• USD 1,7000 0,00% EUR 2,0063 -0,37%
    • GBP 2,2204 -0,54% RUB 0,0222 +0,90%

BMTM Üzeyir Hacıbəyli doğum günü əlaqədar açıq qapı günü keçirir

  • Sosial
  • 18 Sentyabr 2020 15:20
BMTM Üzeyir Hacıbəyli doğum günü əlaqədar açıq qapı günü keçirir

Dahi bəstəkar Üzeyir Hacıbəyli vaxtilə iş otağının yerləşdiyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin inzibati binasında bəstəkarın doğum günü və Milli Musiqi Günü ilə əlaqədar açıq qapı günü keçirilir. Məqsəd Azərbaycan musiqisinin məbədi olan Şuşa şəhərinin işğalına, Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzünün davam etməsinə diqqət çəkməklə yanaşı belə bir otağın varlığı barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır.

Publika.az xəbər verir ki, əvvəlcə xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə açılış mərasimi təşkil olunub. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-in hazırda fəaliyyət göstərdiyi binada ilk olaraq Bakı Musiqi Akademiyasının fəaliyyət göstərdiyini deyib və bir çox Bakı sakinlərinin Üzeyir Hacıbəyli bu otaqda fəaliyyət göstərdiyindən xəbərsiz olduğunu bildirib: “Bakının bir çox sirləri var. Arxitekturası gözəldir, mərkəz küçələri tarixi binalarla zəngindir. Lakin bir çox insan, tarixçilər, araşdırmaçılar bu otağın varlığından xəbərsizdir. Biz düşündük ki, bunu müəyyən mənada təbliğ etməliyik. Təşkil etdiyimiz tədbir həm də siyasi xarakter daşıyır. Azərbaycanın bir çox mədəniyyət xadimləri, o cümlədən dahi bəstəkar Üzeyir Hacıbəyov Şuşada anadan olublar. Təəssüf ki, bu şəhər Azərbaycanın bır sıra digər rayonları ilə birlikdə işğal altındadır. Bizim Mərkəz beynəlxalq məsələlərlə məşğuldur və ən əsas işimiz Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır. Biz bu əlamətdar gündən istifadə edərək və bu otağı simvolik olaraq seçərək həm Azərbaycan, həm də dünya ictimaiyyətinin diqqətini Azərbaycanın işğal olunmuş torpaqlarına çəkmək və işğal faktı ilə heç zaman barışmayacağımızı bəyan etmək istəyirik. Azərbaycanda həm hərbi, həm siyasi istiqamətdə münaqişənin həlli ilə bağlı müəyyən işlər görülür. Bizim də elmi istiqamətdə fəaliyyətimiz işğal olunmuş ərazilərimizin boşaldılması və əhalinin öz yurd-yuvalarına qayıtması ilə bağlıdır”.

Daha sonra çıxış edən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev BMTM-ə belə bir tədbirin təşkilinə görə təşəkkür edib və bildirib ki, Üzeyir Hacıbəyli öz əsərləri ilə Azərbaycanı dünya çapından tanıdan şəxsiyyətdir: “Qarabağlı və şuşalı olaraq daim Azərbaycanı ürəyində yaşayır və onun yaradıcılığı Azərbaycanın nə dərəcədə istedadlı insanlar yetişdirdiyini dünyaya sübut edir,”.

O, Şuşa ilə ailə bağlarının olduğunu deyərək Üzeyir Hacıbəyli onun həyatında da dərin izlər buraxdığını diqqətə çatdırıb. Mərasimdə həmçinin Mədəniyyət Nazirliyinin nümayəndəsi qatılıb.

Bu gün saat 12:00-dan 17:00-a kimi isə şəhər sakinlər iş otağına baxış imkanına malik olacaqlar. Otağa baxış xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, BMTM bir zamanlar Bakı Musiqi Akademiyasının, Asəf Zeynallı adına Musiqi Kollecinin yerləşdiyi binada fəaliyyət göstərir. Tarixi bina 1885-ci ildə tikilib. Bir müddət Üzeyir Hacıbəyli bu binada iş otağı yerləşib. Təxminən 10 il əvvəl uzun müddət boş olan iş otağı Üzeyir Hacıbəyovun ev muzeyindəki iş otağına bənzər şəkildə tərtib olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR