Dəyəri milyardlarla ölçüləcək torpaqlarda... - Firudin Tağıyev
Bizi izləyin

Sosial

Dəyəri milyardlarla ölçüləcək torpaqlarda... - Firudin Tağıyev

Torpaqlarımızın əksəriyyəti suvarılan torpaqlardır. 3-4 ildir ki, suvarma qıtlığı çəkirdik, kənd təsərrüfatı bu sahədən ən çox təsirlənən sektordur. Ən böyük problemlərdən biri də odur ki, işğal altında qalan torpaqlarda olan su anbarları illərlə erməni qəsbkarları tərəfindən istifadə edilib. Bununla da suvarma problemlərinin daha da artmasına səbəb olmuşdular. Şükürlər olsun ki, Ali Baş Komandanın qətiyyətli səyi və şanlı ordumuzun şücaəti sayəsində işğal altında olan torpaqlarımızın bir hissəsi geri qaytarıldı.

Bunu Publika.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyev deyib. Mütəxəssis bildirib ki, işğal altındakı ərazilərdə olan su anbarlarından istifadə edə bilməmək suvarma problemini daha da qabartmışdı:

“Kənd təsərrüfatının inkişafını suvarma suyu olmadan təsəvvür etmək mümkün deyil. Məhsuldarlıq bilavasitə suvarma ilə bağlıdır. Şanlı ordumuzun apardığı əməliyyatlar nəticəsində iki su anbarı nəzarətimizə keçdi. Prezidentimizin müvafiq qərarı ilə əvvəllər Madagiz olan su anbarının adı dəyişdirilərək Suqovuşan oldu. Bu su anbarı o qədər də böyük deyil, su anbarının ümumi həcmi 5.86 mln.m³-dir. Amma çox strateji ərazidə yerləşir. Hazırda 3 rayonda - Tərtər, Goranboy, Yevlaxda su problemi həll olunmağa başlayır. Neçə illərdir ki, susuz qalan ərazilərə Suqovuşan su anbarından su buraxılıb. Bu, həm də əkin sahələrinin su problemlərinin həlli perspektivlərinin, eyni zamanda ekoloji tarazlığın bərpa olunmasına səbəb oldu. İllərdir suyun kəsilib saxlanılması ərazilərin susuzluqdan əziyyət çəkməsinə və quraqlığın yaranmasına gətirib çıxarmışdı. Artıq növbəti hədəf olaraq Sərsəng su anbarının alınmasını gözləyirik. Orada daha böyük su ehtiyatımız var, söhbət 565 mln.m³ sudan gedir. Qarşıdakı təsərrüfat ilində yeni əkin mövsümü başlayır. Bu anbarı da tam nəzarətə götürdükdən sonra payızlıq və yazlıq əkinlərin həmin rayonlar üzrə su təminatı xeyli həll edilmiş olacaq”.

Ekspertin sözlərinə görə, işğalda olan 8 su anbarının azad olunması ölkəmizdə məhsuldarlığın artmasına ciddi təkan verəcək:

“İllərdir ki, torpaqlarımızın 600 min hektarı erməni qəsbkarları tərəfindən istifadə olunur. Bu torpaqlar çox qiymətlidir, 30 ildir dəyəri milyardlarla ölçüləcək kənd təsərrüfatı məhsullarının istehsalından kənarda qalmışdıq. Əvəzində ermənilər qanunsuz olaraq bu torpaqlarda yetişən ümumi daxili məhsul gəlirindən faydalanırdılar. Şanlı ordumuzun qüdrəti sayəsində torpaqlarımızı işğaldan tamamilə azad etdikdən sonra aqrotexniki qaydalara riayət etməklə ümumi daxili məhsulumuzda əsaslı artımlar müşahidə edəcəyik. Eyni zamanda, heyvandarlıqla əlaqədar olan əsas yaylaqlar Kəlbəcər rayonunun ərazisindədir. Onun da potensialından istifadə edərək heyvandarlığı inkişaf etdirə biləcəyik”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm