Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
Bizi izləyin

Sosial

Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."

Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."

Bakı şəhəri R.Əliyev adına 254 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Xuraman Məmmədova uzun illərdən bəri şagirdlərinə Vətən sevgisindən, qəhrəmanlıqdan, şəhidlərin həyat və döyüş yolundan danışır, şəhid ailələrini məktəbə dəvət edərək uşaqlarda qəhrəmanlara hörmət hissi formalaşdırmağa çalışır. 2023-cü ilin sentyabrından isə o, danışdığı hekayələrin bir hissəsinə çevrilib - şəhid anası olub.

Publika.az xəbər verir ki, həmin il sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı onun yeganə oğlu, Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının çavuşu Rasim Məmmədov Xocavənd rayonunda şəhid olub. Rasim Oktay oğlu Məmmədov 1987-ci il oktyabrın 8-də Bakıda anadan olub. Xətai rayonundakı 254 nömrəli tam orta məktəbdə, sonra isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçib. Daha sonra Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında xidmət edib.

Xuraman Məmmədova Azərtac-a açıqlamasında oğlunun həyat yolunu xatırlayaraq deyib: “Rasim mənim yeganə oğlum idi. Yeddi oğula bərabər idi. Çox zəhmətkeş, fədakar, təvazökar idi. Oğul kimi oğul idi. Təxminən 14 il Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında xidmət edib. Rasim 254 nömrəli məktəbin məzunudur. Mən də 1994-cü ildən burada işləyirəm, Rasim də birinci sinfə burada gedib. Məktəbdə müəllimlərinin sevimlisi idi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında onun adına auditoriya açılıb və fəxri təqaüd təsis olunub. Həmin təqaüdü ən yüksək nəticə göstərən tələbə alır. Yoxluğu ilə barışa bilmirəm. İndi məni həyata bağlayan bu məktəbdir, bu təhsil ocağıdır. Otuz ildən çoxdur ki, müəllim işləyirəm. Məktəb mənim üçün çox doğmadır. Mən 2020-ci ildən sonra şəhid ailələri ilə görüşlər keçirirdim, onları məktəbə dəvət edirdim. Sinfimdə vətənpərvər mövzuda nə qədər tədbirlər hazırlamışam. İstəyirdim ki, şagirdlərim şəhidlərimizi tanısın, onlara hörmət etsin, onların balaları kimi qəhrəman yetişsin. Fikirləşirdim ki, şəhid anaları öz balalarının unudulmadığını, onların oğullarına bənzəməyə çalışan yüzlərlə məktəblinin olduğunu görsələr, ürəklərinə su səpilər. İndi isə həmin analar mənə dəstək olmağa, ürək-dirək verməyə gəlirlər. İndi mən balama bənzəmək istəyən şagirdlərimə baxıb təsəlli tapıram”.

Müsahibimiz oğlunun xatirəsinin yalnız ailəsində deyil, təhsil aldığı məktəbdə də yaşadılmasından qürur duyur: “Rasim 254 nömrəli məktəbin 2005-ci il məzunudur. Burada adına xatirə lövhəsi qoyulub. Rasimin izlərini oğlumun iki övladında görməyə çalışıram. İstər iş yoldaşlarından, istər məktəb yoldaşlarından, istər xidmət yoldaşlarından soruşa bilərsiniz. Rasimdən inciyən bir nəfər də yoxdur. Rasim elə xeyirxah, yaxşı işlər görüb ki, mən onunla fəxr edirəm”.

Xuraman xanım həm müəllim, həm də şəhid anası kimi şagirdlərinə Rasimin və onun kimi Vətən uğrunda canından keçən qəhrəmanların həyatını anlatmağa davam edir. Onun üçün bu gün hər dərs yalnız tədris deyil, həm də oğlunun xatirəsini yaşatmaq, gələcək nəsillərə Vətən sevgisini aşılamaq deməkdir.

Qeyd edək ki, Rasim Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm