Tabloid.az
“Anama deyirdim məni atama döydür ki...” – İsmayıllıdan olan məşhurlar danışır - VİDEO
Yolumuz İsmayıllıyadır. Amma inanmıram Azərbaycanın bu gözəl bölgəsini tərif etməyə babat söz tapa bilim. Tapacam e, amma hər halda, vəsf o vəsf olmayacaq də. Belə də ki, nə desəm, necə söyləsəm, İsmayıllının qocaman palıdı Musa Yaqubdan, ya da sevgi şairi Baba Vəziroğludan gözəlmi deyəcəm? Əlbəttə yox. İsmayıllının nazlı təbiətini, naxışlı kəlağayısını, xonçalı xalçasını, qədim-qayın Baskalını, Lahıcını, Burovdalını, Talıstanını necə onlardan gözəl tərif edə bilərəm? Hələ Cavanşir, Qız Qalalarını demirəm. Öz aramızdır, elə bu qorabişirən avqust ayında Baba dağın havasından udub, Girdmançay, Göyçay, Axox çaylarının şırıltısını dinləyib tarıma çəkilən əsəbləri sakitləşdirməyin yeri var ha. Dünyanın nadir kəndi olan İvanovkaya baş çəkib, bostanında dolaşasan, təmiz qaymağından, balından yeyəsən. Üstündən də buz kimi soyuq bulaq suyundan içib, dağ adamlarının bal kimi şirin söhbətinə qonaq olasan.
Beləliklə Publika.az-ın “HARALISAN” layihəsində yolumuz bu dəfə İsmayıllıyadır, danışanlarsa bu elin məşhurlarıdır.
Elə bilməyin ki, İsmayıllı təkcə gözəl təbiəti ilə insanları özünə cəlb edir, bölgə həm də məşhurları ilə tanınır:
Manaf Süleymanlı, yazıçı-tənqidçi.
Əbülhəsən Ələkbərzadə, xalq yazıçısı.
Ağa Mehdiyev, xalq rəssamı.
Bahəddin Mirzəyev, sovet ittifaqı qəhrəmanı.
Nikolay Nikitin, sosialist əməyi qəhrəmanı, kolxoz sədri.
Şövkət Səlimova, iqtisad elmləri namizədi, qadın gəmi kapitanı, ikinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olub.
Əkrəm Cəfər, dilçi, ədəbiyyatşünas, pedaqoq.
Soltan Mehdiyev, akademik, əməkdar elm xadimi.
İsmayıllı indi də məşhurları ilə öyünür. Gəlin onları dinləyək, görək təmsil etdikləri bölgəni necə tərif edəcəklər?
“Evli deyildik, amma bir-birimizə söz vermişdik ki…”
Musa Yaqub, şair:
- İsmayıllı deyəndə uşaqlığım, cavanlığım gəlib durur gözümün qabağında. Rəhmətlik atam, anamla keçirdiyim günlər, acılı-şirinli xatirələr indi də kino lenti kimi xəyalımdan çəkilmir. İnsan qocaldıqca keçmişi ona daha da yaxın gəlir. Mən İsmayıllının təbiətindən ilham alıb şeirlər yazmışam. Təbiətin dilini Buynuz kəndində öyrəndim. Ağacların, quşların, yarpaqların, çayların, balıqların dilini gözəl bilirdim. Bilirdim ki, məsələn, zoğal ağacının budağında dayanmaq olar, amma söyüd, qovaq ağacının budağı üstündə dayanmaq olmaz, səni yıxar. Nə gizlədim, təbiəti insanlardan gözəl tanıyıram. Buna görə də ömür boyu təbiət məni bircə dəfə aldatmadı, amma insanlar aldatdı. Bu qabiliyyəti mənə verdiyinə görə İsmayıllıya borcluyam. Yay-qış mütləq bir neçə ay gəlib Buynuzda dincəlirəm. Mənə şeirlər yazdıran kəndimdə mən yenə də ilhamlanıb yazıram. O kənddə ilk sevgimin nakam acısını yaşamışam, anamın nəvaziş dolu sözlərini eşitmişəm. Nə deyim, İsmayıllı barədə ən gözəl duyğularımı şeirlərimə köçürmüşəm. O şeirlər sizə İsmayıllını daha yaxından tanıdar.
Bu gün o keçmiş üçün çox darıxıram. Dostlarım Novruz, Rəhim, Xalid, Çingiz, Ağahüseyn yadıma düşür. Hələ evli deyildik, amma bir-birimizə söz vermişdik ki, ailəmiz, uşağımız olanda da, ömrümüzün sonuna qədər dostluq edəcəyik. 70 illiyimi qeyd edəndə sinif yoldaşlarımın çoxunu çağırmışdım. İndi o dostlarımın hamısı dünyasını dəyişib.
20-25 yaşım üçün darıxıram. Arandan vurub dağdan çıxırdım. Keçən ömrün hər anı mənim üçün şirindir. Amma bu şirinin acısı da var. Yadımdadır ki, o vaxt aclıq illərində bizə dəlicə adlı buğda paylamışdılar. Bu buğdadan hazırlanan çörəyi yeyənlər məst olurdular. Deyirəm o dəlicə buğdadan hazırlanan çörəyi bu gün də yeyəydim və məst olub yataydım.
Allahın qonşuları…
Baba Vəziroğlu, şair, əməkdar incəsənət xadimi:
- İsmayıllı nəinki Azərbaycanın, dünyanın cənnət guşəsidir. Baba dağın ətəyində yerləşən İsmayıllıda hər cür iqlim var. Dağı, dərəsi, düzəni, hətta cənub tərəfdə səhrası da var. Baskal kəndi kəlağayısı ilə məşhurdur. Hələ misgərliyi demirəm. İsmayıllı müxtəlif millətlərin birgə yaşadığı İvanovkası ilə də məşhurdur. Bu etnik xalqlar bir-biri ilə can deyib, can eşidir. İsmayıllı tarixi abidələri Cavanşir, Qız qalaları ilə də tanınır. Son illər turizmin inkişaf etdiyi bölgələrdən birincisi də elə İsmayıllıdır. Camaatına gəlincə, bu bölgənin insanları olduqca saf və sadədirlər. Loru dillə desəm avamdılar. Onları aldatmaq çox asandır. Amma insana bağlananda cani-dildən bağlanırlar, dönəndə də birdəfəlik üz çevirirlər. Bir insanda naqislik görsələr, ondan həmişəlik üz döndərərlər. Qonaqpərvərlikdə onlara çatan olmaz, ürəklərini yağ edib, qonağa yedizdirərlər. Mənim bir yazımda da var: İsmayıllı camaatı Allahın qonşularıdır. Həm fiziki mənada, həm də mənəvi. Fiziki mənada ona görə ki, yüksəklikdə yaşayırlar. Mənəvi mənada, ona görə ki, safdırlar. 17 yaşıma qədər ismayıllıda yaşamışam, bütün xatirələrim burdan başlanır. Amma yadımda bir xatirə qalıb: 1954-cü ilin qarlı bir qış günündə dünyaya gəldim. Qalan bütün xatirələri unutmuşam.
“Bilirdi ki, onu bulaq başında gözləyən oğlan var”
Pünhan İsmayıllı:
- İsmayıllı gözəl kəndləri ilə məşhurdur. Lahıc kəndinin tarixi qədimlərə gedib çıxır. Lahıcın misgərləri, xalçaçıları adla deyilir. Bizdə qədim İstisu kəndi var, xalçaçılıq sənəti orada çox inkişaf edib. İvanovka kəndi bütün dünyada məşhurdur. Bu gün də həmin kənddə kolxoz təsərrüfatı saxlanılıb. Bir yerdə əkirlər, məhsul yığırlar, insanlar da çox mehriban yaşayır. İsmayıllıda müxtəlif etnik xalqların nümayəndələri yaşayır. Həmişə bir-birlərinə hörmət hissi bəsləyiblər. Ümumiyyətlə, dağ adamları həmişə saf olur, bizim yerin camaatı da sadəliyi ilə seçilib. Hə, az qala yadımdan çıxmışdı, Azərbaycanda nə qədər restoran, şadlıq sarayları varsa, hamısını İsmayıllının qara kömürü hesabına kabab bişirir. Bizdə Talıstan kəndi var, Səməd Vurğun vaxtilə o kənddə ov edib. Kənd onu o qədər valeh edib ki, qayıdandan sonra Talıstan poeması yazıb.
İsmayıllı mənim xatirələrimin beşiyidir. İlk sevgi, odlu baxışlar, bulaqüstü görüşlə-hamısı bircə-birgə gözümün önündədir. İkinci sinifdə oxuyanda sevdiyim qıza yazdığım məktubun sözlərini indi də unutmamışam. Amma bunu yazma, yaxşı deyil. Bizdə Diyallı kəndində Usta Cəmil adlı bir şair vardı, qocalmışdı, amma sevdiyi qıza hələ də şeirlər yazırdı. Bu şeirlərə görə az qala daş-qalaq olunmuşdu. İndi mən də qorxuram onun gününə düşəm. İnsan ölüncə sevgisini özü ilə qəbirə daşıyır. Bulaq başında görüşürdük. Evdə güyüm dolu olanda qız qalırdı belə ki, necə eləyim anamın gözünü oğurladıb, güyümü boşaldım bulağa qaçım. Bilirdi ki, onu bulaq başında gözləyən oğlan var. Bizim camaatda ağsaqqala hörmət hələ də qalıb. Biz onlara “qarapapaqlılar” deyişirik. Qarapapaqlı görünən yerdə hər kəs özünü yığışdırar, ağsaqqal kəlməsi ilə qan yatızdırılar. Bizdə qonşu kəndlər həmişə bir-birindən alver edər, qız verib, qız alar ki, kəndlər birləşsin, daha da mehribanlaşsın. İsmayıllıdan doymaq olmur, nə qədər danışsam, tərifləsəm azdır.
“Anama deyirdim ki, məni atama döydürsün”
Anar Vəzir:
- Məni lap aparıb Hindistana da atsalar, deyəcəm ki, mənim üçün ən gözəl yer İsmayıllıdır. Çünki doğulduğu yer hər bir insan üçün doğmadır, cənnətdir. İsmayıllı deyəndə gözümün qabağına orta məktəb illərim, oturduğumuz skamyalar, boynuma bağladığım pioner qalstuku, sinif yoldaşlarım gəlir. Hətta məktəbdə döyülməyimi də sevinclə xatırlayıram. Deyirəm kaş o illər olaydı, müəllimlərim məni yenə basıb döyəydi. Biz o vaxt məktəbdə döyülməyi özümüzə şərəf bilirdik. Döyülməyəndə özümüzü yaxşı hiss eləmirdik, deyirdik yəqin, normal şagird deyilik ki, döyülmürük. Atam müharibə görmüşdü, bizi başına yığıb Stalindən, Bağırovdan danışırdı. Anama deyirdim ki, məni atama döydür. Elə bilirdim onda tez böyüyəcəm. Anamla dava döyürdüm ki, mən haçan böyüyəcəm. Orta məktəbdə qız sevdiyim vaxtları xatırlayıram. Onda da indiki kimi deyildi e, uzaqbaşı qızla baxışırdıq, ya da 8 mart bayramında açıqca yazıb, nöqtələr qoyurduq. Bu da o demək idi ki, səni sevirəm. “Qılınc və qələm” romanını təkrar-təkrar oxuyurdum, amma doymurdum. Romanın qəhrəmanı Qətibə mənim ilk məhəbbətim olub. O kitabı yatanda sinəmin üstünə qoyurdum, elə bilirdim elə Qətibə də o kitabın içindədir.
Davakar uşaq idim, anam hirslənəndə deyirdi ki, sən qəbirə sağ getməyəcəksən. Başa düşmürdüm bu nə deməkdir, kəndimizdə kim ölürdüsə, qəbiristanlığa gedib baxırdım. Elə bilirdim anam deyən kimi, ölən adam qəbirə sağ gedir, amma mən günah işlədiyim üçün sağ getməyəcəm.
Bütün dağ adamları kimi İsmayıllı camaatı da saflığı ilə seçilir. Amma onları incitdinsə, asanlıqla bağışlamır. Kiməsə şillə vurdumsa, onun dadını çıxarmalıyam, yoxsa ki, çatan kimi üzr istəyək, bu bizim camaatda yoxdur. Kinli deməzdim, amma pisliyi asanlıqla unutmurlar. Mehriban olurlar, İsmayıllıda bilirsiniz ki, müxtəlif azsaylı xalqlar yaşayır. Onlar həmişə bir-birlərinə hörmətlə yanaşıblar. Bir də bizim tərəflərdə boşanan ailələr çox azdır. “El-oba nə deyər” qınağı var.
… İsmayıllıya yolum düşüb, amma qaçaraq. Jurnalist həmkarlarımla birgə infotura getmişik. Gəzmək-dolaşmaq fürsətim olmayıb, amma güllü-çiçəkli təbiətinə baxanda Musa Yaqubun şeirlərinə niyə aşiq olduğumun sirrindən agah olmuşam. İnsanlarına gəlincə, iş yoldaşım Ömərin timsalında İsmayıllı camaatına xüsusi rəğbətim olub. Ömər kollektivdə hamıdan sakitliyi ilə seçilib, dindirməsən dinməz. Hətta bir dəfə gül əkmək üçün özünə əziyyət verib, mənə İsmayıllıdan torpaq da gətirmişdi. Bir torba torpağa üç dibçək gül əkdim. Amma ismayıllılar sadədil, mehriban olduqları qədər də tərs və kinlidir. Nəinki asanlıqla bağışlayarlar, ümumiyyətlə, bağışlamaqla araları yoxdur. Yanlarında xətrin nə qədər əziz olursa olsun, münasibəti birdəfəlik bitirməyi bacarırlar. Necə deyərlər bitdisə bitdi. Özləri bilər, amma məncə, bu heç də yaxşı xüsusiyyət deyil. Allah bağışlayandırsa, ismayıllılar niyə bağışlamasınlar ki?
-
Sosial16:03
Ziya Hacılıya yüksək vəzifə verildi
-
Magazin115:16
Bu məşhurlar Elgizin qohumu imiş
-
Rəsmi xronika14:12
İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz13:33
Paşinyan telefondakı intim yazışmaları oxudu və... - İrəvanda siyasi böhran
-
Dünya13:21
Əks-hücum olacaq, Həma çölündə müdafiə xətti gücləndirilir: Xəritə dəyişəcək
-
İdman12:40
Messi ilə bağlı unikal faktlar: Pepi qəzəbləndirib, qorxuya belə qalib gəlib - FOTOLAR
-
Kriminal12:15
Azərbaycanda qadından bacılarına qarşı ŞOK İDDİA: "Biri ərimlə yatdı, digəri isə..."
-
Köşə11:20
Çoban Vəfanın “qoyun sürüsü”