• USD 1,7000 0,00% EUR 1,9736 0,00%
    • GBP 2,3270 0,00% RUB 0,0238 0,00%

Qriqoryan İranı aldadır: əks halda rus ordusu girəcək

Qriqoryan İranı aldadır: əks halda rus ordusu girəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın son vaxtlar ciddi şəkildə narahat olduğu Zəngəzur dəhlizi ilə bağlı “Tasnim” agentliyinə açıqlama verib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, Qriqoryan bir daha ictimai şəkildə İrəvanın Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyi ilə bağlı mövqeyini təkrarlayıb.

O bildirib ki, 44 günlük müharibənin nəticəsi olaraq imzalanan 10 noyabr bəyanatında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmini məsələsində “dəhliz” ifadəsi yoxdur.

“Nə 10 noyabr bəyanatında, nə də 11 yanvar 2011-ci il bəyanatında dəhlizlə bağlı bənd var. Bir daha xatırlatmaq istəyirəm ki, Ermənistan heç vaxt dəhliz təklif etməyib və etməyəcək və dəhlizlə bağlı danışıqlar aparmayacaq”, - Qriqoryan deyib.

Buna baxmayaraq, o, Azərbaycanın qərb rayonlarından Naxçıvana və Türkiyəyə nəqliyyat əlaqəsinin təmin edilməsinə hazır olduqlarını, ancaq bu yolun birbaşa Ermənistanın nəzarətində olacağını bildirib.

Ermənistan TŞ katibi bunun ardınca “terrorçu” məsələsinə də toxunub və bildirib ki, regionda başqa dövlətlərin hərbi varlığı və terrorçular təhlükəsizlik üçün narahatlıq yaradır.

Qeyd edək ki, açıqlamanın İranın son günlər ritorikası və narahatlığı üstündə qurulduğuna heç bir şübhə yoxdur. Qriqoryan birdən-birə “terrorçulardan” və “başqa ölkələrin silahlı qüvvələrinin regionda olmasından” narahatlığını ifadə etməsi əslində birbaşa Tehranın siyasi iddialarının ifadəsidir. Regionda “başqa ölkələrin” siyasi qüvvələrindən danışarkən, yalnız Rusiya göz önünə gəlir. Çünki Qafqazda Rusiya silahlı qüvvələrinin xarici bazaları, Sərhəd Xidmətinin əməkdaşları var və bunlar da Ermənistan ərazisində yerləşib. Bəs, Ermənistan hansı ölkənin “qüvvələrindən” narahatdır?

Əlbəttə ki, söhbət Türkiyədən və türk ordusunun Azərbaycanda mövcudluğu ehtimalından gedir. Bu isə İranın narahatlığıdır. Halbuki Türkiyə ordusu Azərbaycanda yoxdur, əvəzində Rusiya var. Əgər İran “başqa ölkələrin silahlı qüvvələrinin regionda mövcudluğundan” narahatdırsa, Ermənistanı rus bazalarını ölkəsindən çıxarmağa vadar etsin - cəsarəti çatarsa.

Terrorçular da İran siyasi ambisiyalarının tutalğac kimi istifadə etməyə çalışdığı bəhanədir. Qafqazda qanunsuz silahlı birləşmə və terrorçular yalnız Qarabağda yerləşir – söhbət rus sülhməramlılarının arxasında gizlənən erməni qanunsuz birləşmələrindən gedir. Başqa hər hansı terrorçu yoxdur və bu barədə sübut da mövcud deyil.

Əsas məsələ isə əlbəttə ki, Zəngəzur dəhlizidir. İran Ermənistana Zəngəzur dəhlizinin açılmaması üçün hər vasitə ilə təzyiq edir. Qriqoryanın dilindən səslənən “bəyanatlarda dəhliz ifadəsi yoxdur” sözləri də buna hesablanıb.

Əslində isə 10 noyabr bəyanatında əksini tapan müddəa başqa nəticə çıxarmağa əsas verir. Doğrudur, bəyanatda Ermənistandan keçən nəqliyyat xətləri “dəhliz” adlanmır. Ancaq Laçın dəhlizi və Ermənistandan keçən nəqliyyat yolu ilə bağlı ifadələri tutuşduraq:

Bəyanatın 6-cı bəndində deyilir: Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

İndisə bəyanatın 9-cu bəndinə baxın: Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Diqqət edin:

1. Laçın dəhlizində nəqliyyatın hərəkət təhlükəsizliyinə Azərbaycan, Zəngəzurdan keçən yolda təhlükəsizliyə isə Ermənistan ZƏMANƏT VERİR.

2. Laçın dəhlizinə rus sülhməramlıları yerləşdirilir, Zəngəzurdan keçən yola isə rus sərhədçiləri.

3. Qarabağla Ermənistan arasındakı əlaqəni təmin edəcək və Laçın şəhərindən keçməyən yol çəkiləcək, oranın təhlükəsizliyi üçün rus sülhməramlıları yerləşdiriləcək, əvəzində “Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək kommunikasiyalar – yeni yolun tikilməsinə qədər və həm də bu kommunikasiya deyil, kommunikasiyalardır – 10 noyabr bəyanatında Laçın dəhlizi ilə birəbir eynidir. Yalnız “Zəngəzur dəhlizi” ifadəsi işlədilməyib.

O yolların Ermənistanın nəzarətində olması barədə bir kəlmə də yoxdur. Necə ki, Azərbaycan Laçın dəhlizinin təhlükəsizliyinə zəmanət verir, Ermənistan da Zəngəzur yoluna zəmanət verir və hər iki yolu rus sülhməramlı və sərhədçiləri qoruyur.

Adı “Zəngəzur dəhlizi” olmasın, olsun “Zəngəzur yolu” – nə fərqi var?! Əsas odur ki, o yolla bağlı bütün şərtlər Laçın dəhlizinin şərtləri ilə eynidir.

İrəvan nəzərdə tutulan yol/dəhliz üçün danışıqlara başlamağa məcburdur, həm də bu yol bir ədəd olmayacaq! Ermənistan ərazisindən keçən yolun isə qonşulara heç bir dəxli yoxdur – bu öhdəliyi Putinin şahidliyi və imzası ilə Paşinyan götürüb.

Putin Sərkisyanın şifahi razılığına zəmanət verdiyi üçün Aprel savaşını dayandırdı; Ermənistan öhdəliyindən qaçdığı üçün nələr baş verdi, gördünüz.

Bu dəfə Putin təkcə şifahi söhbətə deyil, yazılı sənədə öz imzası ilə zamindir. Paşinyanın Qriqoryanı müzakirə aparmayacaq, onda Rusiya sərhədçilərinə cavab verməli olacaq.

Əlbəttə, Azərbaycan Ordusu böyük həvəslə rus sərhədçilərinə yardım etməyə hazırdır!

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR