Səhnəyə hamilə çıxan aktrisamız
Bizi izləyin

Tabloid.az

Səhnəyə hamilə çıxan aktrisamız

Hamiləliyinin doqquzuncu ayında belə milyonlarla tamaşaçı qarşısına çıxan və rəqs edən dünya ulduzları artıq heç kimi təəccübləndirmir. Qonşu Türkiyədə aktrisa və müğənnilərin hamiləliyini kameralar qarşısında – tamaşaçıların gözü önündə yaşaması təbii haldır. Hamiləliyindən reklam vasitəsi kimi istifadə edənlər, fotosessiyalar keçirib, açıqlamalar verib pul qazananlar da az deyil.

Azərbaycanda yalnız müğənnilər bu məsələdə bir qədər cəsarətli davrana bilir. Görünür, sənət adamları ya kompleks yaşayır, ya da qınaqlardan qorxurlar.

Bəs siz səkkiz aylıq hamilə olarkən teatr səhnəsinə çıxan və bunu tamaşaçılara hiss etdirməyən aktrisamız ­­haqda eşitmisiniz? Özü də XX əsrin ortalarında, yəni 1946-cı ildə...

Ölü doğulan üç uşaq

Barat Şəkinskayanın anası Ağca xanım Şuşanın say-seçmə adamlarından biri olan Həbib xan Şəkinskiyə ərə gedib. O, gəlin köçəndə evdə dalbadal üç ölü uşaq doğub. Ağca xanım növbəti dəfə hamilə qalanda qayınanası Ziba bəyim oğluna deyib ki, arvadını götür apar atası evinə. Qoy ölü uşağını öz evində doğsun”.

Ağca xanımın anası, ağıllı və tədbirli Gövhər xanım Ziba bəyimin məkrindən qorxduğu üçün uşaq doğulanda Şuşanın ən məşhur mamasını çağırıb. Şahidlik üçün mamanın yanında Qarabağ xanlığının iki möhtərəm xanımı da gəlib. Mamanın və qohumların məsləhəti ilə uşağın doğulduğunu Ziba bəyimdən gizlədiblər. Deyiblər ki, üç həftə gözləyək, əgər körpə yaşasa, nənəsinə xəbər verərik.

Günlər boyunca adsız qalan uşaq doğulandan 21 gün sonra ağlayıb. Hamı təəccüb edib ki, doğulan kimi ağlamayan körpə necə sağ qalıb. Körpə ağlayandan sonra Ziba bəyimə xəbər verilib və uşağın təvəllüdü həmin gündən – 1915-ci il 28 iyun tarixindən hesablanıb.

Ancaq Ziba bəyim “Ağca heç vaxt diri uşaq doğa bilməz” deyib, nə uşağı, nə də anasını qəbul etməyib. Bundan sonra oğlu Həbib xan da anasından üz döndərib, işləmək üçün Rusiyaya gedib. Orada hərbi zabit kimi yüksəlib.

Gövhər xanım isə uşağın sağ qalmasına nəzir deyib, qurbanlar kəsib. Ana nənəsi məclisdə, toyda-düyündə oturub-durub deyirmiş ki, Həbibin balası qurban olduğum Həzrəti Abbasın mənə baratıdı. Allah ürəyimi nisgilli qoymadı.

Həbib xan da qızı Şəkinskayaya Barat (hədiyyə, ərməğan) adını verib. 1915-1920-ci illər arasında Həbib xanla Ağca xanımın Süleyman adlı bir oğlu və Səriyyə adlı bir qızı dünyaya gəlib.

Artist Barat

Həbib xan uşaqlarını sonuncu dəfə 1920-ci ildə görüb. Şura hökuməti gələndən sonra evindən qaçaq düşüb. Sonralar İranda və Türkiyədə yaşayan Həbib xan bir neçə dəfə ailəsini öz yanına aparmaq üçün adam göndərib, amma mümkün olmayıb.

Atasını sonuncu dəfə beş yaşında görən Barat Şəkinskaya illər sonra Türkiyə səfəri zamanı atasının burda yaşadığını, anasına sadiq qalaraq heç vaxt evlənmədiyini, 1955-ci ildə vəfat etdiyini öyrənib.

Qaçış planlarının birində Həbib xan deyir ki, guya, o ölüb, başsız qalmış ailəsi də Ağca xanımın Ağdamın Göytəpə kəndində yaşayan bacısı Kübra xanımın yanına getməlidir. Orada Həbib xanın adamları ailəni Arazdan İrana keçirəcəkmiş. Ağca xanım evdəki qiymətli əşyaları, xalçaları satıb qızıl-gümüş alır və yollanır Göytəpə kəndinə. Kəndə çatanda dəhşətli xəbər eşidirlər – məşhur bəyzadə Mirzəcamalov qardaşlarını bolşeviklər güllələyib. Təzədən at arabası ilə Həbib xanın adamlarının gözlədikləri yerə gediblər. Bu dəfə də başqa bir bədbəxt hadisə ilə qarşılaşıblar. Yolda quldurlar onların qarşısını kəsib talan ediblər.

Sonralar Barat xanım məşhur aktrisa olanda Ağca xanım belə deyirmiş: “Quldurlar bizi yağmalayıb getdilər. Bircə ona sevinirdim ki, balalarıma dəymədilər. Bir də baxdım ki, Baratın paltarlarının yaxası cırılıb. Qorxdum, tez soruşdum ki, sənə nə olub? Dedi yaxamı özüm cırdım, dedim, qoy quldurlar elə bilsinlər biz kasıbıq, üst-başımızı axtarmasınlar. Həə, dalağım sancmışdı ki, qızım artist olacaq”.

Anasının arzusu ürəyində qaldı

Bu hadisədən sonra Ağca xanım Gəncədə yaşayan bacısı Rəxşəndə xanımın yanına gedib və ailə burada məskunlaşıb. Gənc ana uşaqlarını saxlamaq üçün hər cür əziyyətə qatlaşıb. Barama qurdları üçün çəkil yarpağı yığıb, toxuculuq emlatxanalarında sap yumaqlayıb, dərzilik edib, “İslah evində” çalışıb. Bacardıqca anasına kömək edən Barat xanım elə o vaxtdan iynə-sapla gözəl libaslar tikməyi öyrənib.

Gəncədə məktəbə gedən Barat iti zehni olduğuna görə, beşsinifli məktəbi dörd ilə qurtarıb. Sənədlərini Pedaqoji Texnikuma vermək istəsə də, yaşı çatmayıb. Evdə anasını o qədər bezdirib ki, axırı yazıq qadın hansısa yolla qızının yaşını bir il artıraraq ona yeni doğum şəhadətnaməsi alıb. Buna görə də hər yerdə aktrisanın doğum tarixi 28 iyun 1914-cü il kimi göstərilir. Beləliklə, Barat Şəkinskaya Pedaqoji Texnikumun tələbəsi olub.

Texnikumdakı dram dərnəyinə üzv yazılan Barat tamaşalarda iştirak etməyə başlayıb. Aktyorluğa, sənətə olan sevgisi artıb və o, Gəncə İşçi Klubunda həvəskar aktyorluq edib. Qızını həkim görmək istəyən Ağca xanımın bütün cəhdləri boşa çıxıb. Barat dediyindən dönməyib və dərnəyə getməkdə davam edib. Bu sənəti sevməyən və Baratın seçiminə qarşı çıxan Ağca xanım ilk dəfə qızına 1933-cü ildə “Azdrama”dakı “Vaqif” tamaşasında baxıb.

Erkən evlilik və xəyanət

1930-cu ildə Barat Şəkinskaya texnikumu bitirib, Sərkar kəndinə müəllim təyin olunub. Səhnə arzusundan vaz keçməyən Barat mütəmadi olaraq müxtəlif klublarda çıxış edib, ən çox sevilən həvəskar aktrisalardan birinə çevrilib.

Gəncənin ən yaraşıqlı gənclərindən olan Mir İbrahim Həmzəyev Barat Şəkinskayanın “dəli-divanəsi” olub. İbrahim bəy Gəncə şəhər Həmkarlar İttifaqının “Fəhlə klubu”nda direktor işləyəndə Barat xanımı aktrisa ştatına işə götürüb. 1931-ci il klubun məzuniyyət vaxtı İbrahim Həmzəyev Baratı qaçırıb.

1932-ci il mayın 3-də Barat xanımın qızı dünyaya gəlib. Cəfər Cabbarlının “Od gəlini” faciəsinin qəhrəmanı Solmazın şərəfinə valideynləri ona bu adı veriblər.

Solmazın heç bir yaşı tamam olmamış ailə xəyanət ucbatından dağılıb. Həyat yoldaşını Bakıdan gələn aktrisaların biriylə skamyada qucaqlaşan görən Barat xanım xəyanəti bağışlamayıb. Mir İbrahim Həmzəyev nə qədər çalışsa da, yalvar-yaxar etsə də, onu geri qaytara bilməyib. Barat Şəkinskaya 18 yaşını tamamlamamış özündən yeddi yaş böyük Mir İbrahim Həmzəyevdən boşanıb. Onunla üzləşməmək üçün Gəncə teatrından çıxıb və Solmazı anasına tapşırıb, tibb təhsili almaq məqsədilə Bakıya gəlib.

İkinci cəhd

Anasının arzusunu reallaşdırmaq üçün Bakıya gələn Barat tam orta təhsil almadığı üçün universitetin tibb fakültəsinə qəbul ola bilməyib. Günlərin bir günü yolda vaxtilə bir dərnəkdə çalışdığı Ədil İsgəndərovla rastlaşıb. Moskvadakı təhsilini başa vurub vətənə qayıdan və “Azdrama”da rejissor işləyən Ədil İsgəndərov Baratı ilk tamaşası “Polad qartal”da uşaq roluna sınayıb. 1936-cı ildə Barat xanım “Azdrama”ya işə götürülüb.

Eyni ilin sentyabrında aktrisa teatrda rejissor işləyən Şəmsi Bədəlbəyli ilə ailə qurub. Bir il sonra cütlüyün bu izdivacdan Rövşanə adlı qızları dünyaya gəlib. İndi Rövşanə Amerikada yaşayır.

Altı il sonra Barat xanım və Şəmsi Bədəlbəyli ayrılmaq qərarına gəlib. Bu ayrılığın səbəbi isə hələ də məlum deyil.

Yaraşıqlı və “dəli” Mehdi Məmmədov

1943-cü ilin martında Şəmsi bəydən ayrılan aktrisa Gəncəyə qayıdıb. Gəncə teatrında hərarətlə qarşılanan aktrisa yenicə rejissor təyin olunan Mehdi Məmmədovla bir-birindən gözəl tamaşalar hazırlayıb.

“Nizami” tamaşasının gərgin məşqləri Mehdi və Baratı bir-birinə yaxınlaşdırıb. Yaradıcılıq ünsiyyəti tədricən dostluq və sevgiyə çevrilib. 1944-cü ildə cütlük ailə həyatı qurub.

Mehdi Məmmədov üçün elçiliyi Səməd Vurğun, Mehdi Hüseyn və teatrın baş rəssamı Bəhram Əfəndiyev edib. Barat xanımın anası qızınını budəfəki seçimi ilə də razılaşmayıb. Yazıq arvad ölənə qədər “bilmirəm, sən o dəlidə nə görmüşdün” deyib, qızını qınayıb.

Mehdi Məmmədov Moskvaya ali məktəbə qəbul olandan sonra rus dilini öyrənmək üçün gecə-gündüz çalışıb və nəticədə psixikası pozulub. Bakıda yaşadığı uğursuz məhəbbət macərasından sonra sarsılan rejissor ruhi xəstəxanada müalicə alıb. Buna görə də Mehdi Məmmədovdan xoşu gəlməyənlər küncdə-bucaqda onu “dəli” adlandırıblar. Rejissor Gəncəyə gəlməmişdən əvvəl də bu söz-söhbətlər Ağca xanımın qulağına çatıb.

Ana-bala bir neçə il küsülü qalıb, nəvələri Elçinin bir yaşında barışıblar.

Yenə xəyanət…

Barat xanım və Mehdi Məmmədov Mircəfər Bağırovun göstərişi ilə Bakıya gəlib. Hökumət onlara birotaqlı ev verib. 1946-cı ildə isə oğulları Elçin dünyaya gəlib.

7 ildən sonra Barat Şəkinskaya Mehdi Məmmədovla da ayrılmaq qərarına gəlib. Bu dəfə də boşanmaya səbəb xəyanət olub.

Kislovodskdan istirahətdən qayıdan aktrisa qonşusundan Mehdi Məmmədovun evə qadın gətirdiyini öyrənib. 1951-ci ildə cütlük boşanıb. Barat xanım evi rejissora qoyub və Gəncəyə qayıdıb.

Teatra və həyata vida

Teatr səhnəsində və kinolarda bir-birindən maraqlı obrazlar yaradan Barat xanım Azərbaycanın ilk travisti aktrisası olub. Oğlan rollarının mahir ifaçısı kimi yadda qalıb. Gəncə teatrındakı Kostya, Bakıda oynadığı Napoleon obrazları ilə teatr tariximizə yazılıb. 37 yaşında Məhəmmədhüseyn Təhmasibin “Çiçəklənən arzular” pyesində 7-ci sinif şagirdi Nazlı rolunu ifa edib.

“Azərbaycan səhnəsinin Cülyettası” Barat Şəkinskayanın təqaüdə çıxmasının səbəbi isə kökəlməsi olub. O, tamaşaçıları qarşısında gözəl və zərif görünməyi sevib.

Ciddi bir xəstəliyi olmayan aktrisa 1999-cu il yanvarın 14-də – 84 yaşında vəfat edib.

Səkkiz aylıq hamilə səhnədə

İlham Rəhimli “Mədəniyyət” kanalında yayımlanan “Teatr” verilişində maraqlı bir fakt açıqlayıb. Azərbaycan teatr tarixində hamilə-hamilə səhnəyə çıxan iki aktrisa var. Bunlardan biri Barat Şəkinskaya, digəri isə Amaliya Pənahovadır.

Xalq artisti Amaliya Pənahova “Pəri cadu” və “Otello” tamaşalarını oynamaq üçün səhnəyə çıxanda hamilə olub.

Barat Şəkinskaya 1937-ci ilin yanvarında Aleksandr Tuqanovun “Romeo və Cülyetta”, aprel ayında isə Ədil İsgəndərovun “Həyat” tamaşasında əsas rolları canlandırıb. Aktrisa qızı Rövşanəni 1937-ci il iyunun 29-da dünyaya gətirib.

Mehdi Məmmədov Şekspirin “On ikinci gecə” komediyasını hazırlamaq qərarına gəlib. Tamaşanın premyerası 1946-ci il aprelin 20-də baş tutub. Barat xanım bu tamaşada baş rolu – Violanı canlandırıb. Aktrisa rejissorun ən mürəkkəb mizanlarını belə, məharətlə, yüksək səhnə texnikası ilə icra edib. Maraqlı burasıdır ki, aktrisanın boylu olduğunu heç bir tamaşaçı hiss etməyib. Halbuki premyeradan bir ay doqquz gün sonra Barat xanımın oğlu Elçin anadan olub.

On beş gün sonra “On ikinci gecə” tamaşası yenidən oynananda Barat Şəkinskaya Viola rolunu dublyorsuz ifa edib…

kult.az
Oxumağa davam et
Reklam
Reklam

Gündəm