Milli Kino Günü ilə bağlı tədbir keçiriləcək
Bizi izləyin

Tabloid.az

Milli Kino Günü ilə bağlı tədbir keçiriləcək

Hər il avqustun 2-si Azərbaycanda kino işçilərinin peşə bayramı kimi qeyd olunur. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə cari il avqustun 1-də saat 18:00-da Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.

Bir çox mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə istehsal olunmuş "Nabat" bədii filminin təqdimatı olacaq.

Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev və Həsənağa Səfərov kimi aktyorlar rol alıblar.

Tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılacaq və Yenifilm.az gənclər üçün kino müsabiqəsinin qalibləri elan olunacaq.

Kino Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdiriləcək. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm