Almaniyadan sığınacaq istəyən Gürcüstan azərbaycanlılarının sayı artdı
Bizi izləyin

Cənubi Qafqaz

Almaniyadan sığınacaq istəyən Gürcüstan azərbaycanlılarının sayı artdı

“Pandemiya dövründə Almaniya Federativ Respublikasında qaçqın statusu üçün müraciət edən milliyətcə azərbaycanlı Gürcüstan vətəndaşlarının sayı artıb”.

Publika.az xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) məlumat yayıb.

Belə ki, bu ilin yanvar ayında 173 Gürcüstan vətəndaşı Almaniyaya sığınacaq üçün müraciət edib. Onlardan 12-si milliyətcə azərbaycanlıdır. Həmin şəxslərdən 8-nin müraciəti ailə birləşməsi proseduru ilə əlaqədar olub.

Qalanları isə birinci və ikinci dəfə qaçqın statusu üçün müraciət ediblər.

BAMF-nin cavabında qeyd olunub ki, 2020-ci ilin dekabrında Almaniyadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı 127 nəfər olub:

“Gürcüstanın vətəndaşlarının Şengen ölkələrinə vizasız gəlişi təsdiq olunandan sonra bu ölkə vətəndaşlarının qaçqın statuus üçün müraciəti artıb. Hətta BAMF-nin aylıq statistikasında ilk onluğa düşüblər”.

2019-cu ilin yanvar ayında Almaniya Bundestaqı Gürcüstan, həmçinin Əlcəzair, Mərakeş və Tunisin Almaniya üçün “təhlükəsiz mənşəli ölkələr siyahısı”na daxil edilməsi haqqında qanun qəbul edib.

Bununla da Almaniya Federal hökuməti bu ölkələrdən qaçqın axınının azalacağına və sığınacaqdan imtina edənlərin ölkədən deportasiya prosedurunun asanlaşacağına ümid edib. Sözügedən dörd ölkədən yalnız Gürcüstan 2017-ci ilin martından etibarən Avropa İttifaqı ölkələri ilə vizasız rejimə malikdir.

Alman mütəxəssisləri qeyd edirlər ki, gürcüstanlı turistlərlə yanaşı, həm də cinayətkarlar Almaniyaya sərbəst giriş imkanı əldə edir və fəaliyyətlərini aktivləşdirirlər. Almaniyanın Daxili İşlər Nazirliyi hesab edir ki, Gürcüstan vətəndaşlarının çoxu vizasız rejimdən sui-istifadə edərək sığınacaq axtaran şəxs kimi müraciət edir və aylarla, bəzən isə illərlə Almaniyada qalmaq imkanı əldə edərək cinayət hadisələri törədirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm