Əmək pensiyaları ilə bağlı yeni qaydalar tətbiq ediləcək
Bizi izləyin

Sosial

Əmək pensiyaları ilə bağlı yeni qaydalar tətbiq ediləcək

Milli Məclisin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik üçüncü oxunuşda təsdiq edilib.

Dəyişikliklərin əsas mahiyyəti pensiya təyinatında sosial sığorta prinsiplərinin gücləndirilməsi, bəzi kateqoriya şəxslər üçün nəzərdə tutulan pensiya əlavələrinin Prezident təqaüdləri ilə birləşdirilməsi, sığorta stajı sahəsində güzəştlərin daha 2 il müddətində artırılması, pensiya təyinatının elektronlaşdırılması istiqamətində islahatların dərinləşdirilməsi yolu ilə qanunvericiliyin təkmilləşdirilməsinə nail olmaqdır.

Yeni qanun layihəsi aşağıdakı dəyişiklikləri nəzərdə tutur:

1. 19-cu maddənin ləğv edilməsi:

- bu maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəbdir.

- bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə birləşdirilməsi təklif olunur. Belə ki, bu maddədə nəzərdə tutulan şəxslərin əksər hissəsi (Azərbaycanın Milli Qəhrəmanlarının şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Böyük Vətən müharibəsi iştirakçıları, I dərəcə əlilliyi olan şəxslər və sair) Prezident təqaüdləri ilə əhatə olunur və bu pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək , eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir. Hal- hazırda Prezident təqaüdü ilə əhatə olunmayan şəxslər üzrə isə yeni təqaüdlərin təsis olunması nəzərdə tutulur.

Eyni zamanda bu maddədə nəzərdə tutulan şəxslər prezident təqaüdü ilə yanaşı hüquqları yarandığı halda aylıq əsasda sosial müavinət və ya əmək pensiyası da alacaqlar.

2. Pensiya yaşına çatmış şəxslərin əmək pensiyasına əlçatanlığını təmin etmək məqsədilə sığorta stajı sahəsində güzəştlərin daha iki il davam etdirilməsi. Belə ki, 2019-2022-ci illərdə pensiya yaş həddinə çatmış şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaqdır.

3. Əmək pensiyası sahəsində elektronlaşma ilə əlaqədar əmək pensiyasının şəxsin yaşayış yerindən asılı olmayaraq təyin olunması imkanının yaradılması.

4. Bir sıra prosedur xarakterli məsələlərin (əmək pensiyasının təyin olunma vaxtının, əmək pensiyalarından tutmaların məbləğinin) dəqiqləşdirilməsi və bununla da bir sıra praktiki xarakterli məsələlərin həllinə nail olunması.

Qanuna dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm