Şəkidə keçirilən festival başa çatıb (FOTO)
Bizi izləyin

Tabloid.az

Şəkidə keçirilən festival başa çatıb (FOTO)

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalı uğurla başa çatıb.

İyulun 1-də başlanan və beş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, musiqisevərlər Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı və rəngarəng konsert proqramlarını izləyiblər.

“Eurovision” mahnı müsabiqəsi qalibləri və iştirakçılarının qala-konserti festivalın yeniliyi olub. Festival çərçivəsində Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatına (TÜRKSOY) üzv ölkələrin rəssamlarının sərgisi açılıb, TÜRKSOY-un türkdilli ölkələrin milli geyimlərindən ibarət hazırladığı moda sərgi nümayiş etdirilib.

İyulun 5-də XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində festivalın təntənəli bağlanış mərasimi olub.
Mərasimdə Sankt-Peterburq “Ermitaj” dövlət simfonik orkestri Azərbaycan solistlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim edib.

Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, Əməkdar Artist Gülnaz İsmayılova və Fərid Əliyevin ifa etdikləri Avropa və rus bəstəkarlarının əsərləri, həmçinin Tofiq Quliyevin “Bakı haqqında mahnı” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və festivalın təşkilat komitəsinin üzvü, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin rəhbəri Dünyamin Xəlilov çıxış edərək bu mötəbər musiqi tədbirinin yüksək səviyyədə keçirilməsinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yubiley festivalının Şəkinin mədəni həyatında çox mühüm hadisə olduğunu bildirib, festivalın keçirilməsində zəhməti olan qurumların, diplomatik korpusun və musiqi kollektivlərinin təmsilçilərinə şəhər ictimaiyyəti adından minnətdarlıq edib.

Sonda orkestrin drijoruna, həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə və İctimai Birliyin rəhbərinə Şəki Şəhər İcra Hakimiyyəti adından xatirə hədiyyələri təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm