Seçim sizin deyil
Bizi izləyin

Sosial

Seçim sizin deyil

Baş Prokurorluğun təşkilatçılığı ilə "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyi" mövzusunda keçirilən konfransdan sonra aparılan müzakirələrin mahiyyətindən tamamilə məlumatsız olan bir qrup "klassik" və "yeni" media falçılarının yuxuyozmaları yenə dünyanı başına götürüb… Bəs, "amandır, qoymayın, Azərbaycanda mediaya qarşı elə medianın ən müxtəlif seqmentlərinin iştirakı ilə hücum kampaniyasına başlanılır. Asacaqlar, kəsəcəklər, biçəcəklər…" Bəziləri hətta sevincək olub yaradacaqları bəhanələr səbəbindən alacaqları qrantların boş…ovuclarına hopmuş qoxusunu dərin bir həsrətdən doğan acgözlüklə nəfəslərinə çəkərək, sosial şəbəkələrdə bir statusluq, yaxud bir rəylik "fırtına" qoparmağı da unutmayıb...

Əslində nə baş verib Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən konfransda? Fərqli baxışlara sahib peşəkar media subyektlərinin təmsilçilərinin, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası görəvlilərinin, Bakı Dövlət Universitetinin müəllimlərinin, ekspertlərin iştirakı ilə açıq, səmimi və bütövlükdə söz və ifadə azadlığının qorunmasına xidmət edən, çoxsaylı faydalı təkliflərin səsləndirildiyi, medianın inkişafına, cəmiyyət, dövlət və media kontekstində qarşılıqlı etimadlı münasibətlərin formalaşmasına xidmət edən təşəbbüslərin irəli sürüldüyü müzakirələr aparılıb. Heç bir süni maneə və məhdudiyyət olmadan…

Konfransda iştirak edənlər müzakirə olunan məsələlər və səsləndirilən fikirlərlə bağlı zatən məlumatlıdırlar… Hər halda bəzi iştirakçıların gerçəklikdən uzaq mülahizələri, subyektiv qiymətləndirmələri ilə tanış olanadək belə düşünürdüm. Amma görünür yön və mövqe dəyişməyə alışmış bəziləri bunu həyatlarının və peşə fəaliyyətlərinin bütün istiqamətlərinə elə tətbiq ediblər ki, Məşədi İbad demişkən, bir növ adətkərdə olublar. Hətta ehtiyac duyulmadığı təqdirdə belə, bir neçə saat ərzində bir neçə dəfə "yer" və yön dəyişirlər.

…Hər halda yaddaşlarında qısaqapanma baş verməyən konfrans iştirakçıları müzakirələrin hansı istiqamətdə getdiyini, hətta Baş Prokurorluq rəsmilərinin sosial mediaya münasibətdə bəzi peşəkar media subyektlərinin rəhbərlərindən dəfələrlə dözümlü bir yanaşma sərgilədiklərini unutmayıblar. Təfərrüatına varmayacağam. Və mənə görə, media mənsubu olmaq, heç də "ağzının horrasını" harada və necə gəldi "boşaltmaq" deyil. Nə isə… Son nəticədə hər kəs öz vicdanı qarşısında cavabdehdir.

Konfransın təməl qayəsi cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasında peşəkar media subyektlərinin rolunun artırılmasından ibarət olub.

Sosial mediada hökm sürən xaos barədə fikir mübadiləsi aparılıb, beynəlxalq təcrübədən nümunələr gətirilib, ictimai və hüquqi tənzimləmə mexanizmlərinin paralel tətbiqinin mümkünlüyü barədə danışılıb.

Durum hər kəsə bəllidir. Ola bilsin ki, kimlərsə sosial mediada hökm sürən özbaşınalıqdan, təhqir, söyüş, böhtan, qarayaxma və linç kampaniyalarından, insanları, hətta intihar həddinə çatdıran neqativ təzahürlərdən, hüquqa, əxlaqa, birgəyaşayış qaydalarına və bütün bəşəri dəyərlərə zidd davranışlardan narahat deyil, əksinə bütün bunları virtual və real həyatlarında yaşamayanda əndişələnirlər. Yaxud vaxtilə özünü mediada peşəkarlığın ölçü vahidləri hesab edənlər, artıq nəinki milli, heç mikrometr də olmadıqlarını başa düşürlər və bununla hesablaşa bilmirlər. Ola bilsin…

Amma sözügedən konfransda aparılan müzakirələrin, bütün bunlara da heç bir aidiyyatı yox idi. Qarşıya da mikrometrlərdən millimetr, millimetrlərdən santimetr… yapmaq kimi bir məqsəd də qoyulmamışdı…

Ümumiyyətlə, ön və arxa məqsədsiz, yaxına, yaxud uzağa hesablanmış strategiyasız-filansız fikir mübadiləsi aparılırdı… Vəssalam! İndi bütün bunlardan kimlərinsə "qarnına ağrı düşübsə", səbəbsiz ağrılarını sosial şəbəkələrin "divar"larında klassik primitivizmin eybəcər nümunələrinə çevirmədən öncə ciddi düşünmələrini tövsiyyə edərdim. İnsan münasibətlərinin, birgəyaşayış qaydalarının estetikasını pozmaq olmaz! Bunun alternativi cəmiyyəti ictimai ayaqyoluna çevirməkdir. Və bu məsələdə seçim sizin deyil.

Elçin Mirzəbəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm