“Sisa” jurnalı: “Ermənistanın Gəncəni bombalaması beynəlxalq səviyyəli təhlükədir”
Bizi izləyin

Cənubi Qafqaz

“Sisa” jurnalı: “Ermənistanın Gəncəni bombalaması beynəlxalq səviyyəli təhlükədir”

“Ermənilər Dağlıq Qarabağda baş verənləri “səlib yürüşü” kimi təqdim edir, bunun “dini zəmində” baş verdiyini bildirərək Qərbdən dəstək istəyir”.

Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın populyar “Sisa” jurnalında dərc olunuş məqaləsində bu ölkənin Dongduk Qızlar Universitetinin nəzdindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor Oh Eun Kyun yazır.

Məqalədə deyilir ki, ermənilər köklərinin Dağlı Qarabağ torpağında olduğunu iddia etsələr də, onlar Qarabağda əsasən, XIX əsrin əvvəllərindən etibarən yaşamağa başlayıblar.

Müəllif yazır ki, hazırda davam edən Qarabağ toqquşması beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisində baş verdiyi üçün, Ermənistanda hərbi bazası olan Rusiyanın erməni qoşunlarına dəstək vermək üçün bir səbəbi yoxdur. Lakin KTMT-dan dəstək almaq üçün Ermənistan Qarabağdan uzaq olan Gəncəni bombalayır.

Ermənilər qədim xristianlığın və erməni xalqının köklərinin Dağlı Qarabağ torpağında olduğunu iddia edirlər. Qarabağ ermənilər üçün bu qədər vacib olan müqəddəs yerdirsə, hansı səbəblərdən beynəlxalq hüquq normalarına görə indi Azərbaycan ərazisidir? Bundan əlavə, beynəlxalq hüquqa görə birmənalı Azərbaycan ərazisi olan Qarabağ əhalisinin 80%-dən çoxunu hansı səbəblərdən ermənilər təşkil edir? Qarabağda 250-300 min əvvəl yaşamış insan çənələri tapılmışdır, bu ərazi uzun bir tarixə sahibdir. VII əsrdən bəri məlumdur ki, türkcə “nəhəng bağ” mənasını verən “Qarabağ” toponim kimi istifadə olunmağa başlamışdır.

Ermənilər isə əsasən, XIX əsrin əvvəllərindən etibarən Qarabağda yaşamağa başlamışlar. 1805-ci ildə “Kürəkçay müqaviləsi” çərçivəsində Qarabağ Xanlığının hakimiyyətini öz əlinə alan Rus İmperiyası, 1813-cü ildə İranla indiki Azərbaycan ərazisini ələ keçirərək, “Gülüstan müqaviləsini” imzaladı. Tezliklə, 1828-ci ildə “Türkmənçay Müqaviləsi” imzalandı. Bu müqavilələrdən sonra Rusiya İmperiyası ermənilərin İrandan indiki Azərbaycan ərazisinə, o cümlədən Qarabağa köç etmələri üçün qanuni və siyasi sistem təmin etmiş oldu.

1905-1906-cı illər ərzində “Erməni-Müsəlman Müharibəsi” zamanı Anadoludan köç etmiş 400 min erməninin məskunlaşdırılması üçün Qarabağda yaşayan azərbaycanlılar kütləvi şəkildə qətl edildilər.

Azərbaycan 1918-ci ildə demokratik respublika qurdu və Qarabağ da ona məxsus idi. Qarabağdakı qırğınlar həm Azərbaycanın, həm də Ermənistanın Sovet İttifaqına daxil edildiyi 1922-ci ilə qədər davam etdi.

Sovet dövründə həmçinin, Qarabağ muxtar bölgə şəklində Azərbaycan Sosialist Respublikasının tərkibində olsa da, Ermənistan yenə özünün ərazi iddiasından əl çəkmədi.

1 dekabr 1989-cu il tarixində Ermənistan Qarabağın Ermənistana birləşdirilməsi ilə qanun qəbul etdi, rəsmi Moskva isə buna “göz yumdu”. Əksinə, buna etiraz edən Azərbaycan əhalisinin səsini batırmaq üçün Qorbaçovun rəhbərlik etdiyi Sovet hakimiyyəti 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda ən son texnologiya və silahlarla silahlanmış hərbi qüvvələr vasitəsilə qırğın törətdi. Yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş bu hadisədə 157 nəfər öldürüldü, 700 nəfər yaralandı.

1991-ci ildə Sovetlər Birliyi dağıldı və həm Ermənistan, həm də Azərbaycan müstəqil dövlət oldu. Ermənistan yenidən Qarabağın Azərbaycandan ayrılması və müstəqil dövlət olması siyasətini yürütməyə başladı. Bu xüsusda, 1992-1994-cü illərdə Azərbaycanla Ermənistan arasında baş vermiş müharibədə təxminən 30.000 insan həlak oldu və 1 milyon insan köçkün və qaçqın düşdü.

Hazırda, Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin heç biri, Ermənistan özü belə Qarabağın müstəqilliyi rəsmən tanımamışdır. Ermənistan Qarabağın müstəqilliyi tanıdığı andan etibarən özünün beynəlxalq hüququ pozduğunu açıq şəkildə etiraf etmiş olacaqdır.

Hazırda davam edən Qarabağ toqquşması beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisində baş verdiyi üçün Azərbaycanın daxili işidir. Bu səbəbdən də, Ermənistanda hərbi bazası olan Rusiyanın belə, erməni qoşunlarına dəstək vermək üçün bir səbəbi yoxdur. Lakin bu yaxınlarda, Ermənistan ordusu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək almaq üçün Qarabağdan uzaq olan Gəncəni bombaladı. Bu, hazırkı toqquşmanı beynəlxalq miqyasa yaymaq məqsədi daşıyan təhlükəli hərəkətdir.

Ermənistan özünün nöqteyi-nəzərindən Qarabağı özünə birləşdirə bilmədiyi hazırkı şəraitdə, beynəlxalq hüquqa görə “qanunsuz işğal” adlandırılsa belə, indiki vəziyyəti qorumağa çalışır. Ermənistan həmçinin, Qarabağı xristian ermənilərin tarixi məmləkəti kimi təqdim edərək, beynəlxalq ictimaiyyətdən müəyyən mənada rəğbət və dəstək qazanmağı bacarmışdır. Digər tərəfdən, hərbi və iqtisadi güc baxımından üstünlüyə sahib olan Azərbaycan Qarabağdan Ermənistan ordusunu çıxarmaq və özünün ərazi bütövlüyünü təmin etmək əzmindədir.

Qarabağda gedən müharibə təkcə Azərbaycan və Ermənistan ilə məhdudlaşmır. Ətrafdakı böyük güclərin maraqlar və hegemonluq uğrunda mübarizəsi burada məsuliyyət daşıyır. Beynəlxalq ictimaiyyət hazırkı vəziyyətdə “Qordian düyünü”nü Böyük İsgəndərin bir zərbə ilə kəsməsi müdrikliyi haqqında düşünməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm