Paşinyan ritorikasını dəyişdi: İndi də tərifləyir
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan ritorikasını dəyişdi: İndi də tərifləyir

Çıxışlarında Rusiya sülhməramlı kontingentini daim tənqid atəşinə tutan Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə ritorikasını dəyişib və onları tərifləyərək, Bakını ittiham edib.

Publika.az-ın məlumatına görə, Paşinyan iddia edib ki, guya Qarabağda “humanitar böhran” hökm sürür və bu, Rusiya sülhməramlıları sayəsində fəlakətə çevrilməyib.

“Laçın dəhlizinin bağlanması nəticəsində yaranmış humanitar böhranın fəlakətə çevrilməməsində sülhməramlıların müstəsna rolunu qeyd etməyə bilmərəm. Bu istiqamətdə göstərdikləri səylərə görə onlara təşəkkür etmək istəyirəm”, - Paşinyan bildirib.

Daim Qərblə Rusiya arasında var-gəl edən Paşinyan ümid edir ki, Moskva Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinin təminatçısı rolunu oynayacaq:

“Ancaq əgər bizim dostumuz və müttəfiqimiz obyektiv səbəblərdən bu rolu yerinə yetirə bilmirsə, o zaman, hesab edirəm ki, Qarabağ və Laçın dəhlizində beynəlxalq mexanizmləri işə salmaq üçün Rusiya BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir”.

Paşinyan sülhməramlı missiyanı şübhə altına almadığını da vurğulayıb.

Xatırladaq ki, Nikol Paşinyan dəfələrlə Rusiyaya qarşı kəskin ittihamlar səsləndirib, Rusiyanı, eyni zamanda bu ölkənin Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı kontinqentini tənqid edib. Hər zaman da Ermənistan baş nazirinin ittihamları rəsmi Moskvanın sərt reaksiyası ilə qarşılanıb. O, bir neçə dəfə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini Laçın dəhlizi boyu vəziyyətlə bağlı aydın izahat verməyə çağırıb. Moskvanı hədələyən Paşinyan deyib: “Əgər Rusiya obyektiv və ya subyektiv səbəblərə görə Qarabağda təhlükəsizlik və sabitliyi təmin edə bilmirsə, o zaman BMT Təhlükəsizlik Şurasında sülhməramlı kontingentin BMT mandatını alması və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent göndərməsi məqsədi ilə müzakirəyə başlamalıdır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm