On minlərlə turisti Azərbaycandan narazı salan SƏBƏBLƏR: Hansı addımlar atılmalıdır?
Bizi izləyin

Sosial

On minlərlə turisti Azərbaycandan narazı salan SƏBƏBLƏR: Hansı addımlar atılmalıdır?

Bu günlərdə Dövlət Statistika Komitəsinin dərc etdiyi hesabatda Azərbaycana səfər edən əcnəbilərin yeni sayı məlum olub. Hesabata görə, son 8 ayda ölkəmizə gələn əcnəbilərdən təxminən 150 min nəfəri buradakı xidmətlərdən narazı qalıb. Bu da ölkəyə gələn ümumi əcnəbi sayının təxminən 10 faizi deməkdir.

Görəsən, əcnəbilər hansı səbəbdən Azərbaycandan narazı ayrılırlar?

Mövzu ilə bağlı Publika.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, bu ilin sentyabr ayına qədər ölkəmizə təxminən 1 milyon 800 min nəfər əcnəbi qonaq gəlib:

“Əlbəttə ki, ölkəmizdəki xidmətlərin qənaətbəxş olduğunu bildirənlərlə yanaşı, xidmətlərin yetərli səviyyədə olmadığını hesab edənlər də var. Narazılıqların əsasını təşkil edən problemlərdən biri də nəqliyyat xidmətidir. 150 min nəfərdən təxminən 32 min 500 nəfəri bu xidmətdən narazılıqlarını bildiriblər. Onlar avtobus və metroda sərnişindaşıma xidmətlərinin yetərli səviyyədə olmadığını qeyd ediblər. Təəssüf ki, sözügedən problem ilə paytaxt sakinlərimiz də üzləşir. Belə ki, pik saatlarda metro və avtobuslardan istifadə çətinləşir. Yaranan sıxlıq, tıxac qonaqların xidmət qiymətləndirmələrində xal əskikliyinə səbəb olur.

Son dövrlər şəhərdə avtobuslar üçün ayrılan nəqliyyat xətti tıxac problemini müəyyən qədər aradan qaldıra bilib. Bu cür işlər daha da genişləndirilməli, əlavə nəqliyyat xətlərinin açılışı, kadr əskikliyinin təkmilləşdirilməsi, maarifləndirmə təlimlərinin verilməsi üçün tənzimləmələr aparılmalıdır”.

Ekspertin fikrincə, digər məsələlərə ictimai iaşə, taksi, bələdçilik, yerləşdirmə xidmətləri daxildir ki, qonaqlar bu məsələləri də qənaətbəxş hesab etmirlər:

“Əcnəbilərin sayı ilə xidmət sahələrindəki kadrların sayı ekvivalent təşkil etmir. Bu da xidmətin effektiv olmasına ciddi maneə yaradır. Ümumi sayın 8-10 faizinin narazı qayıtması və onların öz ölkələrində mənfi rəylərini bölüşməsi əlbəttə ki, bizim əlehimizədir. Müəyyən tənzimləmələrlə bu rəqəmi minimuma endirmək mümkündür”.

Aşurovun sözlərinə görə, əcnəbilər ölkəmizdəki qiymətlərin digər ölkələrə nisbətən ucuz olduğunu qeyd edirlər:

“Qiymətlərin xarici qonaqlar üçün münasib olduğunu düşünürəm. Ümumiyyətlə qiymətlərlə bağlı narazılıq halı qeydə alınmayıb. Hesab edirəm ki, taksi qiymətləri də əcnəbilər üçün qənaətbəxşdir. Hətta digər ölkələrə nisbətən burada qiymətlərin ucuz olduğunu qeyd edənlər də var.

Qiymətlə bağlı problem o zaman yaranır ki, bəzi hallarda taksi proqramına yazılan qiymətlə sürücünün tələb etdiyi vəsait üst-üstə düşmür. Bu məsələ də maarifəndirmə, təlim prosesləri ilə aradan qaldırıla bilər.

Ümumiyyətlə, şikayətlərin böyük əksəriyyəti nəqliyyatla bağlı olduğu üçün müvafiq qurumların bu problemi həll etməsi lazımdır. Düşünürəm ki, bu mövzuda artıq müəyyən adımlar atılmağa başlanıb. Ümid edirəm ki, bu addımlar gələcəkdə mövcud problemlərin aradan qalıdırılmasına böyük töhfə verəcək”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm