Martın 12-də Moskvada, Rusiya Dövlət Kitabxanasının Şərq
Ədəbiyyatı Mərkəzində fəlsəfə elmləri namizədi, Rusiya Elmlər
Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, Ariyel
Universitetinin (İsrail) elmi məsləhətçisi German Zaxaryayevin
"Azərbaycanın etnomədəni müxtəlifliyi" kitabının təqdimatı
olmuşdur. Kitab "Rusiya-Azərbaycan: tarixi dialoq" beynəlxalq
layihəsi çərçivəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin
90 illiyi münasibətilə nəşr olunmuşdur.
"Dostoinstvo" nəşriyyatında işıq üzü görən kitab REA-nın Rusiya
Fəlsəfə Cəmiyyəti tərəfindən hazırlanmışdır. Kitabın təqdimatını
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Ümumrusiya
Azərbaycanlılar Konqresi, Azərbaycan Milli Elmlər Akademiyası,
Rusiya Elmlər Akademiyası və Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə
Fondu (STMEQİ) təşkil etmişlər.
Monoqrafiya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
"Azərbaycan burada yaşayan bütün xalqların vətənidir. Azərbaycan
vətəndaşları, Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan
bütün millətlərin birliyini dərk edirik" sözləri ilə açılır.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin ictimai əlaqələr
və KİV-lər şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla
Əhmədova bildirmişdir ki, German Zaxaryayevin "Azərbaycanın
etnomədəni müxtəlifliyi" kitabının təqdimatı böyük və uğurlu
"Rusiya-Azərbaycan: tarixi dialoq" layihəsi çərçivəsində ilk
qaranquşdur. O demişdir: "Zənnimcə, biz belə təqdimatlarda tez-tez
iştirak edəcəyik və nəşrlər hamıya maraqlı olacaqdır". O,
qonaqpərvərliyə görə Şərq Ədəbiyyatı Mərkəzinin direktoru Marina
Melaninaya və mərkəzin kollektivinə minnətdarlığını
bildirmişdir.
Təqdimat mərasiminin aparıcıları - AMEA-nın Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə və REA-nın
Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, professor
Aleksandr Çumakov monoqrafiyadan ətraflı söz açaraq bildirmişlər
ki, burada multimədəni Azərbaycanda sabitləşmədən modernləşməyə
keçid şəraitində etnomədəni proseslərin əsas amilləri və meylləri
tədqiq olunur.
İlham Məmmədzadə vurğulamışdır ki, modernləşməyə istiqamət götürən
Azərbaycan son illər dinamik inkişaf edir. Lakin dəyişikliklər əsas
dəyərlərə, o cümlədən etnik müxtəlifliyə toxunmamalıdır. İ.Məmmədov
demişdir: "Azərbaycanda ənənəvi olaraq Beynəlxalq Humanitar Forum
keçirilir. Onun çərçivəsində "Multikulturalizm və bənzərsizlik"
seksiyası fəaliyyət göstərir. Bu, Azərbaycan Prezidenti İlham
Əliyevin şəxsi təşəbbüsüdür. Azərbaycanda başa düşürlər ki,
müasirlik qonşular arasında, ölkələr arasında və eyni zamanda
özünlə keçmişin arasında körpü salmaq bacarığıdır".
Aleksandr Çumakov qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı
təsirinin möhkəmlənməsində Moskvada təşkil edilən "Heydər Əliyev
elmi qiraətlərinin" rolunu vurğulayaraq demişdir: "Azərbaycanda
əhalinin bütün təbəqələrinin - istər elita, istərsə də kütləvi şüur
səviyyəsində sivil inkişafının yüksək səviyyəsi mənim çox xoşuma
gəlir. Ölkədə din sahəsində çox incə və düzgün siyasət yeridilir,
həm dünyəvilik, həm də din öz layiqli yerini tutur".
Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanın həyatının bütün
sahələrində baş verən qlobal dəyişikliklərdən, Bakıda Azərbaycan
Prezidenti İlham Əliyevin iştirakı ilə Pravoslav Dini Mərkəzinin
açılmasından, rus dilinin intensiv öyrənilməsi üzrə layihənin
mövcudluğundan söz açaraq demişdir: "Başqa dinə sitayiş edən, başqa
millətdən olan insana səmimi münasibət Azərbaycan xalqının
təbiətindədir". O, Azərbaycanın Rus İcmasının 15 illiyinə həsr
olunmuş "Ruslar Azərbaycan tarixində" kitabını təqdim etmişdir.
2006-2009-cu illərdə Rusiyanın Azərbaycanda səfiri işləmiş Vasili
İstratovun sözlərinə görə, multikulturalizm lap əvvəldən Azərbaycan
xalqına xas olan xüsusiyyətdir. O demişdir: "Azərbaycanın təkcə
multimədəni deyil, həm də çöxmillətli ölkə olduğunu görmək üçün
Qubaya, Lənkərana getmək, ölkəni gəzib-dolaşmaq kifayətdir.
Azərbaycanlılar minilliklər ərzində mövcud olan milli ənənələrin
davamçılarıdırlar".
REA-nın Etnologiya və Antropologiya İnstitutunun aparıcı elmi
əməkdaşı Yuri Ançabadze vurğulamışdır ki, bugünkü görüş ölkələr
arasında sarsılmaz kimi görünən əlaqələrin dağıldığı günlərdə
keçirilir. Y.Ançabadzenin fikrincə, "Rusiya-Azərbaycan: tarixi
dialoq" layihəsinin və "Azərbaycanın etnomədəni müxtəlifliyi"
kitabının təqdimatı bu baxımdan çox böyük və müsbət məna
daşıyır.
German Zaxaryayev çıxışında bildirmişdir ki, Azərbaycanın
çoxmillətli xalqı son 20 ildə sovet ictimai formasiyasından müasir
dövrə qədər kəşməkəşli yol keçmişdir. O demişdir: "Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində
ölkədə təkcə siyasi, iqtisadi və təhsil sahələrinin deyil, həm də
müxtəlif mədəniyyət və din nümayəndələrinə qarşı tolerantlıq
ruhunun möhkəmlənməsinin möhkəm təməli qoyulmuşdur".
Qeyd edək ki, G.Zaxaryayevin monoqrafiyasında sabitləşmədən
modernləşməyə keçid şəraitində Azərbaycanın multimədəni dünyasında
etnomədəni proseslərin əsas amil və meylləri tədqiq olunur. Milli
azlıqların azad inkişafına konstitusiya-hüquqi zəmanətlərin
verilməsinə xüsusi diqqət yetirilir. Milli və konfessional
azlıqların hüquqlarının təmin olunması müasir Azərbaycan üçün
münaqişələrin və gərginliyin, milli və dini radikalizmin
qabaqlanmasının, habelə dövlətdə siyasi sabitliyin saxlanılmasına
zəmanət verilməsinin effektiv vasitəsidir.
Nəfis illüstrasiya olunmuş kitab Azərbaycan Respublikasının
Konstitusiyası, milli və ya etnik, din və dil mənsubiyyətinə görə
azlıqların nümayəndələrinin hüquqları barədə BMT Bəyannaməsi kimi
beynəlxalq sənədlər, UNESCO-nun mədəni müxtəliflik barədə Ümumi
Bəyannaməsi və s. ilə tamamlanmışdır. "Azərbaycanın etnomədəni
müxtəlifliyi" MDB ölkələrinin postsovet inkişafının öyrənilməsində
mövcud olan boşluqları doldurur. Monoqrafiya Rusiya elmində bu
mövzuya dair ilk kompleks araşdırmadır.
|