• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

Kiminsə Şuşada araq içməsi... - Millət vəkili ETİRAZ ETDİ

  • Sosial
  • 20 May 2021 11:35
  • 5 464 Baxış
Kiminsə Şuşada araq içməsi... - Millət vəkili ETİRAZ ETDİ

Dünyada ən qəribə mühakimə tərzini yalnız bizdə, yəni Azərbaycanda tapa bilərsiniz. Son günlərimizin bir neçə dəyərləndirməsində ən yanlış mövqeni isə mətn oxumadan ittiham etmə vərdişini daşıyan sosial şəbəkə qaragüruhunu qızışdırmaqla məşğul olan bəzi ortabab jurnalistlər tuturlar.

Diqqətlə xəbərə baxın, guya bir millət vəkili və dövlət məmuru şəhidin adına olan bulaqda arağı soyudublar və sonra içiblər. Şəhid adına hörmətsizliyin elə birinci addımı bu cür xəbərləri yaymaqdan başlayır. Spirtli içkiyə mənfi münasibətim tanıyan hər kəsə bəllidir. Ancaq paylaşılan fotolardan bulaqda arağın soyudulması və içilməsi faktı aydın olmur. Bəlkə də olub, ancaq xəbəri yayan bunun inandırıcı sübutunu ortaya qoymalıdır. Bu, hələ məsələnin faktla bağlı tərəfi. Hüquqi tərəfinə baxanda, işğaldan azad olunmuş ərazilərə gedəndə, gələndə kiminsə içib-içməməsi barədə hansısa qadağa nəzərdə tutulubmu?

Şuşa şəhid qanları ilə azad olunmuş bir şəhərimizdir. Ötən günlərdə ora gedən qonaqların bəzisinin qarşısında pivə və ya başqa spirtli içki vardı. Paylaşılan fotolardan bu anlaşılırdı. Kimisi də məsciddə bayram namazı qılırdı. O halda yazacaqdınız ki, şəhid qanı ilə azad olunan bir şəhərdə filankəslər içki içdilər? Bu nə məntiq, bu nə şivən, bu nə şəhid adının ucuz manipulyasiyası? İndi bir inanclı insan şəhidin adına olan bulaqda abdəst almaq üçün ayaqlarını yuyanda nə deyəcəksiniz? Bir nadana, bir qaragüruhçuya bundan gözəl hansı manşet ola bilər ki: "Şəhidin adına olan bulaqda filan məmur abdəst alarkən ayaqlarını yudu". Demək ki, bir millət vəkilini və ya məmuru məsuliyyətsiz insanların hədəfinə çevirmək üçün ortabab jurnalistikamızın seçdiyi üsullardan biri məhz bu formada gerçəkləşdirilir.

Yaxud da bir millət vəkili öz səhifəsində təhsil, elm, kitablarla bağlı statuslarına ciddi yanaşılmasını və münasibət bildirilməsini dostluğunda olan 5000 nəfərdən istəyir və bunu bacarmayanların dostluqdan səmimi şəkildə çıxmasını xahiş edir, əvəzində bu 5000 nəfərin içindəkilər bir yana qalır, dərədə-bucaqda olan hər kəs linçetmə kampaniyasına başlayır. Ona görə linç etmirlər ki, konkret olaraq ünvanlarına hansısa xoşagəlməz ifadə işlədilib, məhz millət vəkili olduğuna görə kampaniya aparmağı məqsədyönlü şəkildə gerçəkləşdirirlər.

Elmə, təhsilə, düşüncəyə sayğın adam niyə bu çağırışdan inciməlidir? Səhifə adamın intellektual mülkiyyətidir, sən oranı öz məhdud ağlınla bayağılaşdırmaq istəyirsənsə, adam buna etiraz etməsin? Azərbaycanda gerçək kitab bilicisi kimi tanınan, təhsil, Nobel mükafatları, fəlsəfə sahəsində orijinal tədqiqatlar və dəyərli kitablar ortaya qoyan bir alimin qərəzli şəkildə hədəf seçilməsi prosesini də qızışdıranların mətni təhrif edərək yayan savadsız jurnalistlər olduğunu gördükdə üzülməyə bilmirsən. Adama deyərlər ki, öyrədə bilirsən bilgini paylaş öyrənim, bilmirsənsə, sus və bilgisini paylaşanın qarşısına kötük kimi dikilmə!

Başqa bir kampaniya da "Eurovision"la bağlıdır. Yenə də manipulyasiya 44 günlük Vətən savaşından və şəhidlərdən başlayır. "44 günlük savaşdan və möhtəşəm qələbədən, verdiyimiz şəhidlərdən sonra bu geyimlə dünyanın qarşısına çıxmaq ayıb deyilmi?" ritorik çağırışına bir baxın. Əlbəttə, ayıbdır. Ancaq harada? Bakıda, Şuşada, Gəncədə ayıbdır. Ancaq Niderlandda qara çadra ilə çıxmalıydılar? Bu, bir şoudur, bir əyləncədir, "Eurovision" özü də soyunma məclisidir, Azərbaycan da ortodoks müsəlman ölkəsi deyil ki? Pis geyim müğənninin, rəqs edənlərin özünə aid problemdir, bunun qələbəmizlə, şəhidlərlə əlaqələndirilməsində indi kimsə məntiq tapa bilərmi?

Mən də artıq bir ildir ancaq saytlarda gedən şəxsimə aid informasiyaları və yazdığım məqalələri səhifəmdə yerləşdirirəm, kitaba, düşüncə mətnlərinə özüm qadağa qoymuşam. Firdovsi ilə çobanın məşhur keçi söhbətini heç vaxt unutmuram. Avropa düşüncə adamlarının kitabları barədə görüşlərimi paylaşarkən rəylərin içində "uşaqpulu nə vaxt veriləcək?", "metro və vaxt açılacaq?", "indi kitab vaxtıdır?" suallarının çoxluğundan Frommun "Azadlıqdan qaçış"ı misalı, öz səhifəmdən sakit-səssiz qaçmağa başladım. Bu cür mətnləri seçdiyim, mühakiməsinə sayğı duyduğum ayrıca dostlara göndərirəm və yalnız onlarla müzakirə edirəm. Ümumi şəkildə dedi-qodu ilə məşğul olanları tənqid etsəydim, hər halda Vətən savaşından sonra xeyli kövrəkləşmiş insanları incidəcəyimi də proqnozlaşdırmamış deyildim.

Bütün bunları bir tərəfə qoyub diqqətimi çəkən bir Vətən savaşı və şəhidlərimizlə əlaqəli mövzunu xatırlatmaq istədim. Bizim müqəddəs şəhidlərimizin içində 1918-ci ildə Azərbaycanı istiqlala qovuşdurmaq üçün məmləkətimizə gəlmiş və şəhadətə qovuşmuş türk əsgərinin məzarları özəl yer tutur. Bu şəhidlik kompleksinin ən diqqətçəkicisi Şamaxıya çatmamış Acıdərə deyilən yerdə salınıb. Bu, Azərbaycan xalqının və dövlətinin türk şəhidlərinə vəfa borcunun bir nümunəsidir. Hər dəfə bu yolu keçərkən bir neçə dəqiqəliyə maşını saxlayıb bu abidə kompleksinin üzərində türk əsgərinin ruhuna dularımızı yetirirdik. İndi burada yeni və xeyli rahat yol çəkilib. Allah bu cür yol salan hər kəsdən razı olsun. Ancaq bu şəhidliyə giriş üçün maşın saxlamağa yer qoymayıblar. Artıq kimsə burada dayanıb vəfa borcunu yerinə yetirə bilmir. Son savaşda qələbəmizin mənbəyi məhz yüz il öncənin o şəhidləridir, duyarlı insanları bu borcu yerinə yetirməkdən məhrum etmək isə yanlışdır.

Sonuncu məsələni qətiyyən işıqlandırmayın! Çünki sosial şəbəkə qaragüruhu bu cür mövzuları sevmir.

Fazil Mustafa

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR