Nəzakət Teymurova: “Onu heç kimə dəyişmərəm”
Bizi izləyin

Tabloid.az

Nəzakət Teymurova: “Onu heç kimə dəyişmərəm”

Artıq yay fəsli arxada qalıb, yorğunluğunu canından çıxaran sənət adamları yaradıcılıq işlərinə start veriblər.

Xalq artisti Nəzakət Teymurova da yeni mövsümə yeni enerji ilə başlayıb. Publika.az-a bu barədə danışan operamızın cazibədar Leylisi sənət cameəsində onu incidən məqamlardan, oynamaq istəmədiyi rollardan, eyni zamanda gözünün ağı-qarası olan bircə qızından da danışdı.

- Nəzakət xanım, yayı necə dincəldiniz?

- Demək olar ki, Azərbaycanda dincəldim. Artıq yeni mövsüm başlanır və qarşıda məni xeyli yeni işlər gözləyir. Sentyabrın sonlarında Üzeyir Hacıbəyli adına musiqi festivalı keçiriləcək, mən də orada iştirak edəcəyəm. Operada tamaşalarımın məşqlərinə başlamışıq. Ayın sonunda isə Türkiyədə konsert proqramında çıxış edəcəyəm.

- Solo-konsert necə, nəzərdə tutulub?

- Mən arzulanan bütün konsert salonlarında konsertlər vermişəm - Heydər Əliyev sarayında, Muğam mərkəzində, Filarmoniyada… Bilirsiniz ki, mənim konsertlərim fərqli olur, orkestrlə sintez musiqilər ifa edirəm. İstədim növbəti konsertim də tam fərqli olsun, buna görə hələ yeni ideyalar barədə düşünürəm. Görək necə olacaq. Hələ ki, yeni mahnılar yazdırıb repertuarımı genişləndirirəm.

- Hər zaman opera səhnəsində əsas partiyaları ifa etmisiniz. Mənə çox maraqlıdır, Leylini oynayan Nəzakət xanım heç özünü, məsələn, “Arşın mal alan”da Telli kimi görmək istəyirmi?

- Yox, istəməzdim. Hətta mənə dəfələrlə Telli rolu təklif olunub, amma imtina etmişəm.

- Niyə?

- Elə rollar var ki, o rolda çıxış etməyi qəbul etmirəm. Demirəm e, bəyənmirəm, Allah eləməsin, sadəcə, özümü Telli kimi görə bilmirəm. Gərək rolu içində yaşaya biləsən ki, onu ürəklə oynayasan. Mən bu rolu yaşaya bilmirəm. Çox olub belə hallar. Məsələn, “Əsli və Kərəm”də Əsli rolunu oynaya bilmirəm. İstəmirəm, səhnədə erməni qızının obrazını yaradım. Hətta bu rol mənə tapşırıldı, amma oynamadım. Özümü bu rolda görmürəm. Eləcə də Ərəbzəngini. İçimdən gəlmir Ərəbzəngi olmaq.

- Bəs belə olan halda, rejissorla aranızda narazılıq yaranmır?

- Əlbəttə, yaranır. Amma mən elə bir xarakterdə insanam ki, özümə rəva bilməsəm, başıma güllə çaxsalar da, o işi görmərəm. Neyləyim ki, özümü zorlaya bilmərəm. Beynimə bir şey yeriməsə, onu kimsə mənə təlqin edə bilməz.

- Təsadüfən Qoç bürcündən deyilsiniz ki?

- Yox, Xərçəng bürcündənəm. Romantikəm, hər şeyi sevgi ilə etməyi xoşlayıram. Sevməsəm, bir işi görə bilmərəm.

- Yəqin ki, “Leyli və Məcnun”da müxtəlif sənət adamları ilə tərəf müqabili olmusunuz. İndiyə qədər ən çox sevdiyiniz və özünüzü onunla səhnədə rahat hiss etdiyiniz Məcnun kim olub? Elə bir Məcnun ki, onu heç bir sənət adamına dəyişmək istəməzdiniz...

- Əlbəttə ki, Mənsum İbrahimov. Uzun illər bundan öncə, “Leyli və Məcnun”da Mənsum İbrahimovla tərəf müqabili oldum. Ondan sonra Səbuhi İbayevlə oynadım. Düzdür, Səbuhinin gözəl səsi var, amma Mənsum İbrahimov deyil. Ola bilər e, kiminsə gözəl səsi, ifa mədəniyyəti olsun, amma məsuliyyət də önəmlidir. Mənsumla səhnədə çox rahatam. Buna görə də Məcnunumu heç kimə dəyişmək istəmirəm.

- Tez ruhdan düşənsiniz?

- Bəlkə də, düşərəm. Amma sənətimə olan sevgi həmişə məni xilas edib. Heç vaxt sənətdə fasilə verməmişəm.

- Sizi nə incidir, nə mane olur ki?

- Bəzən insanların laqeydliyi... təşkilati məsələlər... Bayaq konsertdən danışdıq, məsələn, konsert vermək üçün təşkilati işlər sənətçini çox yorur. Bir də görürsən, xaricdən hansısa bir müğənni gəlir konsert verməyə. Aeroportda onu təmtəraqla qarşılayıb, ən gözəl yeməkləri qabağına düzürlər. Konsertində də anşlaq olur, bilet də od qiymətinə. Heç səsləri də yoxdur e, gəlib fonoqram oxuyub gedirlər. Bizimkilər belədir də. Amma öz müğənnilərimizə qarşı laqeyddirlər. O biletə verdikləri pulu bizim müğənnilərin konsertinə verib gəlməzlər axı...

- Qızınız da böyüyür, maşallah. İstərdinizmi müğənni olsun?

- Qızımın 15 yaşı var, dərslərini də yaxşı oxuyur. Nə özü müğənni olmaq istəyir, nə də mən razıyam. Heç vaxt qızıma icazə vermərəm ki, müğənni olsun.

- Niyə?

- Çətin sənətdir. Özüm bu sənətdə o qədər keşməkeşlərdən keçmişəm ki. Qızım da gəlib eyni əziyyətə düşsün, buna razı olmaram.

- Bəs qızınızın müğənni ailəsinə düşməsini istəyərsiniz?

- Qismətə bağlıdır.

- Bir dəfə Nadir Qafarzadəyə “oğlunuzu sənətçilərdən kimin qızıyla evləndirmək istərdiniz” deyə soruşmuşduq, o, belə cavab vermişdi: “Nəzakət Teymrova kimi xanım-xatın bir müğənninin qızını oğluma alardım”…

- Hə, sizin saytda o xəbəri oxumuşdum. Saytlar da sizdən götürüb qoymuşdular, amma altından elə şərhlər yazmışdılar ki, əsəbiləşdim. Bu insanlar niyə belə paxıl və aqressivdir görəsən?!.

- Gələcəkdə elçi gəlsə, qızınızı Nadirin oğluna verərsiniz?

- Qismət.

- Ümumiyyətlə, onu bir müğənni kimi bəyənirsiniz?

- Nadir çox yaxşı oğlandır. Öz üzərində işləyən, tələb olunan sənətçidir. Toy şənliklərində onunla çox olmuşam. Özüm də onun mahnılarını bəyənirəm.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm