Rus aşiqlərdən ehtirasdolu şou-cəmi 30 AZN-ə
Bizi izləyin

Tabloid.az

Rus aşiqlərdən ehtirasdolu şou-cəmi 30 AZN-ə

Əfsanəvi rok-operası Bakıya gəlir

Bakı tamaşaçıları əfsanəvi “Yunona və Avos” rok-operasını görmək imkanı qazanacaqlar.

Belə ki, Aleksey Rıbnikovun teatrı “Yunona və Avos” rok-operası ilə Bakıya qastrol səfərinə gəlir. Publika.Az-ın məlumatına görə, tamaşa 31 may tarixində, saat 19.00-da Heydər Əliyev Sarayında nümayiş olunacaq.

“Yunona və Avos” rok-operası Rusiya Federasiyasının Xalq artisti, Dövlət Mükafatı laureatı, bəstəkar Aleksey Rıbnikovun rəhbərlik etdiyi teatrın müəllif versiyasıdır. Rusiya səhnəsində ən məşhur rok-opera olan “Yunona və Avos”un müəllifləri görkəmli rus bəstəkarı Aleksey Rıbnikov və şair Andrey Voznesenskidir.

Rok-operanın ilk premyerası 1981-ci ildə Lenin Komsomolu adına Moskva Teatrında (Lenkom Teatrı) olub. Artıq 30 ildir ki həmin tamaşa böyük uğurla nümayiş olunur. 30 il teatrın repertuarında qalmasına baxmayaraq, tamaşanın bütün nümayişləri anşlaqla keçir. 1983-cü ildə “Yunona və Avos”u Fransız Pyer Kardin “Eslas Karden” teatrında fransız tamaşaçılarına təqdim edib.

Daha sonra rok-operanın ABŞ, Almaniya, Hollandiya kimi ölkələrə qastrol səfərləri baş tutub. “Yunona və Avos” Polşada, Macarıstanda, Çexiyada, Almaniyada, Cənubi Koreyada tamaşaya qoyulub. 2009-cu ilin yayında Fransada keçirilən Pyer Kardinin festivalında Aleksey Rıbnikov “Yunona və Avos” rok-operasını yeni quruluşda təqdim edib. Aleksey Rıbnikovun müəllif versiyası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və misilsiz uğur qazanıb.

Bu rok-opera dünya musiqili teatr tarixində ən böyük nailiyyətlərdən hesab olunur. Rus dini musiqisi, xalq folkloru, kütləvi “şəhər musiqisinin” janrları, modern musiqi nümunələri ilə bəstəkarın ideya-estetik prioritetlərinin vəhdətindən yaranan rok-operanın yeni versiyasında əsas amil Aleksey Rıbnikovun musiqisidir.

“Yunona və Avos” rok-operasının quruluşçu rejissoru Rusiyanın ən yaxşı musiqili teatr rejissorlarından biri kimi tanınan, teatr, televiziya və konsert proqramlarındakı uğurlu işləri ilə məşhur olan Aleksandr Rıxlovdur. Rok-operanın vokal nömrələrini Rusiya Federasiyasının Əməkdar artisti, Rıbnikovun operalarında, həmçinin sovet kinosunun şlyagerlərində əsas partiyaların ifaçısı məşhur aktrisa Janna Rojdestvenskaya ifa edir. “Buratnio”, “Prodüserlər” kimi müzikllərin xoreoqrafı Janna Şmakovanın quruluşunda təqdim olunan mükəmməl rəqs nömrələri sənət əsərinin daha da maraqlı və baxımlı olmasına təminat verir.

“Yunona və Avos”un süjeti real, çox kədərli bir hadisənin - rus səyyahı, diplomatı Nikolay Rezanov və ispan kolonistinin, qubernatorun qızı Konçita Arquellonun sevgi hekayəsi üzərində qurulub. Sevgililərin arasındakı yaş fərqi (Rezanovun 42, Konçitanın 16 yaşı olur) və minlərlə kilometrlik məsafə onların xoşbəxt olmasına imkan vermir.

Tarixi fakta görə, Rusiya-Amerika kampaniyasının rəhbəri qraf Rezanov 1806-cı ildə iki yelkənli gəmi ilə - “Yunona” və “Avos” gəmiləri ilə ispan kaloniyaçıları arasında ticarət əlaqələri qurmaq üçün uzaq Kaliforniyaya səyahət edir. Rok-operanın adı da məhz gəmilərin adından götürülüb. Burada balda Rezanov San-Fransiskonun qubernatorunun qızı, ispan gözəli Konçitaya aşiq olur. Onların sevgisi Konçitanın nişanlısı Fernandonun qısqanclığına və qəzəbinə səbəb olur. Fernando Rezanovu duelə çağırır.

Qraf Kaliforniyanı tərk etməli olur. Konçita ilə Rezanov gizlicə evlənir, əhd-peyman bağlayırlar. Aleksey Rıbnikovun teatrının quruluşunda “Yunona və Avos” rok-operası artıq Rusiyada, Ukraynada, Qazaxıstanda, Fransada, İsraildə nümayiş olunub və böyük uğur qazanıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm