Tabloid.az
Azərbaycanda Novruz bayramı qeyd olunur
Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur.
Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması
anlamına gəlir.
Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi
araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim
zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu
bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər.
Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd
edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz
adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz
bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib.
İslam xadimləri həmişə cəhd ediblər ki, bu bayrama dini çalarlar
gətirsinlər. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz
və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı
İslamdan çox-çox əvvəllər meydana gəlib. Novruz bayramına həsr
edilmiş əsərlərə misal olaraq, Nizamülmülkün "Siyasətnamə", Ömər
Xəyyamın "Novruznamə" əsərlərini qeyd etmək olar.
Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd
edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd
edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq,
çoxəsirlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu
bayramı qeyd edib.
Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta
Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə
qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz
adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Torpaq və Yel çərşənbəsi
(ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə
görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə
başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın,
dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar
cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.
Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim
adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənmə
simvolu), "Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanı
göstərmək olar.
Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycan
ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə
əlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi -
böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də
nəzərə almaq lazımdır ki, bir tonqalın üzərindən yeddi dəfə, yaxud
yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır.
Odun üzərindən tullananlar bu sözləri deməlidirlər:
"Ağırlığım-uğurluğum odlara". Tonqalı heç vaxt su ilə söndürmək
olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın
külünü toplayaraq evdən uzağa atırlar. Bu, o anlama gəlir ki, ailə
üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə
uzaqlaşdırılır.
Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə
əlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Yeni ildə bulaq və
çayın üzərindən tullanmaq o anlama gəlir ki, sən ötənilki
günahlarını yudun. Bundan əvvəl ötən ilin son gecəsi yatmazdan
qabaq insanlar bir-birilərini sulayırlar. Deyirlər ki, Novruzun son
çərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, hətta ağaclar
torpağa əyilir. Əgər kimsə həmin bayram gecəsi o sudan içsə,
növbəti ildə xəstələnməyəcək. Novruz bayramının ən ali məqamı köhnə
ilin ixtiyarı yeni ilə verməsi zamanıdır. Qədim adətlərə görə,
həmin vaxt Novruzun şərəfinə tüfənglərdən atəş açılır. Hələ XIX
əsrdə N.Dubrovin bu barədə yazıb: "Azərbaycanda yazın gəlişi
şəhərlərdə və kəndlərdə yaylım atəşlərinin açılması ilə
bildirilir". Azərbaycanda Novruz bayramının təntənəli qeyd
edilməsində iştirak edən Adam Oleari 1637-ci ildə yazıb:
"Astronomik vasitələrlə və günəş saatı ilə gecə-gündüz bərabərliyi
anını müəyyən edən astroloqlar elan etdi ki, Yeni il başlandı. Elə
həmin anda yaylım atəşlərinin səsi gəldi, şəhər qalalarından və
qala divarlarından musiqi səsi ucaldı. Bahar bayramı bu cür
başlandı".
Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s"
hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd,
səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam
qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun
da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq,
şəffaflıq rəmzidir.
Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır.
Deyilənə görə, əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə
görsənməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmır.
Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş
şam uğursuzluq əlamətidir.
Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı
keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə
görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız,
dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız
olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək
olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan
fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.
Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə
birləşdirən bayramdır.
Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Bahar
Azərbaycana martın 20-də saat 20:57-də daxil olacaq. Həmin gün
bayram axşamı kimi qeyd ediləcək.
Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-dən 27-dək ölkədə
qeyri-iş günüdür. /Trend/
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO