Metroda 11 aylıq təmir, gündəlik 2,40 AZN əlavə xərc: Sərnişinlər niyə artıq pul ödəməlidir?
Bizi izləyin

Sosial

Metroda 11 aylıq təmir, gündəlik 2,40 AZN əlavə xərc: Sərnişinlər niyə artıq pul ödəməlidir?

Metroda 11 aylıq təmir, gündəlik 2,40 AZN əlavə xərc: Sərnişinlər niyə artıq pul ödəməlidir?

Xəbər verdiyimiz kimi, avqustun 15-dən Bakı Metropolitenində yeni hərəkət sxemi tətbiq olunacaq. Bu çərçivədə yaşıl və qırmızı xətlərin ayrılması layihəsinin icrasına başlanılacaq. Layihənin 10-11 ay davam edəcəyi bildirilir.

Bu müddət ərzində "Nizami"-"28 May" stansiyaları arasında sərnişinlərin daşınması üçün ekspres avtobuslar fəaliyyət göstərəcək. Lakin bu avtobuslardan istifadə ödənişli olacaq.

Məsələn, sərnişin "20 Yanvar" stansiyasından qatara minərək "Nizami" stansiyasına gəldikdə ekspres avtobusa keçmək üçün 60 qəpik ödəyəcək. Daha sonra "28 May" stansiyasında yenidən metroya daxil olmaq üçün daha 60 qəpik ödəniş etməli olacaq. Eyni marşrut üzrə geri qayıdarkən də bu xərclər təkrarlanacaq.

Beləliklə, bu marşrutdan hər gün istifadə edən sərnişin gediş-gəliş üçün gündə əlavə 2,40 AZN xərc çəkməli olacaq.

Yaşıl və qırmızı xətlərin ayrılması layihəsi zəruri olsa da, sərnişinlərin əlavə ödəniş etməsi nə dərəcədə doğrudur? Bu, vətəndaşlar üçün əlavə maliyyə yükü yaratmayacaqmı?

Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı Razı Abasbəyli bildirdi ki, yaşıl və qırmızı xətlərin ayrılması Bakı metrosunun inkişafı baxımından vacib layihələrdən biridir:

"Xətlərin ayrılması ilk növbədə qatarların hərəkət intervalını azaldacaq, sərnişin sıxlığını minimuma endirəcək, nəticədə mövcud narahatlıqların böyük hissəsini aradan qaldıracaq.

Bununla yanaşı, sərnişinlərin narazılığını da anlamaq mümkündür. Çünki təmir və yenidənqurma işləri səbəbindən vətəndaşlar əlavə xərc çəkməli olurlar. Onlar metroya 60 qəpik ödəyərək daxil olsalar da, marşrutu davam etdirmək üçün müəyyən stansiyada qatardan düşməyə məcbur qalır, sonrakı nəqliyyatdan istifadə edərkən isə yenidən ödəniş edirlər. Halbuki bununla bağlı dünya təcrübəsində fərqli yanaşmalar mövcuddur".

İqtisadçının sözlərinə görə, bir çox ölkədə metro xətlərində uzunmüddətli təmir və ya yenidənqurma işləri aparılarkən həmin istiqamət üzrə müvəqqəti avtobus marşrutları təşkil edilir və onların ödəniş sistemi metro bileti ilə inteqrasiya olunur:

"Məsələn, sərnişin "20 Yanvar" stansiyasından qatara minərək "28 May" istiqamətində hərəkət edir və təmir işlərinə görə səfərini metro ilə davam etdirə bilmirsə, həmin stansiyanın qarşısında təşkil olunan avtobus onu növbəti metro stansiyasına və ya marşrutun davam etdiyi məntəqəyə ödənişsiz çatdırır. Bu xidmət metroya daxil olarkən ödənilən biletin dəyərinə daxil edilir.

Digər geniş yayılmış model isə inteqrasiya olunmuş ödəniş sistemidir. Bu sistemdə müəyyən vaxt intervalı ərzində metro üçün ödəniş etmiş sərnişindən avtobusa keçid zamanı təkrar ödəniş tutulmur.

Bu baxımdan, Bakı metrosunda aparılan təmir və tikinti işləri dövründə ödənişsiz transfer mexanizminin tətbiqi məqsədəuyğun olardı. Layihənin həyata keçirilməsi şəhərin nəqliyyat sistemi üçün faydalıdır. Lakin onun yaratdığı müvəqqəti çətinliklərin bütün maliyyə yükünün sərnişinlərin üzərinə qoyulması düzgün yanaşma deyil.

Hesab edirəm ki, yaxın vaxtlarda belə bir mexanizmin tətbiqi mümkündür. Təmir səbəbindən yeraltı nəqliyyatla səfərini davam etdirə bilməyən sərnişinlərin gedəcəkləri istiqamətə yerüstü nəqliyyat vasitəsilə ödənişsiz çatdırılması həm sosial ədalət prinsiplərinə uyğun olar, həm də sərnişinlərin narazılığını əhəmiyyətli dərəcədə azaldar".

Müəllif: Gülnar Süleymanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm