Nazir vətəndaş qəbulu keçirdi - FOTO
Bizi izləyin

Sosial

Nazir vətəndaş qəbulu keçirdi - FOTO

Mədəniyyət naziri Anar Kərimov avqustun 6-da videoformatda vətəndaşların qəbulunu keçirib.

Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazir onlayn görüşdə növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Görüşdə ümumilikdə on bir vətəndaşın müraciəti dinlənilib.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri müxtəlif mövzuları əhatə edib. O cümlədən yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinə fəxri adların, fərdi təqaüdlərin verilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma kimi məsələlərə dair müraciətlər olub.

Tədbirdə Anar Kərimov ölkəmizdə mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlərin, bu sahədə islahatların, eyni zamanda nazirlik tərəfindən icrasına başlanılan layihə və təşəbbüslərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırıb.

Nazir, həmçinin incəsənət xadimlərinin, Azərbaycan mədəniyyətinə töhfə verən şəxslərin daima diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Qeyd olunub ki, artıq bu sahədə yeni bir mexanizmin tətbiq olunması üçün işlər aparılır. Bu prosesin həyata keçirilməsində məqsəd gələcəkdə həmin şəxslərin peşəkar və yaradıcı fəaliyyətinin, zəhmətinin, mədəniyyət sahəsində xidmətlərinin qiymətləndirilməsinin ədalətli, şəffaf şəkildə və müstəqil bir komissiya vasitəsilə aparılmasıdır. Tətbiq olunan mexanizm sayəsində bu sahədə çalışan və mədəniyyətimizin inkişafında, təbliğində xidmətləri olan şəxslər gələcəkdə layiqincə dəyərləndiriləcəklər.

Vətəndaşların bütün müraciətləri dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb.

Sonda Anar Kərimov bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm