“Camaat qorxmasın, bizə yod lazım olmayacaq” - Akademik Adil Qəribov
Bizi izləyin

Sosial

“Camaat qorxmasın, bizə yod lazım olmayacaq” - Akademik Adil Qəribov

Son günlər Azərbaycanda, xüsusən də paytaxt Bakıda insanlar yaxın vaxtlarda Rusiyanın Ukraynaya atom bombası atacağını düşünərək təşviş içərisində apteklərə axın edirlər ki, yod alsınlar. İş o yerə çatıb ki, bir sıra apteklərdə yod “yoxa çıxıb”. Hətta bəzi sosial şəbəkə istifadəçilərinin yazdıqlarına görə, bundan istifadə edib yodun qiymətini süni şəkildə qaldıranlar da var.

Bəs yod insanları yüksək tratil ekvivalentli taktiki və strateji nüvə bombalarından qorumaq iqtidarındadırmı? Bu maddənin insan həyatını nüvə bombasının məhvedici fəsadlarından qorumaq gücü nə qədərdir?

Suallarımızı nüvə mütəxəssisi, akademik, Kimya üzrə Nobel Mükafatına namizəd Adil Qəribova ünvanladıq.

Akademik Adil Qəribovun Publika.az-a müsahibəsini təqdim edirik:

- Adil müəllim, bir mütəxəssis olaraq sizdən soruşmaq istəyirik ki, insanların kütləvi şəkildə apteklərdən yod almasının səbəbi nədir? Nüvə bombasının atılacağı təqdirdə yod bizi nədən qorumaq gücünədir ki?..

- Adətən birinci növbədə qalxanabənzər vəzlərdə fəsadlar özünü göstərir. Bu da təbiidir. Çünki bu məsələdə ən həssas orqanlarımızdan biri şübhəsiz ki, qalxanabənzər vəzlərdir. Nüvə şüalanması zamanı ilk sıradan çıxa biləcək orqanımızdır. Hətta qalxanabənzər vəzin zədələnməsi bədxassəli xəstəliklərə gətirib çıxara bilər. Ona görə də onun müalicə olunması üçün ilk növbədə yoddan istifadə edilir. Çünki şüalanma baş verərsə, birinci qalxanabənzər vəzdə yod çatışmazlığı yaranır.

- Sizcə, insanların təşviş içərisində apteklərə axın edərək yod almasına, yoda bu səviyyədə tələbat yaranmasına ehtiyac varmı?

- Xeyr, əlbəttə ki, yoxdur. Bilirsiniz, bizim insanlar birdəfəlik yadda saxlamalıdır ki, Rusiya Ukraynaya təkcə taktiki yox, hətta strateji nüvə bombaları atsa belə, Azərbaycan bundan ziyan görməyəcək. Söhbət strateji bombadan, yəni böyük gücə malik dağıdıcı bombalardan gedir. Yəni, bu bombalar atıldığı halda Azərbaycana bir o qədər ziyan dəyməyəcək. Bu da o deməkdir ki, bizim yoda ehtiyacımız olmayacaq. Bunu hamı birdəfəlik yadda saxlamalıdır.

- Nəyə əsasən düşünürsünüz ki, Ukraynaya strateji bomba atılacağı halda biz bundan ziyan görməyəcəyik?

- Baxın, 1986-cı ildə Çernobl qəzası baş vermişdi. Bu hadisə də Ukrayna ərazisində baş vermişdi. Məhz ən böyük tullantı da Çernobl qəzası sırasında olmuşdu. Biz o zaman onu da hiss eləməmişdik. Yalnız bəzi sərhəd rayonlarımızda çayın, eləcə də bəzi məhsulların tərkibində zəif şəkildə radioaktiv maddə aşkarlanmışdı. Ona görə də bu barədə son sözümü bildirmək istəyirəm; Azərbaycan vətəndaşları heç nədən narahat olmasınlar. Bilsinlər ki, Ukraynaya istənilən səviyyədə bombalar atılası olsa, Azərbaycanın “yodluq işi” olmayacaq.

- Adil müəllim, Ukraynada və Rusiyada yaşayan milyonlarla soydaşlarımız var. Onlar nüvə bombası atılacağı təqdirdə hadisələrin episentrində olacaqlar. Bəs orada yaşayan soydaşlarımız nüvə təhlükəsindən necə qorunmalıdırlar? Sizcə, hansı tibbi və s. qorunma üsullarından istifadə etsələr, onlar üçün daha faydalı ola bilər?

- Mən nüvə sahəsində mütəxəssis olduğum üçün məsələnin tibbi tərəfləri ilə bağlı nəsə deyə bilmərəm. Bu barədə tibb sahəsində çalışan mütəxəssislərdən daha dəqiq məlumatlar almaq mümkündür. Amma Azərbaycanda bu sahə üzrə mütəxəssislərin olmasından xəbərsizəm. Ümid edirəm ki, var. Onu deyə bilərəm ki, bunun üçün yod tərkibli xüsusi tabletlər buraxırlar. Eyni zamanda, digər tərkibli tabletlər və vasitələr mövcuddur. Onlardan istifadə etmək olar. Yenə deyirəm, bu barədə daha ətraflı tibb mütəxəssisləri cavab verə bilərlər. Gələk məsələnin ikinci tərəfinə, bunu əyani misalla izah etmək istəyirəm. 1945-ci ildə Yaponiyaya, Xorsimaya atılan “Malış” bombası idi. “Malış” bombasının tratil ekvivalenti 20 min ton tratil idi. Bunun təsiri nəticəsində 78 min adam ölmüşdü. Eyni zamanda, 360 minə yaxın insan xəsarət almışdı. Onların sırasında itkin düşənlər, yaralananlar, radioaktiv şüa xəstəliklərinə tutulanlar da var. Ən əsası odur ki, nüvə bombasının dağıdıcı təsirini ən çoxu bir neçə dəqiqə sonra müşahidə etmək mümkündür. Burada ən böyük problem radioaktiv parçalanma məhsulları radioaktiv izatopların, radioaktiv atomların və yaxud nukroidlərin olmasıdır. Çünki bu zaman parçalanma məhsulları – sezium və seronsium, eyni zamanda, hansısa obeykt – dəmir və digər radioaktivləşən materiallar ola bilər. Bu olarsa, həmin maddələr də yenidən radioaktiv maddələr mənbəyinə çevrilirlər. Bu isə insan orqanizmi üçün olduqca təhlükəlidir. İlk növbədə insanlar radioaktiv tullantılardan, qalıqlardan qorunmalıdırlar. Ona görə ki, insan həyatı üçün ən böyük problem yaradan da sonuncu sadaladıqlarımdır. Təsəvvür edin, 20 min ton tratil ekvivalentində olan bir bombanın təsiri nəticəsində hardasa, 13-14 kvadrat kilometr ərazi tamamilə kül olmuşdu.

- Bəs hazırda Rusiyanın malik olduğu taktiki nüvə bombalarının maksimal gücü nə qədərdir?

- Keçmiş Sovetlər Birliyinin, indiki Rusiyanın malik olduğu taktiki nüvə bombalarının maksimal gücü 100-150 min ton tratil ekvivalentidir. Bu taktiki nüvə bombalarının təsir gücü yuxarıda qeyd etdiyim ərazi arealından təxminən səkkiz-on dəfə çox olacaq. Hardasa, 132-140 kvadrat kilometr ərazi adi kiçik ölçülü taktiki bombanın atılması nəticəsində külə dönəcək. Strateji bombaların gücü isə milyon tonluq tratil ekvivalenti ilə ölçülür. Həmin bombaların düşdüyü zamanı yaratdığı arzuolunmaz effekt isə sözlə ifadə olunmayacaq qədər böyükdür. Allah bizi bu cür nüvə bombalarının dəhşətindən gözləsin. Çünki bu bütün bəşəriyyət üçün miqyasagəlməz təhlükə və fəsad deməkdir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm