Sosial
Kasıbın maşını olmayacaq: Vətəndaşın köhnə avtomobili əlindən alınacaq?

Artıq neçə müddətdir ki, köhnə, ekoloji cəhətdən zərərli sayılan avtomobillərə sahib olanlar səksəkədədir. Kimisi avtomobillərinin məcburi şəkildə əlindən alınacağını düşünür, kimisi icbari utilizasiyadan danışır. “Kasıbın maşını olmayacaq” deyənlər də az deyil.
Ötən həftə isə mətbuatda köhnə nəqliyyat vasitələrinin dövriyyələrinin məhdudlaşdırılması üçün təkliflərin hazırlanacağı ilə bağlı xəbərlər yayıldı. Belə ki, təkliflər Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması məqsədi daşıyacaq. Layihə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.
Maraqlıdır, təkliflər necə hazırlanacaq? Köhnə avtomobil sahiblərinə güzəştlər nəzərdə tutulacaqmı? Yoxsa, həqiqətən kasıbın avtomobili olmayacaq?
“Vətəndaşın marağı nəzərə alınmalıdır”
Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev deyir ki, hazırda könüllü şəkildə köhnə nəqliyyat vasitələrinin utilizasiya prosesinə start verilib: “Yəni, kim istəsə, işlək, yararsız, yaxud qəzalı vəziyyətdə olan nəqliyyat vasitəsini təhvil verə biləcək və ödənişini alacaq. Qiymətlər isə standartdır. Hazırda ölkəyə gətirilən yeni və texniki baxışdan keçən nəqliyyat vasitələrindən əlavə rüsumlar alınır və fond formalaşır. Bir müddət sonra isə utilizasiya prosesi başlayacaq”.
Mütəxəssis deyir ki, atılan hər addımda vətəndaşın marağı təmin edilməli, proses vətəndaşın xeyrinə olmalıdır: “Bu gün, xüsusilə bölgələrdə, kəndlərdə yaşayan vətəndaşlar 70-80-ci illərin istehsalı olan nəqliyyat vasitələrindən istifadə edirlər. Hansı ki, bu avtomobillər kənd təsərrüfatı işlərində istifadə olunur, vətəndaşın işinə yarayır. Köhnə olsa da, kəndlinin əlindən tutur. Fikrimcə, ilkin mərhələdə bu avtomobillərin utilizasiyası başlayacaq. Düzdür, bu avtomobillər ekoloji cəhətdən zərərli olduğu üçün dövriyyədən tamamilə çıxarılmalıdır, amma bunun üçün vətəndaşa sərfəli təklif verilməlidir. Ən azından, hazırda istifadə etdiyi nəqliyyat vasitələrinin səviyyəsinə nisbətən uyğun nəqliyyat vasitəsi verib, əlindəkini almaq olar. Yaxud yeni bir nəqliyyat vasitəsi ala bilmək üçün ona müəyyən qədər vəsait verilməlidir. Utilizasiya üçün nəzərdə tutulan 2500 manat vətəndaşa sərf etmir. Çünki o, həmin qiymətə avtomobil ala bilməz. Ona görə də bu problemin həlli ilə bağlı proqram qəbul edilməlidir, təkliflərdə nəzərə alınmalıdır”.
“Müvafiq icra mexanizmi hazırlanacaq”
Mütəxəssis deyir ki, proqramda nəqliyyat vasitəsinin işləkliyi, yaxud tam yararsızlığı nəzərə alınıb, ona uyğun vəsait ödənilməlidir: “Köhnə avtomobillər sıradan çıxdıqda, müəyyən güzəştli qiymətlər əsasında ölkədə istehsal edilən avtomobillərin satışı təşkil oluna və vətəndaşa təklif edilə bilər. Bu, köhnə avtomobil sahiblərinin nəqliyyat vasitələrindən imtina etməsini stimullaşdıracaq. Bütün tərəflərin maraqlarını təmin edəcək bir strategiya hazırlanmalıdır. Düşünürəm ki, köhnə avtomobillərin dövriyyədən çıxarılması prosesinə yanaşmanın formalaşdırılması üçün müvafiq icra mexanizmi hazırlanacaq. İnsanların nəqliyyat vasitəsini əlindən alıb iflic etmək düzgün yanaşma olmaz”.
“Ölkədəki avtomobillərin 70 faizi köhnədir”
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, istehsalçı tərəfindən verilən zəmanət müddəti bitən avtomobillər köhnə avtomobil sayılır. Onların ölkə daxilinə idxalı artıq məhdudlaşdırılıb: “Ötən ilin mart ayında Nazirlər Kabinetinin qərarı ilə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəmizə idxalı qadağandır. Ölkə daxilində isə köhnə avtomobillərin istismarının dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı hazırda ümumiyyətlə məlumat yoxdur və düşünmürəm ki, bu, qısa müddətdə həyata keçirilsin. Çünki ölkədəki avtomobillərin 70 faizi köhnədir. Məhdudlaşdırılma isə hazırda ölkəyə daxil olan avtomobillərlə aiddir. Hazırda proses əsasən taksi kimi fəaliyyət göstərən minik avtomobilləri ilə bağlıdır. Çünki taksidə istismar olunacaq nəqliyyat vasitələrinin yaşı səkkiz ildən çox olmamalıdır və onlar yeni mövsümdə artıq “Avro 5” ekoloji standartına cavab verməlidirlər”.
“Avro 5”-ə keçid reallaşa bilər
Mütəxəssis deyir ki, artıq qonşu Gürcüstanda “Avro 5” standartına cavab verməyən avtomobil idxal olunmur və orada satılmır: “Ölkəmizdə hazırda ekoloji standart olaraq “Avro 4” qəbul olunub. Ola bilər ki, gələn ildən “Avro 5”-ə keçid olsun”.
“Gözümüzün önünə köhnə sovet avtomobilləri gəlir”
Məhdudlaşdırılma ilə bağlı təkliflər məsələsinə gəldikdə isə, nəqliyyat eksperti vurğulayır ki, bu prosesdən danışanda gözümüzün önünə ilk növbədə köhnə sovet avtomobilləri gəlir: “Məhdudiyyətlər bugünkü müasir təhlükəsizlik standartlarına cavab verməyən avtomobillərə şamil oluna bilər. Məsələn, bilirik ki, köhnə sovet avtomobillərində təhlükəsizlik baxımından ABS sistemi mövcud deyil. Bu, nəqliyyat vasitəsi üçün çox vacib məsələdir, çünki ABS tormozlanma zamanı dəstəkçi rolunu oynayan sistemdir. Bundan əlavə, bu nəqliyyat vasitələri bugünkü müasir ekoloji standartlara cavab vermir”.
Məlumat üçün bildirək ki, bu layihə iyunun 1-dək Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmalıdır. ("Kaspi" qəzeti)

-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin122 May 21:12
Şəbnəmlə Vəfa barışdı
-
Sosial22 May 20:00
Əhalinin NƏZƏRİNƏ - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
-
Magazin122 May 19:50
16 yaşlı Nuranəni öldürüb Kürə atan əri ilə bağlı QƏRAR VERİLDİ