Cazmenlər İstanbula yığışdı
Bizi izləyin

Tabloid.az

Cazmenlər İstanbula yığışdı

Azərbaycanın caz bəstəkarı və pianoçu Salman Qəmbərovun rəhbərlik etdiyi məşhur musiqiçilərdən ibarət Azərbaycan-Türk ansamblı 21-ci İstanbul Caz Festivalında çıxış edib.

Publika.az-ın məlumatına görə, Festival Avropa Azərbaycan Cəmiyyətinin (AAC) maliyyə dəstəyi ilə İstanbul Mədəniyyət və İncəsənət Fondu tərəfindən təşkil olunub.

Salman Qəmbərov və türk mənşəli bolqar müğənni Yıldız İbrahimova türk cazının bir neçə məşhurları ilə birgə 750 nəfərlik auditoriya qarşısında konsert veriblər.

Boğaziçi Universitetinin cənub kampusunda keçirilən konsert türk ustadları ilə qonşu ölkələrin musiqiçilərini birləşdirərək özünəməxsus və orijinal musiqi bayramı yaradan “Ustadlarla görüşlər” silsiləsinin bir hissəsini təşkil edib.

Ansambla daxil olan Salman Qəmbərov “post-bop”, “fyujn” və digər janrlarda ifalar edən “Bakustik” caz qrupu ilə məşhurdur. Yıldız İbrahimova isə 4 oktavalıq səsi və inanılmaz improvizasiya qabiliyyəti ilə seçilir, türk, bolqar, rumın və rus xalq mahnılarının mahir ifaçılarından sayılır.

Ülker Şenova caz musiqisi ilə klassik musiqini nəfəsli musiqi alətlərində ifa edir və 1998-ci il “Passaporte Latino” orkestrində iştirakından bəri Kuba musiqisini təcrübədən keçirib. Gitaraçı Önder Fokan İstanbul “Nardis” Caz Klubunun sahibi və bədii rəhbəri, eyni zamanda da bəstəkar və aranjemançıdır. Ansamblın digər üzvləri ud ifaçısı, “Rubato” Cəmiyyəti və “Yeni Türkü” orkestrindəki çalışmaları ilə tanınan Fatih Ahıskalı və təbilçi Fərid Odman olub.

İstanbul Caz Festivalı çərçivəsində şəhərin müxtəlif yerlərində 13 məkanda 28 konsert təşkil edilib.

Festivalın əcnəbi qonaqları arasında əfsanəvi pianoçu və bəstəkar Cik Korea, aktyor, bluz pianoçu və müğənni Hyu Laura və fransız təbilçi Manu Kaşe də olub.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm