İrəvanda dağıntılar altından 15-ci cəsəd çıxarıldı - VİDEO/YENİLƏNDİ
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda dağıntılar altından 15-ci cəsəd çıxarıldı - VİDEO/YENİLƏNDİ

İrəvandakı "Sürmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildiriliv ki, xilasedicilər dağıntılar altından uşaq meyitini tapıblar.

“Onlardan 9-nun, o cümlədən uşaqın şəxsiyyəti hələ müəyyən edilməyib”, - məlumatda deyilir.

Avqustun 14-də günorta İrəvanda “Sürməlu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində ümumilikdə 15 nəfər ölüb, 62 nəfər yaralanıb.

Partlayış atəşfəşanlıq məhsulları satılan mağazada baş verib.

Fövqəladə Hallar Nazirliyində terror aktı versiyası istisna edilir.

İstintaq Komitəsi tərəfindən “səhlənkarlıqdan insan ölümünə səbəb olduqda yanar maddələrin saxlanması qaydalarının pozulması” və “ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarının pozulması” maddələri ilə cinayət işi başlanıb.

Hüseyn İbadlı

xxx

01:11

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzinin dağıntıları altından daha bir meyit çıxarılıb.

Publika.az yerli KİV-ə xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib.

"Xilasedicilər yenicə dağıntılar altından daha bir meyit çıxardılar. Hazırda 8 meyit var. Axtarış və xilasetmə işləri davam edir", - o deyib.

xxx

15.08.22 - 21:00

İrəvandakı "Sürmalu" ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

Avqustun 15-də günorta saatlarında əsas binada yanğının söndürülməsi başa çatıb. Yanan ocaqlar var idi. Hələ də dəmir-beton konstruksiyasının dağılma riski var.

Xatırladaq ki, ötən gün İrəvanda "Sürmalu" ticarət mərkəzində yanğın baş verib. Buna səbəb pirotexnika anbarında baş verən partlayış olub. Yaralananların sayı 60 nəfəri ötüb.

xxx

15.08.22 - 09:00

İrəvandakı "Sürmalu" ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Xilasedicilər indicə dağıntılar altından altıncı qurbanın cəsədini çıxarıblar”, - agentliyin sözçüsü Hayk Kostanyan bildirib.

Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda “Sürmalu” ticarət mərkəzində güclü partlayış, ardınca isə yanğın baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 6 nəfər ölüb, 61-i yaralanıb.

Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış atəşfəşanlıq mağazasında baş verib.

xxx

15.08.22 - 07:47

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb. Partlayış zamanı bazarda olan 17 nəfər itkin düşüb.

Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

xxx

14.08.22 - 23:49

Xilasedicilər "Sürmalu" ticarət mərkəzində baş verən partlayış nəticəsində ölən daha bir nəfərin meyitini dağıntılar altından çıxarıblar.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Beləliklə, İrəvanda fövqəladə hadisə qurbanlarının sayı 3 nəfərə çatıb.

Son məlumatlara görə, hadisə nəticəsində 61 nəfər xəsarət alıb.

Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda “Sürməlu” ticarət mərkəzində güclü partlayış, ardınca isə yanğın baş verib.

Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış atəşfəşanlıq məhsulları satan mağazada baş verib.

Yeni yanğınlar yarandığından hadisə yerində əməliyyat vəziyyəti qiymətləndirmək olmur.

xxx

14.08.22 - 20:13

İrəvandakı "Sürmalu" ticarət mərkəzində atəşfəşanlığın partlaması nəticəsində ölənlərin sayı iki nəfərə çatıb. Daha 20 nəfər itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Armen Pambuxçyan məlumat verib.

"Xilasedicilər indicə daha bir ölü tapıblar. Bu qadındır ", - o jurnalistlərə bildirib.

Axtarış-xilasetmə işləri davam edir.

"Hazırda itkin düşənlərin yaxınlarından 20 məlumat daxil olub. Bu o deməkdir ki, ən azı daha 20 nəfəri tapmalıyıq", - FHN rəhbəri əlavə edib.

xxx

14.08.22 - 18:12

İrəvandakı "Sürmalu" ticarət mərkəzində baş verən partlayış nəticəsində yaralananların sayı 57-yə yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

36 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Bundan əvvəl Ermənistan Fövqəladə Hallar Nazirliyi İrəvandakı "Sürmalu" ticarət mərkəzində atəşfəşanlığın partlaması nəticəsində xəsarət alan 40 nəfərin xəstəxanalarda stasionar müalicə aldığını, 15 nəfərin isə evə buraxıldığını bildirmişdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm