Amin Musayevə və daha 43 qaziyə avtomobil verildi - FOTO
Bizi izləyin

Sosial

Amin Musayevə və daha 43 qaziyə avtomobil verildi - FOTO

27 sentyabr – Anım günündə Vətən müharibəsində 44 gün ərzində aparılmış uğurlu hərbi əməliyyatların iştirakçılarına – qazilərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 44 avtomobil təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi Vətən müharibəsinin başlanmasından 1 il ötdüyünü qeyd edib. Nazir müavini bildirib ki, bir il əvvəl, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın azad edilməsi istiqamətində hərbi əməliyyatlara başladı, misilsiz döyüş qabiliyyəti göstərərək cəmi 44 gün ərzində ərazilərimizi düşməndən azad etdi.

Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən bəhs edən H.Abdullayev vurğulayıb ki, bu kateqoriyadan olan vətəndaşların rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir. Vətən müharibəsindən sonra şəhid ailələrinə və müharibə əlillərinə yönələn sosial ödənişlər növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən ciddi şəkildə artırılıb, həmçinin Vətən Müharibəsi Qəhrəmanları üçün aylıq təqaüd təsis olunub. Eyni zamanda, şəhid ailələri və qazilərimizlə bağlı geniş sosial dəstək paketi icra olunur.

Nazir müavini dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev verilməsinin nəzərdə tutulduğunu deyib.

Bildirib ki, o cümlədən 2021-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır. 2021-ci il üzrə artıq 1600 mənzil verilib. Cənab Prezidentin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə də mənzillər verilir.

Müharibə əlillərinin minik avtomobilləri ilə təminatının da uğurla davam etdirildiyini bildirən H.Abdullayev Nazirlik tərəfindən bu kateqoriyadan olanlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil, 2020-ci ildə 400 avtomobil verildiyini diqqətə çatdırıb. 2021-ci ildə isə 100 ədəd və bu gün daha 44 ədəd olmaqla, 144 avtomobilin, ümumilikdə ötən dövrdə 7350-dək avtomobilin müharibə əlillərinə təqdim olunduğunu diqqətə çatdırıb.

Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqlarını qeyd edərək, həmişə dəstəklə əhatə olunduqlarına, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm