Sosial
“Lider TV”də “SON ZƏNG”: 11 yox, 21 illə başa vurulan məktəbdə SON ANLAR - FOTO
Bir neçə il bundan əvvələ qədər 31 may Azərbaycanda “Son zəng” günü kimi qeyd olunardı. Elə bu il mayın 31-i də “Son zəng” idi. Amma orta məktəbdə yox, televiziya məkanında...
Mayın 31-i bütün “Lider TV”nin əməkdaşları – daha doğrusu, məzunları bir araya gəlmişdilər. Vidalaşmaq üçün... 11 illik deyil, 21 illik məktəb ömrünü başa vururdu. Söhbət Azərbaycanın televiziya məkanında öz sözünü demiş “Lider” televiziyasından gedir.
Vida – “Son zəng” günündə Publika.az-ın əməkdaşları da 21 illik televiziyanın son dəqiqələrini görüntüləmək, dəstək vermək üçün həmkarlarının yanında idi.
***
Biz qapıdan içəri girəndə televiziyanın rəhbəri Ədalət Əliyev müxbirindən operatoruna, redaktorundan texniki işçisinə qədər hər kəslə səmimi şəkildə sağollaşırdı. İlk günündən son gününə qədər “Lider”də çalışanların hamısı yavaş-yavaş binanın foyesinə toplaşırdı.
Bizi içəridə “Xoş ovqat” proqramının aparıcısı Aşıq Namiq qarşılayır. Bizimlə görüşənə qədər hər kəslə selfi çəkdirirdi. Yaxınlaşıb söhbətləşirik:
- Namiq bəy, “Lider” niyə bağlandı? Deyilənə görə maaşları verə bilmirdi...
- Xeyr, elə şey yoxdur. Hər kəs maaşlarını vaxtlı-vaxtında alıb. Hamısı şayiədir. Yalan söhbətdir. Aybaay maaşlar verilib. Hətta biz ödəniş edəndə də deyirdilər ki, gecikdirməyin, çünki filan vaxtda işçilərin maaşları verilməlidir. Bu telekanaldan çıxanlar var ki, indi özü televiziya rəhbəridir. “Lider” ana kanaldır. 7 ildir bu kanaldayam. Qəhrəmanlarımızı, dünyadan köçən sənətkarlarımızı bu 7 ildə yad etmişik.
- Bu gün çalışdığınız, layihələr gerçəkləşdirdiyiniz televiziyanın son günüdür. Hisslərinizi sözlə ifadə etməyə gücünüz çatar?
- Biz az çətindir. Burada çox yaxşı günlərimiz keçib. “Lider TV” hər zaman ən baxımlı kanal olub. Verilişləri ilə diqqət çəkib. Bütün ölkədə özünə yetərincə tamaşaçı toplaya bilib. Mən “Lider”ə gələnə qədər bir neçə telekanalda çalışmışam. Bundan sonra layihələrimi harada davam etdirəcəyimi bilmirəm. Bu layihələri gerçəkləşdirənə qədər mənim çoxlu pullarım gedib. Çox layihələr həyata keçirmişəm. Bir çoxlarına dəstək olmuşam. Efirlərə çıxarmışam. Bu kanal dövlətçiliyə xidmət edib. Ulu öndərimiz də deyib ki, bu kanalın böyük gələcəyi var. Mən sadəcə şokdayam. “Lider”in rəhbəri Ədalət müəllim də çox sadə insandır. Yəni, biz burada şəxsiyyətlə işləyirdik. Bu kanalda istədiyim sözü deyirdim.
Daha sonra “Lider TV”nin keçmiş əməkdaşlarından biri ilə qarşılaşırıq. Azərbaycan mediası onu yaxşı tanıyır. Səfurə Çərkəzqızı deyir ki, “Lider TV” əsl televiziya, telejurnalistika məktəbi idi. Xatirələrini soruşuruq. Bir anlıq duruxur. İndi yadıma düşmür – deyir. Birdən danışmağa başlayır: “Çox gərgin rejimdə işləyirdik. Yenə də rəhbərlik qane olmurdu. Jurnalistlər belə-belə bu sənətdə “bişirdilər”, yetişirdilər. Bir dəfə xəbərlər blokunu yığırdım. Redaktor iş prosesində məni danladı. Mən də əlimdəki işimi yarımçıq qoyub getdim (gülür). Yəni, “liderçilər” hər zaman ən gərgin iş prosesində olsalar da, burada sözlə ifadəsi olmayan bir doğmalıq var idi. Buradan gedənlər heç zaman keçdiklərini unutmayıblar. “Lider” sözün əsl mənasında bir məktəb idi”.
Səfurə xanım illər əvvəl “Lider”də gerçəkləşdirdiyi qeyri-adi süjetinin maraqlı xatirəsindən də danışır. Özü də nə xatirə: “Yadıma bir əhvalat düşür. Deməli, aprelin 1-i Gülüş günü üçün maraqlı süjet hazırlamaq lazım idi. Planlaşdırmada bu mövzunu mənə verdilər. Düşündüm, elə bir süjet eləməliyəm ki, bir az qeyri-adi olsun. Ağlıma bir fikir gəldi, o vaxt “Azərişıq” əvəzinə “Barmek” idi. “Barmek”in rəhbəri Hüseyn Arabula zəng etdim, söylədim ki, Gülüş günü ilə bağlı sizdən açıqlama alacağam. O da maraqlı adam idi, heç soruşmadı ki, Gülüş gününün mənə nə aidiyyəti var. Getdik, Hüseyn bəyə dedik ki, siz sənədləri cırırsınız, görüntü yaradırsınız və deyirsiniz ki, mən burada işləmək istəmirəm, Azərbaycanı tərk edirəm. Biz də “Lider”də onu verəcəyik və ən sonda deyəcəyik ki, bu, bir “şaka” idi. Bizim bu ssenarimiz Hüseyn Arabula çox ləzzət elədi. Heç demədi ki, mən rəsmi adamam, bunu edə bilmərəm. “Barmek”in rəhbəri elə bir obraz yaratdı ki, operator da, mən də gülməkdən ölmüşük. Anonsunu da belə verdik: “Barmek” Azərbaycanı tərk edir. Hüseyn Arabul istefa verdi... Anons lap əvvəldə getdi. Süjeti isə “Səda”nın lap axırına saxladıq. Bütün tamaşaçılar gözləyir ki, görəsən nə baş verir?.. Süjetdən sonra ən axırda dedik ki, bu, 1 aprel zarafatıdır (gülür). Deməyim odur ki, mən “Lider”də arzuladığım bütün süjetləri çəkə bilmişəm. Qeyri-adi “stand-up”lar eləmişəm”.
Müxtəlif vaxtlarda bir yerdə işləmiş jurnalistlər bir-birinə sarılır. Üzlərində təbəssüm də var, gözlərinin dərinliklərində kədər də... Gözləri dolanlardan biri də “Lider”in əsas simalarından olan Elnarə Dərziyevadır. Hansı hisslər keçirdiyini soruşuruq. Gözləri dolur. Danışa bilmir. Səsi hıçqırıqlı halda deyir ki, bu televiziyaya gələndə 21 yaşı var idi. Peşəsinə aid hər bir bilgini burada öyrəndiyini söyləyir:
- Bu gün “Lider”in “Son zəngi”dir. Bu, sonuncu deyil, əbədi zəngdir. “Lider TV” Azərbaycan tamaşaçısının qəlbində taxt qurub. Hər zaman yaşayacaq.
Vaxtilə bu televiziyada idman xəbərlərini aparan Orxan Sübhana yaxınlaşırıq. Deyir ki, hələ də onun üçün doğma olan kanalın bağlanmasına inanmır.
2000-ci illərdə “Fortuna” verilişinin aparıcısı kimi bütün Azərbaycana özünü sevdirən Rəşad Kərimov aparıcısı olduğu verilişdən maraqlı anı bizimlə bölüşür:
- “Fortuna”da bir qonağımızı aeroporta apardım. Ora çatanda dedim ki, bunların hamısı bir zarafatdır. İlk olaraq birinci buraya çatan şəxsin hərbi biletini yoxlayacağıq. Əgər hərbi bileti yoxdursa, əvvəlcə hərbi xidmətə yollayacağıq, ondan sonra xarici ölkəyə gedə bilər. Həmin iştirakçı bizi orada qoyub qaçdı (gülür). Təbii ki, televiziyada bu cür zarafatlar çox olur. Həqiqətən də böyük təəssüflə qeyd edirəm ki, bu cür teleməkanın bağlanması üzücüdür.
“Lider”də aparıcı və müxbir kimi çalışan Elmira Manaflı söyləyir ki, hələ tələbəlik dövründən burada işləyir:
- Bu televiziya mənə ailə olub. Burada çox şey öyrənmişəm. Hətta cənab Prezidentdən müsahibə almaq imkanı qazandırıb. Yadımdadır, bir dəfə Respublika Günü idi. Cənab Prezident Dənizkənarı Parkda insanlarla görüşürdü. Yaxınlaşıb müsahibə almaq istədim. Çox sağ olsun, bizə müsahibə verdi. O qədər çox xoş anlarım olub ki, burada...
“Lider TV”nin xəbər otağında xəbərçiləri görürük. Masa arxasında toplaşıb söhbətləşir, xatirələri yada salırlar. Qucaqlaşıb görüşürlər. Gülürlər, kövrəlirlər.
Telekanalın hazırda canlı veriliş gedən studiyasına keçirik. “Star kids” verilişinin finalıdır. Modelyer Fəxriyyə Xələfova da buradadır. Kanalın bağlanması ilə bağlı fikirlərini almaq istəyirik. “Vallah, heç nədən xəbərim yoxdur, bilmirəm” – deyir...
Bayırda qocaman liderçilər dronla, telefonla selfi çəkirlər. Qucaqlaşıb sağollaşırlar.
Elə bu zaman içəridən bir dəstə balaca uşaq bayıra çıxır. Bayaq “Star kids”də studiyada əyləşən balacalardır. Əllərində kubok var. Gülürlər, əylənirlər. Bircə liderçilərdən fərqli olaraq onların üzündə yalnız sevinc var, gözlərinin dərinliklərində kədər yoxdur. Kim bilir, bəlkə də bu gün “Son zəngi” çalınan “Lider”, eləcə də liderçilər böyük missiyanı, estafeti əllərində kubok, diplom olan bu balacalara ötürürdülər! Bəlkə də bu “Son zəng” onlar üçün ilk zəngdir! Bəlkə də “Star kids”in uşaqları – gələcəyin liderləri ilə bu qocaman telekanal əməkdaşları orta məktəb dili ilə desək, birincilərlə on birincilərin xəyali görüşüdür, kim bilir...
Gülə-gülə “Lider TV”!
Tural Turan
Foto: Pərviz Həşimi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO