Bizə dövlət tərəfindən xüsusi diqqət göstərilir - Qazi
Bizi izləyin

Sosial

Bizə dövlət tərəfindən xüsusi diqqət göstərilir - Qazi

“Vətən müharibəsinin başladığı ilk gündən döyüş əməliyyatlarına qatıldım. İlk olaraq Murovdağ istiqamətində gedən döyüşlərdə, daha sonra isə Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəhid olduğu postun azad olunmasında iştirak etmişəm”.

Bunu Publika.az-a açıqlamasında Vətən müharibəsi qazisi Dursun Mənaflı deyib.

D.Mənaflı qeyd edib ki, Mübariz İbrahimovun şəhid olduğu postun ətrafındakı 22 döyüş mövqeyini bir gecədə düşməndən azad ediblər: “Suqovuşan ərazisində 951 yüksəkliyinin azad olunması uğrunda döyüşmüşəm. Müharibə zamanı torpaqlarımızı düşməndən azad etdikcə daxildə ruh yüksəkliyi yaranırdı, çünki Xocalıda olan qətliamı heç kəs unutmamışdı və qisas almaq üçün hər kəs həvəslə döyüşürdü. Ancaq döyüşlərdə şəhid olan qardaşlarımızı düşündükcə daha da kədərlənirdik”.

Qazimiz vurğulayıb ki, ona dövlət tərəfindən xüsusi diqqət göstərilir: “Mən Mübariz İbrahimovun şəhid olduğu post ətrafında ayaq üstə düşmənə atəş açırdım, daha sonra yerə uzanıb yenidən atəş açmağa davam edərkən sağa baxdım və gördüm ki, düşmən qumbaraatanla məni hədəfə alıb. Mən düşməndən tez davranaraq onu məhv etdim və həmin qumbara başımızın üstündən keçdi. Müharibənin əsas qanunlarından biri odur ki, ölməmək üçün öldürməlisən və mən daha cəld tərpənərək düşməni zərərsizləşdirdim. Biz 5 nəfər öndə gedirdik, önümüzdə baş leytenant gedirdi və bir anda qışqırdı ki, yerə uzanın. Düşmən tank əleyhinə raketdən atəş açdı və həmin raket döyüş yoldaşımla aramıza düşdü. Alın nahiyəmdən daxil olan qəlpə gözümü parçaladı, başımdan yaralandım, sol əlimin dördüncü və beşinci daraq sümükləri sındı, ürək tərəfdən olan qabırğalarım sındı. Həmin partlayışdan sonra gözümü açdım və böyük bir alovun ətrafımızda olduğunu gördüm. İlk dəfədən özümdən getmişdim, daha sonra yaralanan döyüş yoldaşımın səsinə oyandım. Kaskanı çıxarıb çəkildim bir kənara. Əsgər yoldaşlarım məni oradan çıxarmaq istəyəndə onlara mənə əl dəyməmələrini dedim. Çünki hiss edirdim ki, qabırğalarım və qolum sınıb. Mən 9 noyabr gecəsi saat 12:50-də yaralanmışam və səhərə yaxın məni oradan çıxarıblar. Talış kəndinə təxliyə olunub, ən sonda Naftalanda birinci əməliyyata girdim. Döyüş bitdikdən sonra “Qarabağ” ordeni, “Suqovuşanın azad olunması uğrunda” və “Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif olunmuşam. Mənə dövlət tərəfindən xüsusi diqqət göstərilir. “YAŞAT” Fondu tərəfindən kreditlərim bağlanılıb və yaşadığım ev təmir olunub”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm