Qadın məhbuslar azadlıqda: Prezidentimiz sağ olsun ki... - TƏSİRLİ ANLAR (REPORTAJ)
Bizi izləyin

Sosial

Qadın məhbuslar azadlıqda: Prezidentimiz sağ olsun ki... - TƏSİRLİ ANLAR (REPORTAJ)

Ötən gün ölkə prezidentinin imzaladığı əfv sərəncamına əsasən 625 nəfər azadlığa çıxdı. Bu gün səhər saatlarından cəzaçəkmə müəssisələrində prezidentin imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

Publika.az-ın əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində olublar. Əməkdaşlarımızın verdiyi xəbərə görə, qadın məhbusların cəza çəkdiyi bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 12 nəfərə şamil olunub. 11 məhkuma isə arayışlar təqdim edilib. Arayışları məhkumlara hüquq müdafiəçisi Səadət Bənəniyarlı verib.

Prosesdə ombudsman Səbinə Əliyeva da iştirak edib. Səbinə Əliyeva tədbirdən sonra cəzaçəkmə müəssisəsin giriş qapısında – bayırda gözləyən keçmiş məhbus yaxınları ilə də bayramlaşıb, onlara gözaydınlığı verib: “Hamınızın bir daha gözünüz aydın olsun. Novruz bayramınızı təbrik edirəm. Bu bayram günlərində mən də sizlərin sevincinə şərik olduğumu bildirirəm”.

Məhbus yaxınları da ombudsmana təşəkkürlərini bildirdilər. Göyçək adlı xanım öz bacısını gözləyir. Təəssüratlarını soruşuruq. Deyir ki, sevincindən dili dolaşır. Ona görə də çox danışa bilmir: “Allah Prezidentimizin canını sağ eləsin. Çoxdandır ki, bu günü gözləyirdik. Ən əziz bayramımız olan bu Novruz günlərində nə qədər ailələri sevindi. Çox sağ olsun, axır ki, gözümüz yollardan çəkildi. Allah bütün məhbusların qapısını açsın”.

Adının açıqlanmasını istəməyən başqa bir məhbus yaxını isə qaynanasını gözlədiyini söyləyir: “5 il idi ki, bu cəzaçəkmə müəssisəsinə gedib-gəlirdim. Həsrət bitdi. 9 ayı qalmışdı. Prezidentimiz əfv elədi. Çox sağ olsun. Sevincimizin həddi-hüdudu yoxdur”.

Başqa bir xanım isə qızını gözlədiyini söyləyir. Gözləri dolur. Danışa bilmir. Səsi qırılır. Əllərini yuxarı qaldırıb Allaha dua edir. Bircə onu eşidirəm ki, dualarının içərisində Prezident də var: “Sevinirəm, Allaha şükürlər olsun, Prezidentimiz də sağ olsun ki, bu qədər adamı sevindirdi”.

Yenə gözləri dolur... Gözlənilən an gəlib çatır. Qapılar açılır. Məhbuslar əllərində buraxılış kağızları ilə bayıra çıxırlar. Səssizlik və sükut hay-küylə əvəzlənir. Məhbuslara yaxınlaşmaq istəyirik. Onlar bizdən yayınıb doğmalarını qucaqlamağa tələsirlər. Uşaqlarına sarılıb ağlayan qadınlar, övladlarının sevincdən qucağına aldığı analar... Yanına heç kim gəlməyən gənc qız... Məhbus yaxınlarından biri çəkiliş üçün müsait olmadığını dilə gətirir. Görünən mənzərə isə bizə bəs edir:

- Çox şükür... Çox şükür...

- Qardaşın niyə gəlməyib?! Görmürəm, hardadı...

- Ana, sizə qurban, gəl, gəl...

- Ağlama, hər şey qurtardı, balam, yanınızdayam...

- Ağlama, ana, ağlama, bayramdı...

Məhbusların hər biri bu əziz gündə onları əfv etdiyi üçün ölkə başçısına təşəkkür etdiklərini, həddən artıq sevinc hissi keçirdikləri üçün danışa bilmədiklərini dilə gətirdilər. Onların yerinə isə daha çox məhbus yaxınları danışıb prezidentə ağız dolusu təşəkkür etdilər.

Tural Turan,

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm