına artıq tamaşaçılar adət ediblər. Belə verilişlərin əksəriyyətində adətən problemi olan insanlarla yanaşı, şou əhli, eləcə də vəkillər iştirak edirlər. Həmin vəkillərin müzakirə mövzusu olan məsələlərlə bağlı konkret fikir bildirməsi və fikirlərinin yekununda qərar qəbul etməsi nə dərəcədə qanunauyğundur?

Vəkil Habil İsgəndərov bu məsələyə sosial şəbəkədəki paylaşımında etiraz bildirib.

Mövzunu ciddi hesab edən vəkil həmkarlarının bu tip verilişdə iştirakını düzgün hesab etmir.

"Şou efirində vəkillər istintaqı başa çatmamış, qanuni qüvvəyə minmiş hökmü olmayan cinayət işlərinin detallarını müzakirə edirlər. Cinayət əməlini kim törədib, müstəntiqin səhvləri nədir, məhkəmə filan xüsusatı nəzərə almayıb, filankəs niyə cəlb edilməyib, bəlkə cinayəti filankəs törədib və s. İstintaqın və məhkəmənin araşdırmalı detalları müğənni Cavanşir Məmmədovla vəkillər müzakirə edirlər. Bıçaqlanan dedikləri şəxs canlı efirə qoşulub kimlərisə təhqir edir, vəkillə mübahisə edir və s. Rüsvayçılıqdır, verilişlə cinayət işini həll edirlər. Vəkil belə verilişlərdə olmamalıdır".

Mövzu ilə bağlı Publika.az-a açıqlamasında Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov bildirib ki, vəkillər mütəmadi olaraq çıxışlar edirlər və bu, hüquqi cəhətdən vətəndaşların maariflənməsinə kömək edir. Ancaq burada ziddiyətli məqamlar da var: "Hər hansı bir vəkilin işin konkret nəticəsi barədə məlumat verməsi, gələcəkdə qəbul olunacaq qərar barəsində konkret olaraq hər hansı bir vəd verməsi və əminliklə bunu söyləməsi "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin, həm də "Vəkillik fəaliyyəti haqqında" Qanunun tələblərinə ziddir. Tələblər ondan ibarətdir ki, hər bir vəkil göstərdiyi hüquqi yardımla bağlı hüquqi yardım göstərdiyi şəxsə işin sonrakı gedişi, nəticəsi barəsində ehtimallarını bildirə bilər. Ancaq konkret olaraq işin nəticəsi barəsində hər hansı vəd vermək etik davranış qaydalarının pozulmasıdır və bu, yolverilməzdir".

Ş.Məmmədov qeyd edib ki, ümumiyyətlə, hər hansı bir məsələ ilə bağlı münasibət bildirirsə, vəkil sirrini qorumalıdır: "Hansısa bir şəxsin şərəf və ləyaqətini alçaldan, ifadələrə, hərəkətlərə yol verməməlidir. Bu, mütləq şəkildə vəkilin riayət etməli olduğu davranış qaydalarıdır. Fikir bildirə bilər, ancaq bəzən konkret deyirlər ki, bu iş bu cür nəticələnəcək. Yaxud deyirlər ki, bu işlə bağlı məhkəməyə müraciət olunsa, məhkəmə bu cür qərar qəbul edəcək. Bu, yolverilməzdir. Bizim vəkillik fəaliyyətinin tibb fəaliyyətinə oxşarlığı var. Həkim xəstənin müalicənin nəticəsi ilə bağlı konkret fikir bildirə bilmirsə, vəkil fəaliyyəti də o cür ehtimallar üzərində qurulur. Ümumiyyətlə, vəkillik fəaliyyəti ilə bağlı bir çox şikayətlər daxil olur, ancaq konkret televiziya kanallarında çıxışlar barədə şikayət daxil olmayıb. Vəkillərin sosial şəbəkələrdə, KİV-də çıxışları ilə bir çox intizam araşdırmaları olub. Əgər televiziya kanallarında çıxışlarla bağlı belə bir müraciət daxil olarsa, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam icraatı başlanarsa, İntizam Komissiyası tərəfindən araşdırma aparılacaq və nəticədə müvafiq qərar qəbul olunacaq”.

Nigar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm