Jurnalistlərin sirli-sehrli London səfəri - FOTO/VİDEO
Bizi izləyin

Sosial

Jurnalistlərin sirli-sehrli London səfəri - FOTO/VİDEO

Jurnalistləri “Azərlotereya” ASC təşkilatçılığı ilə hazırlanan İngiltərə səfəri şans oyunları dünyasına maraqlı səyahət oldu. Tez-tez eşitdiyimiz böyük uduşlar, cekpot, ani lotereyalar, şans oyunları sektoru, London, Lids və York kimi şəhərlərin sirli-sehirli ab-havası ilə səfər iştirakçılarına maraq dolu təəssüratlar yaratdı.

İlk gündən son günə qədər bütün günlərimiz "cekpot"ların müşayiəti ilə keçirdi. Proqramda London gəzintisi olan saatlarda günəşli yarımgün; “Azərlotereya” ASC-nin mükəmməl təşkilatçılığı, Emin Gümüş adlı ensklopedik bilgiyə sahib tur rəhbərimizin verdiyi son dərəcə maraqlı bilgilər, yeni tanışlıqlar, Londonun qucağına qıvrılmış min illərin Temzası, "London Eye", "Big Ben", Trafalqar meydanı, "Tower Bridge", "Tower of London", "Westminister Abbey", parlament binası, Bukingem sarayı, mərkəzdəki rəngli Ukrayna aksiyasında səsləndirilən "Bella Ciao"nun sehri... Elə qəbul etdim ki, günəşli hava da, küçələrə çıxmış minlərlə insan da bizi salamlayır.

Trafalqar meydanında Türkiyə və Azərbaycan bayraqlarını açdıq, qürurla fotosessiya etdik. Paralel olaraq da tanışlıqlar dərinləşirdi. "Azərlotereya" ASC-nin rəhbər heyəti də bizimlə idi, yanıbaşımızdaydı. Türkiyənin "Demirören" şirkətinin idarəçiliyinə verilən "Azərlotereya" yeni yönətimin gəlməsi ilə yeni konsepsiyalar əsasında fəaliyyətini qurub. "Azərlotereya" rəhbərliyi ilə Londona səfərimiz də bu yeniliyin bir göstəricisi idi. "Azərlotereya"nın İdarə heyətinin sədri Zafer Reisoğlu ilə tanışlıq, onunla təmas az bir zamanda bir güvən yaradırdı. Onların işində də əsas məsələ məhz güvəndir - insanlar ortada bir fırıldaq, hiylə olduğunu düşünsələr, təbii ki, şans oyunlarına, o cümlədən də lotereyalara pul xərcləməyəcəklər. Lakin güvən varsa, şəffaflıq təmin olunubsa, inam yaradılıbsa, hər kəs şansını yoxlamaq istəyəcək.

Azərbaycanın tanınmış jurnalistlərinin də Londona, daha sonra Lids şəhərlərinə səfərlərinin əsas qayəsi bu şəffaflığın, inam və etibarın yaradılmasında onların iştirakının təmini idi. Biz bu prosesə qatılanda və “Scientific Games” şirkətinin Lids şəhərindəki fabrikinə varid olanda prosesin bu qədər mürəkkəb və maraqlı olacağını düşünməzdik. Maraq həm də onda idi ki, biz heç zaman işləmədiyimiz, rastlaşmadığımız və bizim sektora aid olmayan yeni məlumatların içərisinə düşmüşdük. Heç ağlımıza da gəlməzdi ki, Azərbaycan vətəndaşlarının şanslarını sınadığı lotereyaların harada, hansı şərtlər altında və nə kimi standartlarla hazırlanmasının şahidi olaq.

Sən demə, lotereyalara həyat verilməsi dünya çağında yüksək standarların, şəffaf proseslərin, yüksək texnologiyaların, keyfiyyətli mütəxəssislərin, ciddi təftişlərin müşayiəti ilə baş tuturmuş.

"Azərlotereya" ASC-nin ani lotereya biletlərinin hazırlanmasında qabaqcıl texnologiyaya əsaslanan "Scientific Games" şirkəti birbaşa iştirak edir. 1973-cü ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınan "Scientific Games" lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılır. "Azərlotereya"nın “Poz-Qazan” biletləri "Scientific Games"in Böyük Britaniyanın Lids şəhərindəki fabrikində dizayn və çap edilir. Eyni zamanda, tirajlı lotereya oyunlarının təşkilinə "Scientific Games" tərəfindən texniki dəstək verilir. “Misli.az” saytında oynanılan virtual ani oyunlar, həmçinin idman mərc oyunları da "Scientific Games" şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

“Scientific Games”in innovativ oyunları, qabaqcıl texnologiyaları və dürüstlüyə sadiqliyi şirkəti bütün dünyada lotereyaların etibarlı tərəfdaşı kimi tanınmağına səbəb olub. Hazırda 6 qitədə fəaliyyət göstərən "Scientific Games" 50-dən çox ölkədə 130 lotereya təşkilatı üçün lotereya biletlərinin tərtibi və dizaynı, çapını həyata keçirir.

Biz “Scientific Games”in Lidsdəki fabrikində olduq. Bütün prosesi əvvəlindən sonuna qədər izlədik, mütəxəssislərə çox saylı suallar verdik, çoxlu məlumat aldıq, təəccübləndik, düşündük, qənaətlər hasil etdik... İdeyadan dizayna, şifrələməkdən avtomatik alqoritmlərə, çap dəzgahına start verməkdən ta hazır rulonların kəsiminə, qablaşdırmasına qədər hər şeyi gözlərimizlə gördük. Yüksək təhlükəsizlik və məxfilik prinsiplərinə görə fabrikdə ancaq müəyyən yerlərdə video çəkilişə icazə verilir ki, gələcək yazılarımızda sizi həmin video materialla tanış edəcəyik. Çox şükür, indi elə bir zaman gəlib ki, yazılarımızı videomaterialların müşayiəti ilə də gücləndirə, mötəbərləşdirə bilirik.

"Azərlotereya"nın “Poz Qazan” biletləri şəffaf bir mühitdə və dürüst bir prosesdə çap olunur. Bu baxımdan elə oradaca qərar verdik - dönərkən biz də öz şansımızı yoxlayacağıq.

Heyətimiz isə möhtəşəm idi. "Azərlotereya" ASC-nin Idarə heyətinin sədri Zafer Reisoğlu, şirkətin PR müdiri Seymur Teymurov, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Telegraf “Media Qrupunun rəhbəri Aynur Camal, “Qafqazinfo.az” portalının baş redaktoru Günel Cavadlı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Azxeber” Media Qrupun rəhbəri Haclbəy Heydərli, “Fed.az” saytının baş redaktoru Əli Əhmədov, “7news.az” saytının rəhbəri Səbuhi Abbasov, “Synergi Partnership” şirkətinin rəhbəri Rüfət Abbasov, Lotto Makrketing Consulting şirkətinin rəhbəri Cahangir Fərəcullayev, “Azərpoçt”un departament rəhbəri Anar Məcidov, “İntegral Express” şirkətinin təmsilçisi Zöhrab Ağayev, Londonda bizimlə maraqlanan turizm şirkətinin təmsilçiləri, “Demirörən” şirkətinin Türkiyə təmsilçiləri və bir də bu yazının müəllifi...

(Musavat.com)

  • Jurnalistlərin sirli-sehrli London səfəri - FOTO/VİDEO

  • Jurnalistlərin sirli-sehrli London səfəri - FOTO/VİDEO

  • Jurnalistlərin sirli-sehrli London səfəri - FOTO/VİDEO

  • Jurnalistlərin sirli-sehrli London səfəri - FOTO/VİDEO

  • Jurnalistlərin sirli-sehrli London səfəri - FOTO/VİDEO

Oxumağa davam et
Reklam
Reklam

Gündəm